Cümə günü, avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib.
XəzərNews.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mərasim iştirakçıları qarşısında çıxış edib.
İştirakçılar qarşısında çıxış edən Uraloğlu 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal aktorlar ilə əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırıb.
“Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk”, -deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğulayıb.
Uraloğlu Qərblə Şərq arasında təbii körpü olan Türkiyənin geostrateji mövqeyinə diqqət çəkərək ölkənin beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə imkan yaradan meqalayihələri sadalayıb. Onun sözlərinə görə, Türkiyə hökuməti son onilliklərdə respublikanın dəmir yolu şəbəkələrinin inkişafına xüsusi diqqət yetirir, dəmir yollarını ölkənin aparıcı limanları və sənaye zonaları ilə birləşdirməyə çalışır. “Son 23 ildə Türkiyənin nəqliyyat sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard dolları dəmir yollarına sərf olunub”, -deyə nazir bildirib.
O əlavə edib: “Bu gün biz təkcə dəmir yolunun tikintisinin başlanması mərasimində iştirak etmirik, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən körpünün təməlqoyma mərasiminin canlı şahidləriyik. Bu layihə Pekindən Londona qədər geniş ərazidə sosial-iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün stimul olacaq”.
Nazir vurğulayıb: “Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində atılan konkret addım və Avrasiyada sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir”.
Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan strateji layihənin 4-5 il ərzində başa çatdırılması planlaşdırılır.
Xəbər 309 dəfə oxunub.