Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi
Futbolda mərc əməliyyatı: saxlanılanlar var


07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad





A+  A-

Nərimanabad qəsəbəsi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Qəsəbə Lənkəran şəhərindən 16 km şimalda, Sara (Sarı) yarımadasında yerləşir. Şimal-şərqdən Balıqçılar qəsəbəsi ilə həmsərhəddir. Şərq, qərb və cənubdan Xəzər dənizi ilə əhatə olunmuşdur.

Qeyd edək ki, Sara (Sarı) adasının sahəsi 100 kv.km, uzunluğu 33 km, eni isə 2-6 km-dir. 1956-cı ildə Port-iliç (indiki Liman; həmin vaxt qəsəbə olub) şəhərindən adaya 6 km uzunluğunda torpaq yol çəkildiyindən o, yarımadaya çevrilmişdir. Sara (Sarı) yarımadasında Nərimanabad (Üzümçülük və Orta Kasa yaşayış massivləri daxil olmaqla) və Balıqçılar qəsəbələri yerləşir.

Yerli sakinlər tərəfindən qeyri-rəsmi olaraq Nərimanabad qəsəbəsi “Nərimanabad-1” və ya “Pervıy” (rus dilində Birinci), Balıqçılar qəsəbəsi isə “Nərimanabad-2”, “Vtoroy” (rus dilində İkinci) və ya “Nərimanabad kənd” adlandırılır.

Adanın (yarımadanın) torpağı, qumu sarı rəngə çaldığından Sarı adlandırılmışdır. Qəsəbənin ərazisi 998 hektar, əhalisi 5035 nəfərdir (01.01.2024).

Sara (Sarı) adasının tarixi qədim olsa da, qəsəbə yaşayış məntəqəsi kimi XX əsrin əvvəllərində formalaşmağa başlamışdır.

Qəsəbədə 1933-cü ildə 1980 nəfər (kişi 1024, qadın 956), 1989-cu ildə 4165 nəfər, 1999-cu ildə 4360 nəfər, 2009-cu ildə 4613 nəfər, 2019-cu ildə 5148 nəfər qeydə alınmışdır.

Nərimanabad qəsəbəsi Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 6-cı, əhalinin sayına görə isə 8-ci yerdə durur.

Nərimanabad simvolik (memorial) toponimdir. Yaşayış məntəqəsi 1956-cı ilə qədər Sara adası adlanmışdır. Sara adası 19 fevral 1957-ci ildə sovet partiya və dövlət xadimi, görkəmli yazıçı və həkim Nəriman Nərimanovun (1870-1925) şərəfinə Nərimanabad adlandırılmışdır.

Nərimanabad 20 fevral 1935-ci ildən şəhər tipli qəsəbədir.

Əhalinin əsas məşğuliyyəti balıqçılıq, üzümçülük və heyvandarlıqdır.

Qəsəbə adada yerləşdiyindən məşğuliyyət növü kimi əhali balıqçılığa-balıq ovuna daha çox üstünlük verir. Sovet dönəmində 1970-ci illərin sonuna qədər Sara adasında “Sarı” və Vatutin adına balıq kolxozları fəaliyyət göstərmiş və eyni zamanda Nərimanabad qəsəbəsində Balıq kombinatı yaradılmışdır.

“Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sarı adasındakı şəxsi və kooperativ vətəgələr mərkəzləşdirilərək 1927-ci ildə Sarı balıq zavodunda birləşdirildi. 1933-cü ildə müəssisə daha da genişləndirilərək Sarı balıq kombinatı yaradıldı. Kombinat 1957-ci ildən Nəriman Nərimanovun adını daşıyır. Nərimanabad balıq kombinatı respublikamızın iri balıq kombinatlarından biri sayılırdı. Kombinatda 20-25-ə yaxın balıqovlama və yükdaşıma gəmiləri vardı. Hər gəmidə 8 ixtisaslı mütəxəssis işləyirdi. Kombinatda 1980-ci ildə 7200 ton, 1987-ci ildə 11 min ton balıq məhsulları istehsal edilmişdir” (İman Mikayılov, Hacı Etibar Əhədov. Günəş səhərlər çıxır. B., 2021, səh. 77-78).

1959-cu ildə Nərimanabad qəsəbəsi ərazisində üzümçülük təsərrüfatı yaradılmış, burada üzüm plantasiyaları salınmışdır. Təsərrüfat “Lənkəran” üzümçülük sovxozu adlandırılmışdır. Üzümçülük yaşayış məntəqəsi (massivi) də öz adını məhz buradan götürmüşdür.

Qeyd edək ki, Lənkəran rayonunda “Lənkəran” adında çayçılıq sovxozu da olmuş və sovxoz Haftoni qəsəbəsi, Ləj, Talışlı və Xanlıqlı kəndlərini əhatə etmişdir.

Lənkəran” üzümçülük sovxozu rayonun iri üzümçülük təsərrüfatı olmuşdur. Lənkəran üzümçüləri 1971-ci ildə dövlətə 1800 ton əvəzinə 3268 ton məhsul təhvil vermiş və bu məhsulun 60 faizi “Lənkəran” üzümçülük sovxozunun payına düşmüşdür.

Qəsəbənin Üzümçülük massivində Üzüm emalı zavodu inşa edilmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra üzüm emalı zavodu özəlləşdirilmişdir.

1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq yerli sakinlərə paylanılmışdır.

Qəsəbə ərazisində “Aqro-Azərinvest” və “Sara adası” MMC-lərin əkin sahələri vardır. Bu sahələrdə kivi və nar bağları salınmışdır.

Nərimanabad qəsəbəsində balıq kombinatı, üzüm emalı zavodu, 2 tam orta məktəb, 2 mədəniyyət evi, kitabxana, uşaq bağçası, veteranlar evi, xəstəxana, 3 məscid, istirahət parkı, məişət evi, ticarət-iaşə və digər obyektlər, Böyük Vətən müharibəsində həlak olanların xatirə abidəsi, Şəhidlər abidə kompleksi vardır.

Bir neçə il öncəyə qədər qəsəbədə poçt şöbəsi və ATS də fəaliyyət göstərmişdir.

Nərimanabad qəsəbəsində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir.

Qəsəbədə əvvəl Sara adası kənd şurası fəaliyyət göstərmişdir. 1946-cı ildə Sara adası (1957-ci ildən Nərimanabad ) qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmışdır. Nərimanabad qəsəbə XDS İK 1992-2002-ci illərdə qəsəbə inzibati ərazi vahidi adlanmış, 2002-ci ildən isə inzibati ərazi dairəsi adlanır.

2000-ci ilin yanvar ayında qəsəbədə bələdiyyə yaradılmışdır. 2025-ci ildə Balıqçılar qəsəbə bələdiyyəsi ləğv edilərək Nərimanabad bələdiyyəsinə birləşdirilmişdir.

Nərimanabad qəsəbə inzibati ərazi dairəsi Nərimanabad qəsəbəsini, bələdiyyə isə Nərimanabad və Balıqçılar qəsəbələrini əhatə edir.

Nərimanabad qəsəbəsinin tanınmışlarına misal olaraq kimya elmləri doktoru, professor Aydın Həsənov, tarix elmləri doktoru, professor Rəcəb Əliyev (Rəcəb müəllim bu sətirlərin müəllifinin ADPU-da müəllimi olub), texnika elmləri doktoru, polkovnik Maarif Qurbanov, milli təhlükəsizlik və hərbi nəzəri elmlər üzrə fəlsəfə doktoru, polkovnik Siyavuş Babayev, Azərbaycan Neft Maşınqayırma Sənayesi nazirinin müavini olmuş Yusif Dadaşov, Azərbaycan Balıq Sənayesi Birliyinin Baş direktoru vəzifəsində çalışmış Tofiq Talıbov, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru, “Tərəqqi” medallı İmanverdi Həsənov, Rusiya Federasiyası Həştərxan Şəhər Qaz Sənayesi Birliyinin Baş direktoru olmuş Namik Nəsirov, müxtəlif rəhbər vəzifələrdə işləmiş Hüseyn Ələkbərov, Lənkəran cihazqayırma zavodunun direktoru olmuş Rəhim Babayev, müxtəlif məsul vəzifələrdə çalışmış, Lənkəran Rayon XDS İK sədrinin birinci müavini (1990-1991) olmuş Qabil Məmmədov, Lənkəran Rayon Maarif Şöbəsinin müdiri (1985-1990) işləmiş, Əməkdar müəllim İman Mikayılov, tanınmış pedaqoq-fizik, Krupskaya mükafatı laureatı, SSRİ maarif əlaçısı, “Şərəf Nişanı” ordenli Baldadaş Bəşirov, tanınmış pedaqoq, müxtəlif məktəblərdə direktor işləmiş, Yeni Azərbaycan Partiyasının Lənkəran Rayon Təşkilatının sədr müavini Əlövsət Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional Filialının direktoru Uğur Qurbanzadə, Nərimanabad qəsəbəsinin abadlaşmasında böyük payı olan, N.Nərimanov adına Balıq Kombinatının direktoru (1980-1992; 1995-1998) və “OrienTA” kiçik müəssisəsinin rəhbəri olmuş Vladimir Hacıxanov, polkovnik İslam Abdullayev, boks üzrə Azərbaycan və Moldova çempionu, SSRİ idman ustası, Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi işçisi İlqar Təbibzadə, kinq-boks üzrə Azərbaycan çempionu, əlbəyaxa döyüş üzrə Dünya çempionu Anar Hüseynov, cüdo üzrə Avropa çempionu, İlk Avropa Oyunlarının (2015, Bakı) finalçısı, İslam Həmrəylik Oyunlarının (2017, Bakı) qalibi Orxan Səfərov, boks üzrə beşqat Belorus çempionu, Avropa kubokunun sahibi (1993), SSRİ idman ustası, Beynəlxalq dərəcəli idman ustası Zahid Mehdiyev və digərlərini göstərmək olar.

“ Ən mavi dənizdə” filmi SSRİ xalq artisti Nikolay Kryuçkovun iştirakı ilə 1935-ci ildə Sarı adası qəsəbəsində çəkilmişdir.

“70 yaşlı məktəb” (Əlirza Əliyev, Güloğlan Bağırov, Lənkəran-1999) və “Günəş səhərlər çıxır” (İman Mikayılov, Hacı Etibar Əhədov. Bakı-2021) kitabları Nərimanabad qəsəbəsindən bəhs edir.

Qeyd edək ki, Quba rayonunda da Nərimanabad adında yaşayış məntəqəsi (kənd) vardır.

İldırım ŞÜKÜRZADƏ

Tədqiqtçı-tarixçi


Xəbər 90 dəfə oxunub.



07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +