16.08.2025 12:44
Ay Kəramət, heeeyyy...!
Bilənlər bilir, Allah şairi yaratmazdan əvvəl onun dözümünün həddini müəyyənləşdirir, sonra istedad payını ayırır. Odur ki, bütün insani keyfiyyətlər ölçüyə sığır, dözümdən və istedaddan savayı. Sonra verdiyini alan, aldığını qaytarmayan Qoca Dünya əvvəl “şairəm” deyən zatı qartımış dişinə vurar, bərkini, boşunu yoxlar. Çoxunu elə ilk sınaqda kənara qoyar. Bəziləri Qoca Dünyanın qılığına girməyi bacardığından işi yaxşı gedə bilər. İki gündən bir bəzəkli-düzəkli kitabları da çıxa bilər. Amma ki, o kitablar özündən, oğul-uşağından savayı heç kimin gərəyi olmaz...
Onda ki, şairin istedadı ipə-sapa yatmadı, dözümü “səhrada qum göyərdirsə”, “söz mənimdi, haqq mənəm” deyib durursa, onda bu Qoca Dünyada “it ağzından çıxmış” bir ömür yaşamağa məhkumdur şair. Elə bu gün haqq dünyasına yola saldığımız şair Kəramət kimi...
Əzəldən heç xoşlamadığım ay olan avqustun 13-dən 14-nə keçən gecə Ayıq müəllim şairin ölüm xəbərini verəndə bir anlıq duruxdum... Kəramətin ölümə belə tez təslim ola biləcəyinə inana bilmirdim... Amma xəbər doğru idi... Düşüb həyətdə var-gəl elədim. Birgə keçirdiyimiz günlər xəyalən səhifələndi. Görüşlər, Kəramətin ədəbi mübahisələri, kəskin çıxışları... bir-bir gözümün önündə canlandı... Qalxıb kitabını axtardım. Vaxtilə haqqında “Ədəbiyyat qəzeti”ndə yazdığım “Million+1” kitabını vərəqlədim. Kitabdakı şeirlərin hər birinin maraqlı tarixi vardı.
... Sənin söz yerin var, sözünü de, get,
Yiyəsiz sözlərin yiyəsi – vaxtdır.
Abırsız zamandı, abrını gey get,
Kim kimdir? Son sözü deyəsi vaxtdır.
Çoxları bilməsə də, mənə məlumdur ki, onun həyatında baş verən hadisələrin ağrı-acısı yaradıcılığına hopmuşdur. Bir duyğu adamı kimi bu olacaqlar ona əzab versə də, dəyişmədi. “Ömrünün işğal illərində” ən çətin anlarda öz şair və insani ləyaqətini saxladı. Hərçənd ki, onun məcburən yaşadığı о “adamxanada başqa cür davrananlar” çox idi. Onu fərqləndirən cəhət, cəsarəti idi. Adamlar ölümü ən böyük bəla bilib ondan qaçanda, Kəramət həyat bəlalarından dincəlmək üçün ona doğru şığıyırdı.
... Sırtıq üzlərdən bezib,
Ölümü bəhanə edib,
Dincəlməyə gedəcəm.
“Adam olmaq günah sayılan” bu məmləkətdə o, yenə də insanlara inamını itirmədi
... İnsana o qədər inanıram ki,
Gələrdim qəbirdən çağırsaydılar.
Cəsarətsiz şair axtalanmış ayğırdı - deyərdi Kəramət. Onun şair eqosu ictimai şüuru həzm edə bilmədi, çünki ictimai şüurda debillik var. Odur ki, “adam sürüsünə qarışa bilmədi”, “yerdəkilərlə yola gedə bilmədi”, onun üçün “dünya şeytan bazarıydı, şeytanlar başa çıxacaq” Odur ki, onu bu dünyadan yığmaq çətin idi. Odur ki, gedib asılmağa bir ağac da tapa bilmirdi. Odur ki... Təzə adam axtarırdı bu məmləkətdə:
Ya yerdən çıx,
Ya göydən en,
Təzə adam.
Bəli, bu ictimai durum, “Gülləyə layiq olanlara mükafat verir”. Zamanın şeirini isə gözdən-könüldən uzaq Kəramət yazırdı. Əslində bu, belə də olmalıydı...
Bu, onun şair taleyi idi. İstəsə də dəyişə bilməyəcəkdi. Odur ki, yazırdı
.. Yaş ötür, dünyayla barışammıram,
Sözün gücü çatmır, çünki
... Yaralı-yaralı himn oxuyur
Odur ki
... Bu üz gülməyi unudub,
O qədər ölüb-dirilib,
Daha ölməyi unudub.
Kəramət onu da yaxşı bilirdi ki, bu yaşam tərzi onun şair taleyidi. İstəsə də belədi, istəməsə də. Dözümlü, istedadlı şairin əzəli və əbədi missiyası elə qəm daşımaqdı.
Bunu da Kəramət deyirdi:
... Çıx üstümə, gör aləmi,
Hamını böyüdən qəm təpəsiyəm.
Şair qardaşım, bu gün sənin məzarın üstündəki qəm təpəsində dayanan kimdirsə yana-yana hey səni soraqlayır: Ay Kəramət, heeeyyy...
Zakir ABBAS,
Əməkdar jurnalist.
Xəbər 413 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|