Nikol Paşinyan SSRİ dağıldıqdan, MDB yarandıqdan sonra keçmiş SSRİ respublikalarının sərhədlərinin olduğu kimi qalması prinsipindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Praqada keçirilən Avropa Siyasi Birliyinin iclasında da bu prinsipə əsaslanan sənəd əldə etdi. Lakin həmin sənədə ikili yanaşması az keçməmiş ciddi problemlərə səbəb oldu.
1991-ci ildə, SSRİ dövründə Azərbaycanla Naxçıvan arasında gediş-gəliş maneəsiz idi. N.Paşinyan isə bunu psixoloji olaraq qəbul etmir və eyni düşüncə ilə “Tramp koridoru” məsələsində də manipulyasiya etməyə çalışır. O, Mehridə “Tramp koridoru”nun su kanalını kəsdiyini və bunun əhalidə narazılıq yaratdığını iddia edir. Halbuki Mehridə əsas strateji obyekt su kanalı yox, həlledici əhəmiyyətə malik dəmir yolu olub. Həmin dəmir yolu Azərbaycan SSR-in, indiki Azərbaycan Respublikasının mülkiyyəti idi və olaraq qalır.
Mehri dəmir yolu çar Rusiyası dövründə Azərbaycanın imkanları hesabına və Azərbaycanın iqtisadi maraqları üçün tikilmişdi. Tarix ərzində bu dəmir yolunun mülkiyyət sahibliyində bir neçə dəyişiklik baş versə də, bunların heç biri Ermənistanla bağlı olmayıb. Mehri dəmir yolu Azərbaycan SSR-in və ümumilikdə SSRİ Dəmir Yolları sisteminin tərkib hissəsi olub. Tarixi sənədlər təsdiq edir ki, Mehri dəmir yolu heç vaxt nə Ermənistan SSR-in, nə də çar Rusiyası dövründə Ermənistanın mülkiyyətində olmayıb və ola da bilməzdi.
N.Paşinyan özünü manipulyasiya qabiliyyətinə görə fəxr mövqeyində göstərir. Halbuki, bu “qabiliyyət”i bir qədər də səmimiyyətlə əvəzləsəydi, daha uğurlu nəticələr əldə edə bilərdi. O, Azərbaycanla münasibətlərdə səmimi davranaraq Mehri dəmir yolunun Azərbaycanın mülkiyyəti olduğunu etiraf etməli, Zəngəzur mahalının və SSRİ dövründə Ermənistana verilmiş ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu qəbul etməlidir. Bu, səmimi münasibətin təməli ola bilərdi. Belə halda Ermənistan Azərbaycanla hərtərəfli əməkdaşlığa gedə, regional inteqrasiyanın güclənməsinə və üç ölkəli Cənubi Qafqaz modelinin formalaşmasına töhfə verə bilərdi.
Lakin Paşinyan, əvvəlki danışıqlarda olduğu kimi, bu gün də Azərbaycanı aldadaraq siyasi dividendlər qazanmaq yolunu üstün tutur. Bu aldatma metodologiyasını indi Aİ və ABŞ münasibətlərində də tətbiq edir. Mehridə su kanalının “Tramp koridoru”nun tikintisinə maneçilik etməsi göstərdi ki, Paşinyan artıq Azərbaycanı aldatma təcrübəsini ABŞ-a qarşı da istifadə etməyə başlayıb.
ABŞ əgər regionda real mövcudluq istəyirsə, ilk növbədə Ermənistan–Azərbaycan münasibətlərinin tarixi əsaslarını öyrənməlidir. Rusiya regionun birbaşa qonşusudur, Türkiyə regionun üç dövləti ilə həmsərhəddir, İran isə iki dövlətlə qonşudur. Buna görə də Qərb bölgədə sabit və uzunmüddətli siyasət yürütmək istəyirsə, bu, yalnız savadlı və düşünülmüş yanaşmadan – yəni regionun dərin öyrənilməsindən – keçə bilər.
Üçüncü tərəf kimi ABŞ, Ermənistan ərazisindəki Azərbaycanın tarixi irsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməli, İrəvanın və ətraf ərazilərin Azərbaycan torpaqları olması faktına obyektiv yanaşmalıdır.
Ən vacib məsələ isə N.Paşinyanın həm Aİ-ni, həm də ABŞ-ı aldatmaq cəhdlərinə son qoyması, Azərbaycanla səmimi münasibət qurmasıdır. Ermənistanın ən güclü dövrü artıq keçmişdə qalıb. Ermənilər heç vaxt indiki qədər güclü olmayacaq. Azərbaycan isə bu gün regional geosiyasi reallıqları dəyişdirərək, faktiki olaraq yeni coğrafiya yaradır. Ermənistan bu reallığı qəbul etməli və gələcəyini buna uyğun qurmalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1037 dəfə oxunub.