02.07.2025 18:38
Eynulla Fətullayev İlham Rəhimovu sərt tənqid etdi
"Kremlin Azərbaycana qarşı növbəti informasiya diversiyası! Diqqətli olaq. İndi də Putinin yaxın dostu, Kreml kooperativinin öncüllərindən biri və "Azərbaycanın İvanişvilisi" layihəsinin baş icraçısı İlham Rəhimov mövzusu informasiya məkanımıza atılıb".
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev çıxış edib.
O, qeyd edib ki, Kremlin daha bir tulasının xilaskar və alicənab surəti yaradılır:
"Guya məhz bu şəxsdən Rusiyada yaşayan azərbaycanlıların taleyi asılıdır. Heç şübhə etmirəm ki, bu Rusiya xüsusi xidmət orqanlarının laboratoriyalarında hazırlanmış siyasi texnolagiyadır. Və digər MDB ölkələrində, o cümlədən Ermənistanda və Gürcüstanda buna oxşar layihələr gerçəkləşdirilib.
Rusiyada azərbaycanlılara qarşı diskriminasiya siyasətinin başında kim dayanıb? Əlbəttə, Vladimir Putin! Bəs onun dostu və silahdaşı azərbaycanlıları necə xilas edə bilər? Bəs İlham Rəhimovun xilaskar obrazını Azərbaycan cəmiyyətinə sırıyan qüvvələr bunu anlayırmı?"
Xatırladaq ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi zorakılıqla saxlanılmışdı. Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı açıqlanmışdı.
"Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu", - deyə Şahin Şıxlinski "Yeni Müsvata" açıqlamasında bildirib.
E.Fətullayev isə Şahin Şıxlinskinin Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə azadlığa buraxıldığını iddia edir. Komitə isə bu iddianı nə təkzib, nə də təsdiq edir.
Xəbər 401 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|