10.07.2025 11:01
Qazanan sığortaçılar, sürünən sürücülər...
Hazırda avtomobillərin icbari sığortasının yenilənməsi mövsümüdür. Sığorta şirkətlərinin əməkdaşları avtomobil sahiblərinə zəng edərək, onlarla müqavilələri yeniləyirlər.
Heç kəs bu prosesdən kənarda qala bilməz, çünki icbari sığortası olmayan avtomobillər texniki baxışdan keçirilmir, beləliklə, avtomobil qanundankənar vəziyyətə düşür.
Ancaq sığorta bazarında “piştaxtası” olan şirkətlərin fəaliyyətindən ciddi narazılıq da var. Qəza törədən və ya qəzaya məruz qalan sürücülər bildirirlər ki, bir çox hallarda sığorta şirkəti zərərçəkənləri get-gələ salır, süründürür, ödəməni gecikdirir, dəyən zərəri az qiymətləndirir, yaxud da ödəniş etməmək üçün müxtəlif bəhanələr gətirirlər.
Mövzunu hüquqşünas Ərşad Hüseynovla müzakirə etdik.
XəzərNews.az xəbər verir ki, Ə.Hüseynov “Yeni Müsavat”a şərhində sığorta bazarının məhz avtomobil sığortası sahəsində ciddi problemlərin olduğunu təsdiqlədi:
“Həm kasko, həm də icbari sığorta ilə bağlı problemlər mövcuddur. Sənədlərdə süründürməçilik, yəni lazımsız vaxt itkisi məsələləri, zərərin qiymətləndirilməsi ilə bağlı da ciddi fikir ayrılıqları mövcuddur, sığorta təminatının keyfiyyətində də çox ciddi problemlər var. İki variant var: ya nəqliyyat vasitəsinə zərər dəyibsə, nəqliyyat vasitəsi sığortaçı tərəfindən təmir olunur, ya da xidmət haqqı ödənir, nəqliyyat vasitəsinin sahibi təmiri özü edir. Hər iki variantda problem var. Sığorta təminatı vasitəsilə "pulu ver, özüm təmir edərəm" deyəndə lazımi məbləğ ödənmir, “təmir edərəm” dedikdə isə proses lüzumsuz yerə davam edir, üstəlik, nəticə istənilən səviyyədə olmur".
Ekspert hesab edir ki, bütün bu problemlərin aradan qaldırılmasına ciddi ehtiyac var: “Sığortaçılara etimad ciddi şəkildə zədələnib. Sığortaçılar avtomobillərin sığortası ilə bağlı bazarda rentabellik olmadığını, zərərlə işlədiklərini bildirirlər. Əgər həqiqətən ciddi zərər varsa, müvafiq qurumlar-Azərbaycan Mərkəzi Bankı Sığorta Fəaliyyətinə Nəzarət Sistemi vasitəsilə, İcbari Sığorta Bürosu, sığorta şirkətləri ilə birgə araşdırma aparmalıdırlar. Səbəblər müəyyən edilməli, konkret iqtisadi, təşkilati, hüquqi addımlar atılmalıdır ki, vəziyyət sağlamlaşdırılsın. Gəlir azdır, yaxud yoxdur deyə xidmətin keyfiyyətini bərbad vəziyyətə salmaqla kompensasiya etmək doğru deyil. Belə olan halda gəlir bir qədər də azalacaq. Avtomobil sahibləri kasko sığortadan imtina edəcəklər, maraqlarını təmin etmək üçün başqa yollar axtarmağa başlayacaqlar. Çıxış yolu kimi hökumətə müəyyən təkliflər hazırlayıb təqdim etmək olar. Elektron kargüzarlıq xeyli dərəcədə inkişaf edib. Sənədləşdirmə zamanı ləngimələr, bürokratiya elementləri aradan qaldırılmalıdır. Sığortaolunanlara daha sürətlə xidmət göstərilməlidir. Qiymətləndirilmə obyektiv aparılmalıdır. Dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı yeni, hər kəs tərəfindən qəbul olunmuş meyarlar işlənib hazırlanmalıdır. Meyarlar elə olmalıdır ki, hazırda mülki dövriyyədə olan bütün parametrlərə uyğun gəlsin. Ən aşağı səviyyəli xidmət göstərən servislərin səviyyəsində qiymətlədirilmə aparıldıqda, qiymətləri ən aşağı keyfiyyətli detalların istifadəsi ilə nəzərə alanda əlbəttə ki, avtomobil sahibləri narazı qalacaqlar. Dünya təcrübəsini yaxşı araşdırsalar, hər məsələ barədə təfsilatlı məlumat almaq olar”. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 920 921 müqavilə bağlanıb. Həmin müqavilələrin 1 480 051-i standart sığorta müqaviləsi, 400 832-si sərhəd sığorta müqaviləsi, 40 038-i isə “Yaşıl kart” sığorta müqaviləsi olub.
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb. Mərkəzi Bankın mayın sonunda təqdim etdiyi hesabata əsasən, bu ilin yanvar-aprel ayları ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 77% olub.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə 53 milyon 721 min manat toplanıb, 41 milyon 632 min manat ödəniş edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 549 min manat və ya 7% çoxdur.
2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 50 milyon 171 min manat idi.
Bu dövrdə bu növ sığorta ödənişləri 41 milyon 632 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 209 min manat və ya 3% çoxdur.
Əvvəlki ilin eyni dövründə 40 milyon 423 min manat sığorta ödənişləri edilmişdi.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% aşağıdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 81% idi. Ümumilikdə bu sığorta növü üzrə 50 milyon 171 min manat sığorta haqqı toplanmış və 40 milyon 423 min manatı ödənişlərə yönəldilmişdi.
Yeri gəlmişkən, FED.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib ki, sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın qiymətləndirilməsi zamanı narazılıq yarandıqda vətəndaşlar İcbari Sığorta Bürosunun sisteminə daxil olaraq elektron xidmət vasitəsilə müstəqil ekspert seçimini edə biləcəklər.
Eyni qayda zərərin qiymətləndiriməsinin gecikməsində də tətbiq olunacaq. Belə ki, sığorta şirkəti 7 iş günü ərzində əmlaka dəymiş zərərin qiymətləndirilməsini təmin etmədikdə vətəndaşlar İSB-nin sistemindən elektron xidmət vasitəsilə müstəqil ekspert seçə biləcəklər.
Xəbər 363 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|