Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.
Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:
- Dünya sürətlə dəyişir, qlobal arxitektura yenilənir. Dəyişikliklərin həm məzmun, həm də sürət baxımından ən dinamik getdiyi bölgə Yaxın Şərqdir. ABŞ bu regionda ərəb dövlətləri ilə həm ümumilikdə, həm də ikitərəfli əməkdaşlığı genişləndirir. Bir sıra ərəb dövlətləri ilə birbaşa hərbi yardım sazişlərinin imzalanması planlaşdırılır.
İsrailin fəaliyyətinə ABŞ tərəfindən qoyulan məhdudiyyətlər ən yüksək həddə çatıb. HƏMAS-la aparılan danışıqlar da bunu təsdiqləyir. Yaxın Şərqdə hegemonluq iddiasında olan bəzi dövlətlərin yüksəlişi ABŞ tərəfindən xoş qarşılanmır. Vaşinqton üçün əsas məsələ həmin ərəb dövlətlərinin imkanlarını İsraillə balanslaşdırmaqdır.
Türkiyənin də bölgədəki rolu dəyişməkdədir. İran üçünsə ABŞ yeni bir rol müəyyənləşdirib. Bu səbəbdən bu gün ABŞ–İran münasibətlərinə Yaxın Şərqdə Vaşinqtonun formalaşdırdığı yeni arxitektura çərçivəsində baxmaq lazımdır.
ABŞ-ın planına görə, İran İsraillə iqtisadi əməkdaşlıq etməli və “İbrahim müqaviləsi”nə qoşulmalıdır. ABŞ İranla əməkdaşlığa hazır olduğunu bildirir, lakin öncə İran–İsrail əməkdaşlığının baş tutması vacib sayılır. ABŞ-ın sabiq prezidenti Donald Tramp həm davranışları, həm də bəyanatları ilə bunu açıq şəkildə ifadə edib.
Regionda ABŞ-ın başladığı yeni proseslər bəzi dövlətlər üçün “səmt küləyi” rolunu oynayır. Məsələn, Pakistanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı müdafiə haqqında müqavilə imzalanıb. Səudiyyənin Pakistana real hərbi dəstək vermək imkanı olmasa da, bu sənəd simvolik əhəmiyyət daşıyır. Müqavilənin təşəbbüskarı Səudiyyə deyil, məhz Pakistandır. Görünür, Pakistan öz hərbi potensialı fonunda əlavə investisiya və iqtisadi imkanlar qazanmaq niyyətindədir.
Bu əməkdaşlıq İsrail təhlükəsi kontekstində Yaxın Şərqdə müəyyən sabitlik yarada bilər. Misir bu müqaviləni müsbət qarşılasa da, İran kəskin şəkildə əleyhinə çıxıb və kinayə ilə yanaşır. Çünki Pakistanın regionda güclənməsi nə İranın daxili maraqlarına, nə də xarakterinə uyğun gəlir.
İran faktiki olaraq anti-İslam siyasəti yürüdür, özü də ən sərt şəkildə şiələrə qarşı. İranın dünyada yaşayan şiə qruplarına münasibətini öyrənmək bu baxımdan çox vacibdir: fakt odur ki, heç bir şiə icması İrandan real dəstək görməyib. Ən yaxşı halda İran onları zəiflətmir – lakin bu da demək olar ki, mövcud deyil.
Türkiyə ilə İran arasında İsrail məsələsində maraqlar müəyyən mənada üst-üstə düşür. Müasir dövrdə Türkiyənin siyasətində İrana qarşı açıq əks-mövqe müşahidə edilməyib.
Xüsusilə son 30 ildə bu daha aydın görünür: Ərbakançılıq ya hakimiyyətdə olub, ya da ictimai ab-havanı müəyyən edib. Prezident Rəcəb Tayyib Ərdoğan da Ərbakan xəttindən çıxan siyasi məktəbin davamçısıdır və bu gün apardığı siyasət İslam həmrəyliyinin güclənməsinə yönəlib. Ərdoğan hər il Məhərrəmlik və Aşura mərasimlərində iştirak edir. Bununla belə, İranın anti-Türkiyə təbliğatı bir an da səngimir.
Azərbaycan da illər boyu İranın təkliflərinə reaksiya verib. Qərbin təzyiqlərinə baxmayaraq, Azərbaycan İrana “Şahdəniz-2” layihəsində 10 faizlik pay ayırdı. Bu layihədə ABŞ, Böyük Britaniya və, bildiyimizə görə, İsrail şirkətləri də iştirak edir. Belə şəraitdə, sanksiya dövründə İran Azərbaycanın vasitəsilə bəzi imkanlardan faydalana bilərdi.
İranın səfiri Məhəmməd Dəmirçilunun son açıqlamasında yeni iqtisadi elementlər yer alır: Azərbaycan–İran–Pakistan qaz və enerji svopu, eləcə də Azərbaycan–İran–İraq qaz və elektrik enerjisi mübadiləsi. Ehtimal olunur ki, İran qazını İraq və Pakistana Azərbaycanın adı ilə satmaq niyyətindədir. ABŞ sanksiyalarına bu iki dövlət əməl etdiyindən, İran onları Azərbaycan vasitəsilə dolanmağa çalışır.
Bu model müəyyən çətinliklərlə həyata keçirilə bilər, lakin mümkündür. Eyni mexanizmlə İran qaz, elektrik enerjisi və nadir elementlərini Azərbaycanın vasitəçiliyi ilə Qərb bazarlarına çıxara bilərdi, amma bunu etmir.
Azərbaycan isə həm özünü, həm də regionu qorumaq üçün ardıcıl və orijinal addımlar atır. Hamının dilində olan “Şuşa Bəyannaməsi” buna sübutdur. Artıq Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Sonsuz qardaşlıq” adlı çoxmillətli hərbi təlimlər keçirilir. İran bu proseslərə qoşula bilərdi, lakin qoşulmur.
Əksinə, Tehran son dövrlərdə yenidən iddia edir ki, İsrailin qırıcı və PUA-ları Azərbaycan ərazisindən İrana zərbələr endirib. Hətta Prezident İbrahim Rəisinin ölümündə də Azərbaycanın “izini” axtarırlar. Beləcə, İran geniş seçimlər içərisində yenə də Azərbaycanla qarşıdurmanı seçir.
Bu vəziyyətin əziyyətini isə əsasən bizim cənubdakı soydaşlarımız çəkir. Onlar doğma torpaqlarından köçürülərək İranın müxtəlif regionlarına, bir qismini də Tehranın ətrafına yerləşdiriblər. Ərazi islahatı aparılaraq tarixi Azərbaycan torpaqları dörd inzibati bölgəyə bölünüb. Bu, məqsədli addım idi.
İran İslam İnqilabının ideoloji mahiyyəti anti-Azərbaycançılığa əsaslanır. Bu proses həm ABŞ-SSRİ soyuq müharibəsinin tərkib hissəsi idi, həm də İranın öz daxili mexanizmlərindən qaynaqlanırdı. Hər iki versiya bir-biri ilə əlaqəlidir və geniş tədqiqat mövzusudur.
Bu gün İranın anti-Azərbaycan xəttini seçməsi, eyni zamanda, Bakıya əməkdaşlıq təklifləri verməsi fonunda baş verir. Biləsuvarda yaradılan Azad İqtisadi Zona və Prezident Məsud Pezeşkiyanın ora səfəri, eləcə də səfir Dəmirçilunun təklifləri bunun nümunəsidir. Bir tərəfdən həssas və vacib əməkdaşlıq təşəbbüsləri irəli sürülür, digər tərəfdən isə İran hər an Azərbaycana hücum etmək niyyətində olduğunu gizlətmir.
İran uzun müddət təhlükəsizliyini Rusiya ilə hərbi-siyasi əlaqələr sayəsində qorumağa çalışıb. Amma Donald Trampın təklifləri gündəmə gələndə – yəni İsraillə iqtisadi əməkdaşlıq, “İbrahim müqaviləsi”nə qoşulmaq və Qəzza danışıqlarında iştirak - Tehran dərhal anti-Rusiya mövqeyi tutdu.
Bunun informasiya təzahürü kimi, “Səhər-Azəri” kanalı bir neçə il əvvəl efirə getmiş “İgidlər Yurdu Qafqaz” verilişini yenidən yayımladı. Maraqlıdır ki, bu verilişin internetdəki linki uzun müddət İranda bloklanmışdı. Bu addım İranın ABŞ-a meyllənməsi və anti-Rusiya kursu seçməsinin göstəricisidir.
Azərbaycanı xarakterizə edən əsas keyfiyyətlərdən biri onun uzaqgörən və keyfiyyətli siyasətidir. Biz regionun və öz maraqlarımızın balanslı istifadəsini bacarırıq. Problem ondadır ki, İran nəyi necə etməli olduğunu bilmir və getdikcə həm ağlını, həm də savadını itirir.
Bir daha İran rəhbərliyinə Sərabdan çıxmış görkəmli azərbaycanlı yazıçı Mirzə İbrahimovun Mixail Qorbaçova dediyi sözləri xatırlatmaq yerinə düşər:
“Allah adamı bədbəxt etmək istəyəndə əvvəl ağlını alır.”
M.Qorbaçov SSRİ-ni dağıtmaqla tarixə düşdü. Görünür, bu gün İranı idarə edənlərin düşüncə tərzi də bu ölkəni eyni aqibətə aparır.