Oktyabrın ilk günü: Yağış yağacaq
Nazir qalmaqallı prorektoru işdən çıxardı
Rövşən Nəcəf baş məşqçi Ayxan Abbasovla görüşüb
Cabir İmanovla vida mərasimi keçirilir
Milli Məclis bəyanat qəbul edib
Ruslar Sumıda 4 sakini PUA ilə qətlə yetirib
Azərbaycan nefti ucuzlaşıb
İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb


30.09.2025  10:40 

Güzgüsü sınan cəmiyyət - Vahid Naxış





A+  A-

Xəstə cəmiyyətin ən çətin işi – özünə kənardan baxmaqdır. Biz daim güzgülər axtarırıq: biri bizi arıq göstərsin, biri qırışlarımızı azaltsın, biri saçımızı gur göstərsin. Amma heç kim elə güzgü istəmir ki, bütün eyiblərini çılpaq şəkildə göstərsin. Halbuki insan eyiblərini görməsə, onları dəyişmək və müalicə etmək belə ağlına gəlməz. Nəticədə isə cəmiyyət öz nəcisində batar.

Azərbaycanın bu sahədə bəxti gətirmişdi – onun daim və hər küncdən bizi izləyən güzgüsü var idi: zati-aliləri Cabir İmanov, güzgünü bizim qarşımıza qoyan böyük sənətkar.

O, sadəcə satirik bir ifaçı deyildi. O, böyük bir təcrübə idi. Cabirlə nəyisə müzakirə etmək həyəcanlı idi, çünki siz heç vaxt onun fikrini qabaqcadan tuta bilmirdiniz – o, həmişə daha çox bilirdi. Cabir intellektual olaraq bir çoxlarından daha zəngin idi: daha çox tarixə, daha çox biliyə, daha geniş söz ehtiyatına malik idi. Bu təsadüfi deyildi – çünki o, Azərbaycan musiqisinin nəhəngi, xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsi, iqtisad elmləri doktoru, AMEA-nın müxbir üzvü və İspaniya Kral Akademiyasının üzvü professor Qorxmaz İmanovun oğlu idi.

Məktəbdən sonra gənc Cabir atasının yolunu davam etdirmək arzusu ilə 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirdi. Ardınca hərbi xidmətini keçdi. Daha sonra iqtisadi maraqlarını hüquqla əvəz edərək 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu və 2003-cü ildə məzun oldu. Daxili İşlər Nazirliyində xidmət etdi, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəldi.

Amma polisdə polkovnik-leytenant olmasına baxmayaraq, satirada o artıq “general” idi. O, bizə gülüş verdi, amma özü içində böyük ağrı daşıyırdı. Bəlkə də ziyalı ailəsinin övladı olaraq, həm babasının, həm atasının parlaq yolunu davam etdirən bu istedadlı adamın daxilində başqa bir mübarizə də vardı. O, qanunu qandalla yox, zarafatla tətbiq etməyi seçdi. İnsanlara qanunu təbəssümlə çatdırmaq, əslində, bütün kitablarla silahlanmış bir intellektualın ən cəsarətli addımlarından biri idi.

Cabirin sənət yolu mənim gözlərimin qarşısında 1992-ci illərdə “Planet Parni iz Baku” KVN teatrında başladı. Tezliklə uğurlar gəldi: 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Yay Kubokunun sahibi, 2000-ci ildə “Əsrin Çempionu” oldu. 2001-ci ildə “Etimad telefonu” filmində debüt etdi və sonra “Məhəllə”, “Meşədi İbad”, “Ağanatiq” və digər filmlərdə iz qoydu. Onun obrazları xalqın gündəlik dilinə çevrildi.

29 Sentyabr 2025-ci ildə Cabir İmanovun qəfil ölümü bütün mədəniyyət aləmini sarsıtdı. Mənim üçün bu, dünyanın əsaslı şəkildə dəyişdiyi anlardan biri oldu. Bu, elə bil cəmiyyətin özünə baxmaq üçün istifadə etdiyi tək dürüst güzgünün çatlaması idi. Çünki Cabir sadəcə dost və satirik deyildi – o, bir macəra idi, həyatımızın vacib hissəsi idi.

O, həm cəmiyyətin eybəcər cizgilərini güzgü kimi göstərən, həm güldürən, həm düşündürən, həm də insanlara gülüş bəxş edib, içində ağır dərdləri daşıyan və ən çətin anlarda belə ümid verən işıq idi.

Cabirin ifaları həmişə incə, ağıllı və kəskin idi. Onun səhnəyə çıxışı xalq üçün bayram, cahillər və kreslo sahibləri üçün isə matəm idi. Və bəlkə də buna görədir ki, bu gün biz yalnız bir aktyoru deyil, öz dövrümüzün dürüst güzgüsündə böyük bir çat görürük.

Və bu çat yalnız bizə aiddir. Çünki Cabir səhnədə olanda biz gülərək düşünürdük. İndi isə qorxuram ki, bundan sonra düşünmədən gülmək dövrü başlasın. O, həyatımızın bir parçası idi – və bu parça bizdən qoparaq daha gözəl bir məkana təşrif buyurdu.

Amma güzgü tam sınmayıb. Onun qardaşı Tahir İmanov bu yolu davam etdirir. Deməli, hələ də şansımız var – özümüzə baxmaqdan qorxmamaq üçün. Güzgü sınıb, amma tam dağılıb getməyib.

Epiqraflar – Cabirin ruhundan gələn son sözlər kimi

“Azərbaycanlı cahil deyəndə yaddaşlara mənim rollarım gəlir. Amma mən sadəcə bir güzgü idim. Bunu heç bir zaman unutmayın!”

“Məmurların sevmədiyi aktyor olmaqdan qorxmadım. Çünki xalqın sevdiyi aktyor olmaq daha böyük rütbədir.”

“Qanunun qandalı var, amma yumor bu qandalların açarıdır.”

“Ən gözəl güzgü – səhnədir. Mən o güzgünü sınmasın deyə qoruyurdum. İndi isə siz qoruyun, Tahir başda olmaqla.”

“Anar, əzizim, indi tam şəkildə başa düşürəm ki, sən çox tez və nakam getdin…”

“Anam, Atam, Ailəm, Balalarım, Dostlarım – kədərlənməyin, bir təbəssümünüz bəsdir ki, yanınızda olum.”

Vahid Naxış

Xəbər 48 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +