04.12.2025 11:36
Aİ Paşinyanın “anti-Rusiya” mifinə niyə inanır? – TƏHLİL
Aİ böyük həvəslə Ermənistanla yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Bu proqram çərçivəsində Avropa geosiyasi və geoiqtisadi dividendlər xərcləməyə hazırdır və bunun qarşılığında Ermənistandan gözlənilən əsas məsələ onun Rusiyanın təsirindən çıxmasıdır. N.Paşinyan bunu vəd edir və avropalılar bu vədə inanmağa meyllidirlər.
Ancaq avropalıların Ukraynanı Rusiyanın təsirindən çıxarmaq cəhdləri uğursuz oldu və o proses hələ də davam edir. Qərb bu mövzuda iki yerə bölünüb, ABŞ və Aİ arasında belə ciddi fikir ayrılıqları görünür. Ukrayna Avropa ilə coğrafi bağlılığa malik olduğu halda, heç bir coğrafi əlaqəsi olmayan Ermənistanın Aİ-yə necə yaxınlaşacağı və gərginlik yaranacağı halda Avropanın onu Rusiyadan necə müdafiə edəcəyi sual altındadır. Bu mənzərədə Türkiyə faktoru mühüm rol oynaya bilər, lakin Aİ-nin Türkiyə ilə münasibətlərdə uzunmüddətli yanlış yanaşması bu rolu məhdudlaşdırır. Türkiyə yarım əsrdən çoxdur ki, Aİ qapısında gözləyir. Əgər Ermənistanın Rusiyadan uzaqlaşdırılmasında Türkiyənin rolu olacaqsa, bu yalnız mərhələli şəkildə mümkündür.
Tarixdə Avropanın Osmanlını İrəvanı ermənilərə paytaxt olaraq verməyə məcbur etdiyi dövrü yada salaq. İndi isə əksinə, Türkiyənin Ermənistan üzərində tədricən təsirini artırmaq ssenarisi mümkündür, amma bu istiqamətdə də real əlamətlər yoxdur. Aİ-nin Kipr məsələsində Türkiyəyə qarşı ədalətsizliklərinin aradan qaldırılması isə hələ də gündəmdə deyil.
Ermənistan yaxın tarixdə Aİ-ni bir neçə dəfə aldatmaq təcrübəsinə malikdir. Avropa ilə Assosiasiya razılaşması üzrə danışıqların son mərhələsində 2013-cü ilin sentyabrında Brüsseldən qayıdan S.Sərkisyanı V.Putin Moskvada iki gün saxladı və nəticədə Ermənistan Aİ ilə əməkdaşlıqdan imtina edərək Avrasiya İqtisadi Birliyinə üzvlük sənədini imzaladı. Həmin dövrdə avropalılar S.Sərkisyanı yalnız Cənubi Qafqazın deyil, ümumilikdə Qafqazın “açar fiquru” kimi görürdülər. Avropa rəsmiləri Yerevanda Şimali Qafqaza necə daxil ola biləcəklərini belə müzakirə edirdilər.
2014-cü ildə Aİ-nin Şərq Tərəfdaşlığı proqramının Praqa sammitində S.Sərkisyanın çıxışı isə açıq şəkildə anti-Azərbaycan məzmunu daşıyırdı. Sonradan məlum oldu ki, o, bəzi Avropa liderlərinə bu proqramdan müsəlman ölkələri - xüsusilə Azərbaycan və Türkiyəni kənarda görmək istədiyini bildirirmiş. Prezident İlham Əliyevin “Türkiyə yoxdur, mən buradayam” ifadəsi də həmin dövrün siyasi fonunu əks etdirirdi. Belə bir Ermənistanı yalnız müəyyən hədlər daxilində Türkiyə müdafiə edə bilər. Türkiyə və Rusiya isə Ermənistan üçün bir-biri ilə qarşıdurmaya getməyəcək. Türkiyədə bu məsələlər açıq səviyyədə təhlil olunur və regionun real nizamı yaxşı bilinir.
N.Paşinyan da qısa zaman ərzində Rusiyadan uzaqlaşacağı görüntüsü yaradaraq Aİ-də inam formalaşdırmağa çalışır. Avropa Paşinyanın üç dəfə Moskvanın xəttinə qayıtmasını görmək istəmir. Çünki Aİ özü ermənilərə, xüsusilə Paşinyana inanmaq istəyir. Prezident V.Putinlə Rusiya Erməniləri İttifaqının sədri A.Abramyan arasında məşhur dialoqu xatırlamaq lazımdır: Ermənilərin əsl təsir gücü Rusiyadadır, çünki Ermənistan vətəndaşlarının böyük hissəsi məhz orada yaşayır.
V.Putin S.Sərkisyanı ram etmək üçün Moskvadakı erməni diasporundan istifadə etmişdi. Minlərlə erməni seçki dövrlərində xüsusi olaraq Yerevana göndərilirdi və Sərkisyan heç vaxt Rusiyanın müəyyən etdiyi siyasi çərçivədən kənara çıxmırdı. Halbuki o dövrdə S.Sərkisyan Paşinyandan qat-qat sərt anti-Rusiya mövqeyi nümayiş etdirirdi, Çərkəz soyqırımını tanıtmaq istiqamətində siyasət aparırdı. Paşinyanın anti-Rusiya davranışı isə yalnız KTMT tədbirlərinə qatılmamaqla məhdudlaşır, buna rəğmən KTMT-nin bütün qərarlarını qəbul edir. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasına isə heç kim yaxınlaşa bilmir.
Aİ bir vaxtlar Cənubi Qafqazın tarixinin birgə araşdırılması təşəbbüsünü irəli sürdü, Azərbaycan və Gürcüstan razılaşdı, Ermənistan isə imtina etdi. Nəticədə Avropa bu proqramdan geri çəkildi. Aİ həmişə Ermənistanda baş verən proseslərə demokratik görüntü verməyə çalışıb; seçkilərdə bütün saxtakarlıqlara baxmayaraq, onları “demokratik” adlandırıb. Hətta insan ölümü ilə müşayiət olunan yerli seçim günündə Ştefan Füle S.Sərkisyana 60 milyon dollarlıq “demokratikləşmə yardımı” təqdim etmişdi.
Ermənistan tarix boyu kənardan dayaq tapmaqla iki qonşusuna qarşı mövqe sərgiləyib: əvvəl Rusiya, sonra SSRİ. Ermənistanın faktiki ərazisi heç vaxt 12 min kvadrat kilometrdən artıq olmayıb, amma həm Azərbaycan, həm Gürcüstan torpaqlarına iddia edib.
Erməni siyasi tarixində ən qatı anti-Azərbaycan mövqeyi N.Paşinyan nümayiş etdirib.
Heç bir Qarabağ klanı təmsilçisi bu qədər anti-Azərbaycan olmayıb. Paşinyanın mövqeyi o qədər radikaldır ki, o, hətta Türkiyəni Azərbaycana qarşı qaldıra biləcəyinə inanırdı. 1,5 milyon ermənini “öldürən” Türkiyə ilə barışmağa hazır olan Paşinyan, Azərbaycanla müharibədə 20–25 min erməninin ölümünə baxmayaraq, Bakı ilə kommunikasiya açmaqdan imtina edir. Rusiyanın təzyiqi ilə açmadı, A.Mişelin təklifi ilə açmadı.
D.Trampın variantına isə əvvəl razılıq versə də, sonradan onu rədd etməyə çalışdı. Bu, Paşinyanın siyasi üslubudur və yenə alınmır.
Bu proseslərin fonunda vacib bir detal var: Paşinyanın “anti-Rusiya” obrazı süni şəkildə şişirdilir və Aİ də bu obraza inanır. Halbuki artıq Rusiya Prezident Administrasiyasının rəhbəri A.Vayno ilə Rusiya Erməniləri İttifaqının sədri A.Abramyan arasında Ermənistanda hakimiyyət dəyişikliyinin müzakirə edildiyi məlumdur. Bu baş verərsə, Aİ üçün Cənubi Qafqazda böyük bir siyasi dezinteqrasiya məğlubiyyəti olacaq, həm də elə bir dezinteqrasiya ki, Qərb uzun müddət bu regiona qayıda bilməyəcək.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1059 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|