04.08.2025 16:56
Tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzalandı
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi keçirmədən 2 şirkətlə 7 satınalma müqaviləsi imzalayıb.
XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, müqavilələrin 6-sı “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN – 1405307691), 1-i isə “Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC (VÖEN – 1403196411) ilə bağlanıb.
Qeyd edək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı ilə bağlanan satınalma müqavilələrin ümumi dəyəri 5,5 milyon manata yaxın olub:
- Tuğ kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti – 40 min 651 manat;
- Hadrut kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti – 41 min 524 manat 20 qəpik;
- Tuğ yaşayış məntəqəsinin işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 304 min 166 manat 8 qəpik;
- Hadrut yaşayış məntəqəsinin işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 662 min 043 manat 87 qəpik;
- Füzuli şəhərində inzibati binanın işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 361 min 953 manat 12 qəpik;
- Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 43 min 624 manat 78 qəpik.
“Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC ilə bağlanan müqavilənin dəyəri isə 319 min 488 manat 54 qəpik olub.
Məlumat üçün bildirək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı 2020-ci ildə yaradılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində yerləşən şirkətin qanuni təmsilçisi Ahmet Hakan Turan adlı şəxsdir.
“Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC isə 2015-ci ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 24 göstərilib. Şirkətə Quliyeva Afaq Şükür qızı rəhbərlik edir.
Xəbər 128 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|