Azərbaycan məmur sisteminin ən uzunömürlü simalarından biri də Əziz Əzizovdur. O, artıq 19 ildir icra hakimiyyətlərinin koridorlarında rahatca gəzişir. Bəzən Cəlilabadın kənd yollarında, bəzən Yasamalın hündür binaları arasında, bəzən Suraxanıda - Hövsanın dəniz havasını içinə çəkir, indi isə Beyləqanın tozlu düzənliklərində var-gəl edir. Amma hər dəfə harada peyda olursa, orada “tikinti və abadlıq”dan çox “söküntü və pay bölgüsü” barədə danışılır. Yəni “daşı daş üstə qoyan” başçı yox, “daşın altına əl qoyan” məmur imici formalaşdırıb. 
            
Əziz Əzizovun icra başçısı kimi karyerası Cəlilabaddan başlayıb. O illərdə rayonun demək olar ki, bütün kənd və qəsəbələrində sovet dövründən qalan tikililər bir-bir sökülərək rayona daşınırdı. Yerli camaat arasında gəzən zarafat belə idi: “Cəlilabadda daş da, torpaq da başçının əlindən keçir”. Əslində, “tikinti və quruculuq” adı altında rayon büdcəsinə ayrılan pulların necə xərcləndiyi heç vaxt şəffaf olmayıb. Bu işlərə sərf olunan xammal elə Cəlilabadın uçuq-sökük tikililərindən əldə olunub. 
 
Yasamalda “yüksəklik qorxusu”, Suraxanıda “ikinci bahar”
2018-ci ildə Əziz Əzizovun taleyi gözlənilmədən dəyişdi, o, paytaxtın mərkəzinə, Yasamal rayonuna gətirildi. Amma görünür, çoxmərtəbəli binalar və paytaxtın sıx urbanistik havası ona sərf etmədi. Onun dövründə Yasamalda “abadlıq” adı ilə bir sıra park və meydanların hasarlanması, qeyri-şəffaf tikinti icazələrinin verilməsi barədə mediada kifayət qədər yazılar çıxdı.
Əziz Əzizovun Yasamalda “müvəqqəti dayanacağı” çox çəkmədi. Cəmi bir ildən bir qədər çox sonra o, postunu tərk etdi. Hündürmərtəbəli şəhər həyatının dinamikası onun üslubuna yaramadı.
2019-cu ildən 2024-cü ilə qədər Əziz Əzizov Suraxanı rayonuna rəhbərlik edib. Bu mərhələ onun üçün sanki “ikinci nəfəs” oldu. Suraxanı, xüsusilə də Yeni Günəşli və Qaraçuxur kimi ərazilər fərdi ev tikintisinin, torpaq alqı-satqısının və “sənədləşmə” mərkəzinə çevrilmişdi. Bu mühit Əzizova tanış idi. Burada artıq kənd və qəsəbə ab-havası vardı, icazələr verilirdi, sahibkarlar da başçının razılığı olmadan mismar belə vurmurdu.
Maraqlıdır ki, onun rəhbərliyi dövründə Suraxanı rayonunun sosial göstəriciləri, infrastruktur, məşğulluq, mədəni xidmətlər heç də ciddi dəyişmədi. Amma rayonun müxtəlif yerlərində “yenilənmiş” həyətlərin, “bərpa olunmuş” küçələrin tender dəyərləri bir neçə dəfə artdı.
Beyləqana “sürgün” və ya bu başlanğıcın sonu da ola bilər
8 iyul 2024-cü ildə Əziz Əzizovun növbəti təyinatı Beyləqan Rayon İcra Hakimiyyətinə çıxdı. Başçı kimi son illərini  mərkəzdə keçirən bir məmurun birdən-birə Bakıdan 250 kilometr uzağa göndərilməsi nadir hal deyil, amma hər dəfə belə “rotasiyalar”ın arxasında narazılıqlar, audit izləri və ya intriqa ehtimalları dayanırdı.
Beyləqan kimi aqrar rayonda Əzizovun əsas “silahı” yenə eyni oldu: abadlıq layihələri, fasad təmir işləri, “rayonun simasını dəyişmək” şüarları. Amma rayon sakinləri yaxşı bilirlər ki, belə “dəyişikliklər” adətən asfaltın altına basdırılan pullarla ölçülür.
Əziz Əzizovun hekayəsi bir məmurun şəxsi uğuru kimi qiymətləndirilə bilərmi? 19 il ərzində üç müxtəlif regionda, üç fərqli şəraitdə eyni üslub, eyni idarəetmə, eyni “tikinti sevgisi”. 
Beyləqanda indi “yeni başlanğıc”dan danışılır. Amma Cəlilabaddan Yasamala, oradan Suraxanıya qədər uzanan izlər göstərir ki, bu başlanğıcın sonu da eyni ola bilər: “Təmir, abadlıq, hesabat və nəticəsiz illər”.
Göründüyü kimi, Əziz Əzizovun 19 illik fəaliyyəti təkcə bir şəxsin karyerası deyil, daş üstə daş qoyulub, amma təməldə yenə köhnə qaydalar qalır.
N.Oruclu
                        
            Xəbər 582 dəfə oxunub.