Kiyev vilayətinin Boyarka şəhərinin mərkəzində yerləşən Taras Şevçenko adına parkda 2023-cü ilin yazında Azərbaycan–Ukrayna parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə salınmış “Birlik xiyabanı” ziyarət olunub.
XəzərNews.az xəbər verir ki, tədbirdə Ukrayna Ali Radasının deputatı, Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko, Ukrayna Ali Radası sədrinin müşaviri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Qalibbəy Ağadadaşov, Boyarka şəhər şurasının katibi Aleksey Perfilov, Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva və diaspor fəalları iştirak ediblər.
Mərasimdə çıxış edən Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko Azərbaycanın Ukraynaya göstərdiyi dəstəkdən bəhs edərək Azərbaycan diasporunun Ukraynada çox fəal olduğunu, buradakı azərbaycanlıların isə Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizədə ukraynalılarla çiyin-çiyinə durduqlarını bildirib.
Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov iki ölkə arasındakı münasibətlərin qədim tarixə malik olduğunu bildirib. O vurğulayıb ki, Ukrayna da daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:
“Əlbəttə, eyni addımı bu gün də Azərbaycan atır. Prezident İlham Əliyevin Ukraynaya humanitar yardımların göndərilməsi ilə bağlı qərarı təkcə bu ölkəyə deyil, həm də Ukraynada yaşayan yüz minlərlə azərbaycanlıya diqqətin nümunəsidir. Biz Azərbaycanımızla fəxr edirik və diaspor olaraq şəhərlərin abadlaşdırılması, parkların salınması kimi layihələrdə iştirak etməklə töhfə verməyə davam edəcəyik”.
Hikmət Cavadov həmçinin qeyd edib ki, Azərbaycan və Ukrayna arasında hökumətlərarası əməkdaşlıqla yanaşı, parlamentlərarası əlaqələr də ən yüksək səviyyədə inkişaf edir:
“Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan və Ukrayna xalqları təkcə diplomatik müstəvidə deyil, həm də dərin dostluq, qarşılıqlı dəstək və ortaq dəyərlər əsasında bir-birinə bağlıdır. “Birlik xiyabanı” iki ölkə arasında qardaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, gələcək nəsillərə də dostluq və həmrəylik mesajı verəcək”.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə qeyd edib ki, Azərbaycan–Ukrayna münasibətləri hər keçən gün daha da inkişaf edir. O, vurğulayıb ki, Ukraynanın çətin günlərində Azərbaycan hökuməti həm maddi, həm də mənəvi dəstəyini göstərməkdə davam edir:
“Bu humanitar yardım Azərbaycan dövlətinin və Prezidentimizin Ukraynaya göstərdiyi qayğının bariz nümunəsidir”.
Boyarka şəhər şurasının katibi Aleksey Perfilov Azərbaycan dövlətinin, səfirliyinin və diasporunun göstərdiyi diqqəti yüksək qiymətləndirib:
“Bizim şəhərin ən gözəl parkında Azərbaycan-Ukrayna dostluğunu ehtiva edən bu təşəbbüs qürurvericidir”
Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva çıxışında bildirib ki, Azərbaycan onun üçün sadəcə dost ölkə deyil, ailəsinin və həyatının bir parçasına çevrilmiş doğma diyardır:
“Azərbaycan etibarlı dostdur – genişmiqyaslı işğalın ilk günlərindən etibarən Ukraynanı dəstəkləyib və göstərib ki, əsl qardaşlıq sözlərlə deyil, əməllərlə ölçülür”.
Tədbir çərçivəsində “Birlik xiyabanı”na yeni ağaclar əkilib, eləcə də Azərbaycan–Ukrayna dostluğunu və birliyini simvolizə edən memorial lövhə quraşdırılıb.
Mərasimdən sonra iştirakçılar Qələbə parkındakı “Şöhrət xiyabanı”nda Ukraynanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad ediblər.
Xəbər 1481 dəfə oxunub.