Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


20.10.2025  16:53 

ŞKTC-də prezident seçkiləri: Yeni lider kimdir?





A+  A-

Oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçirildi. Səsvermənin qalibi Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman oldu. ŞKTC Ali Seçki Şurasının rəhbəri Bertan Özərdağın məlumatına görə, Erhürman səslərin 63,28 faizini, Ersin Tatar isə 35,27 faizini toplayıb.

Erhürmanın qalibiyyəti regionda maraqlı bir çox aktor üçün sürpriz oldu. Xüsusilə nəzərə almaq lazımdır ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri vardı. Tatar, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyin tanınması istiqamətində fəal işlər görmüşdü. Bu baxımdan yeni prezidentin kimliyi və hansı siyasi xətti izləyəcəyi haqlı suallar doğurur.

İlk növbədə qeyd etmək lazımdır ki, Tufan Erhürman intellektual, hüquqçu və daha çox diplomatik düşüncə tərzinə sahib bir liderdir. O, populist yanaşmalardan uzaq durur, sistemli və hüquqa əsaslanan mövqe tutur. Çıxışları və fəaliyyətləri göstərir ki, əsas məqsədi status-kvonu sarsıdan, lakin radikal olmayan dəyişikliklərə nail olmaqdır.

Onun başlıca hədəfi Kipr türklərinin beynəlxalq təcriddən çıxarılmasıdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Erhürman, ŞKTC-nin müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşam modelini dəstəkləyir.

Bu mövqe onu Ersin Tatardan fərqləndirən əsas nüansdır. Tatar açıq şəkildə “iki ayrı dövlət” modelini müdafiə edirdi. Onun fikrincə, federasiya artıq real deyil və adada faktiki olaraq iki xalq və iki dövlət mövcuddur. Tatar, bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını əsas hədəf sayırdı və siyasətində Türkiyə ilə tam sinxron şəkildə hərəkət edirdi.

Tufan Erhürman seçkilərdən dərhal sonra keçirilən mətbuat konfransında bildirdi: “Ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək. Kimsənin buna şübhəsi olmasın”.

Bu bəyanat Erhürmanın Türkiyə ilə əlaqələri davam etdirmək niyyətində olduğunu göstərir. Lakin o, Ersin Tatardan fərqli olaraq Türkiyəni siyasi xəttin diktəedici mərkəzi deyil, strateji tərəfdaş kimi görmək niyyətindədir. Bu yanaşma onu nə Ankara əleyhdarı, nə də tam Türkiyəyönlü etmir. O, Kipr türklərinin öz siyasi iradəsini sərbəst formalaşdırmasını önə çıxaran bir liderdir.

Bununla belə, Türkiyədə Erhürmanın seçilməsini bəyənməyənlər də var. Məsələn, Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçkilərlə bağlı çıxışında bildirdi ki, səsvermədə çox az sayda vətəndaş iştirak edib və nəticə Kipr türklərinin iradəsini əks etdirmir. O, ŞKTC parlamentinin təcili toplanaraq seçki nəticələrini rədd etməsi və Türkiyə ilə birləşmə qərarının qəbulu təklifini irəli sürdü.

Fikrimcə, bu açıqlama olduqca radikal və sərtdir. Əvvəla, seçkilərdə iştirak göstəricisi yüksək olub və Tufan Erhürman səslərin böyük əksəriyyətini qazanıb. Müşahidəçilərin rəyləri də prosesin şəffaf və demokratik şəraitdə keçdiyini təsdiqləyir. İkincisi, Dövlət Baxçalının təklif etdiyi kimi birləşmə addımı nə Türkiyə dövlətinin rəsmi mövqeyidir, nə də Kipr türklərinin əksəriyyətinin istəyidir. Əgər Türkiyənin belə bir niyyəti olsaydı, bunu çoxdan həyata keçirməyə çalışardı. Ankara anlayır ki, bu, beynəlxalq hüquqa zidd olar və açıq şəkildə “işğal” kimi qiymətləndirilə bilər.

Kipr türklərinin əhəmiyyətli bir qismi nə Türkiyəyə birləşmək, nə də müstəqil qalmaq istəyir. Onlar Kiprin siyasi birliyini qoruyan, federasiya əsasında qurulan və öz hüquqlarının təmin edildiyi birgə yaşama modelini dəstəkləyirlər. Bu baxımdan Erhürmanın seçilməsi əslində Kipr türklərinin gələcəyi necə təsəvvür etdiklərini açıq şəkildə göstərir.

Tufan Erhürman islahatçı, lakin realist siyasətçidir. Onun nə romantik millətçilik, nə də ayrılıq meyilləri var. Əsas hədəfi Kipr türklərinin sabit, hüquqi baxımdan qorunan və beynəlxalq aləmdə tanınan bir mövqeyə sahib olmasıdır.

Əslində adanın birləşməsi Türkiyənin buradakı mövqeyini itirməsi mənasına gəlmir. Kiprin 1960-cı ildə, müstəqil respublika kimi yaradıldığı ilk dövrlərdə Türkiyə ilə münasibətləri pis deyildi. 1963-cü ilin sonlarına qədər Türkiyə ilə formal olaraq müttəfiq və zəmanətçi çərçivəsində əlaqələr qurulmuşdu. Çünki konstitusiyaya görə, dövlət iki icmanın ortaqlığına əsaslanırdı. Lakin yunan tərəfi bu modeli qəbul etmədi və “Enosis” ideyasını, yəni Kiprin Yunanıstana birləşməsinə çalışdı. Xüsusi ilə 1963-cü ildə Prezident Makariosun konstitusiya dəyişiklikləri problemləri dahada böyütdü. Lakin həmin vaxtlarda belə Türkiyə Kiprə yalnız siyasi və mənəvi dəstək göstərdi. Hərbi müdaxilə isə 1974-cü ildə baş verdi.

Bütün bu tarixi təcrübələr göstərir ki, nə Türkiyə, nə də Kipr türkləri adanın bölünməsini arzulayıb. Problem əsasən Yunanıstanın və Kiprdəki radikal yunan millətçilərinin təşviq etdiyi “Enosis” ideyası ilə bağlı idi.

Bu gün isə vəziyyət dəyişib. Həm adadakı yunanlar, həm də türklər yeni reallıqları dərk edir. O baxımdan, Tufan Erhürman yeni dövrə uyğun demokratik və konstruktiv təkliflər verə, Kipr münaqişəsinin həlli istiqamətində ciddi addımlar ata bilər.

Turan Rzayev
Politoloq


Xəbər 481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +