Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.12.2025  11:15 

İran: Qazaxıstanla yeni əlaqə və Ermənistanın ümidlənməsi





A+  A-

İran prezidenti M.Pezeşkianın Qazaxıstana səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar “yeni İran”ın təqdimatı kimi qəbul edilə bilər. İran, Qazaxıstanın paytaxtı Astananın Mərkəzi Asiya regionunda rolunun artmasını və Tehranın bu ölkə ilə əməkdaşlıq yollarına yenidən baxmasını Qazaxıstanın regional diplomatiyada açar mərkəzə çevrilməsi ilə əsaslandırdı. Ermənistan isə İran üçün yenidən kommunikasiya vasitəsi kimi görünməyə başladı.

Böyük ehtimalla, bunlar M.Pezeşkianın şəxsi fikirləri deyil. İran prezidentinin kimliyindən asılı olmayaraq, bu cür güclü əməkdaşlıq formulu ortaya qoya bilməsi mümkün deyil. Bu vaxta qədər İranda belə bir prezident olmayıb. Bu yanaşma ali rəhbərliklə razılaşdırılmış və ya birbaşa ali rəhbərdən gələn ideyadır.

Bunun iki mühüm səbəbi ola bilər. Səbəblərin izahında əsas parametr İranın gözündə bir neçə il əvvəlki Qazaxıstanla indiki Qazaxıstan arasındakı fərqdir.

Bir neçə il əvvəl Qazaxıstan:

1. Rusiya–Qazaxıstan–Türkmənistan–İran dəmir yolu layihəsini,

2. Avropadan Yaxın Şərqə gedən fiberoptik kabelin Rusiya-Qazaxıstan-Türkmənistan-İran marşrutu üzrə çəkilməsini,

3. Qazaxıstanın kənd təsərrüfatı məhsullarının İran ərazisi vasitəsilə Fars körfəzi ölkələrinə çatdırılmasını təklif etmişdi.

O zaman İran bu ideyaların heç birinə reaksiya vermədi. Yaxın dövrdə isə Mərkəzi Asiya regionunda ciddi dəyişikliklər baş verdi. İlk növbədə, Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin yaradılması və bu mərkəzin dünyada İslamın təbliğində mühüm rol qazanması diqqəti çəkdi. İran İslam dövləti olsa da, tarixən müsəlmanların əleyhinə mövqe sərgiləyib. Bu fonda Özbəkistanın “İslam” adı altında belə uğur qazanması İranda qısqanclıq yaratdı. Bu qısqanclıq və qıcıq bu gün İranı Özbəkistana zərbə vurmaq üçün variantlar axtarmağa sövq edir.

İranda da yaxşı bilirlər ki, Mərkəzi Asiyada uzunmüddətli rəqabətdə olan iki əsas dövlət var və bu rəqabət Özbəkistanla Qazaxıstan arasında cərəyan edir. İran bu rəqabətdən istifadə edərək Qazaxıstan vasitəsilə Özbəkistana təzyiq göstərməyi düşünür.

Ən mühüm məqam ABŞ-ın Mərkəzi Asiya regionunda, xüsusilə Qazaxıstanda artan iştirakıdır. Qazaxıstan prezidenti ABŞ-la ən çox dialoq aparan liderlərdən biridir. Qazaxıstan prezidenti K.Tokayev D.Trampı “Allahın yerə göndərdiyi” şəxs kimi təqdim etmişdi. Adətən bu cür yanaşma peyğəmbərlərə aid edilir. K.Tokayev D.Trampın kabinetindən İsrailin Baş naziri B.Netanyahu ilə danışaraq “İbrahim müqaviləsi”nə qoşulmağa razılıq verdi. Qazaxıstan daimi olaraq İsrailə neft göndərdi. Bütün bu amillər İranda Qazaxıstanın yeni və təsirli diplomatiyanın açar mərkəzi obrazını formalaşdırdı.

İranın İsraillə əlaqəyə ehtiyacı var, lakin bunu Azərbaycan və ya digər dövlətlər vasitəsilə edə bilmir. Əksinə, İran İsraillə birbaşa əlaqə yaratmaqla, hətta İsrailə müəyyən mənada nökərçilik etməklə Azərbaycan-İsrail münasibətlərinin arasına girmək istəyir. İranın Azərbaycanla bağlı planlarını Azərbaycan-İsrail əməkdaşlığı pozdu. Üstəlik, İsrail-Azərbaycan münasibətlərində mövcud olan bir sıra əlavə mövzular İran üçün hazırkı mərhələdə qəbuledilməzdir.

Belə ki, Livan Azərbaycan vasitəsilə İsrailə barışıq elan etdi, bu gün isə Suriya Azərbaycan vasitəsilə İsraillə danışıqların bünövrəsini qoydu. HƏMAS lideri İ.Haniyənin ölümü də onun Azərbaycan vasitəsilə İsraillə əlaqəyə meyil etməsi ilə bağlı ola bilərdi. Bu isə İranın xoşuna gəlmədi və İ.Haniyə İranda, SEPAH-ın nəzarətində olan mehmanxanada öldürüldü. Onun ölümündən dərhal sonra SEPAH rəhbəri Hüseyn Səlamiyə general-leytenant rütbəsi verildi. Bu gün HƏMAS onu azad etdirmək üçün ABŞ-a və İsrailə yalvarır. O vaxt Azərbaycanın vasitəçiliyi ilə müəyyən nəticələr əldə etmək mümkün idi.

Bu faktlar göstərir ki, İranı idarə edən əsas mexanizm Azərbaycana qarşı nifrətdir. Nəzərə almaq lazımdır ki, İranın Azərbaycana qarşı kəskin hücumları Azərbaycanın İrana münasibətdə daha yumşaq və neytral siyasət apardığı bir dövrdə baş verdi. Mətbuatımız İranla bağlı əsasən məlumatları köçürməklə kifayətlənirdi, sərt tənqid yox idi. Məhz belə bir dövrdə İran Azərbaycanın parçalanması ideyasını, “Bakuyi ostanı” mövzusunu gündəmə gətirdi. İ.Rəisinin ölümündə Azərbaycan Prezidentinin israrlı dəvətini qabartdı, nüvə alimi Fəxrizadənin öldürülməsində Azərbaycanın rolunu gündəmdə saxlamağa çalışdı.

Diqqət mərkəzində olan digər məsələ İranın ABŞ-la dialoqa ehtiyacıdır. ABŞ-ın MDB məkanında hazırda pozitiv mənada ən çox təmasda olduğu dövlət Qazaxıstandır. Çin isə yaxın zamanda yenidən Səudiyyə Ərəbistanı ilə İranın barışdırılması prosesini “təftiş etdi”. Çin təxminən üç ildir bu istiqamətdə çalışırdı. Lakin bu kurs İranın gözündə Çinin Səudiyyə Ərəbistanını müdafiə etməsi kimi görünür və Tehranı qane etmir. İran Çinin təsirindən uzaqlaşmaq istəyir və bunun ən uyğun yolunu Qazaxıstan vasitəsilə ABŞ-a yaxınlaşmaqda görür.



İran prezidenti M.Pezeşkiyanın Qazaxıstana səfəri Ermənistanın ümidlərini də diriltdi. Ermənistan-İran münasibətlərində baş verənlər İranın Qazaxıstan siyasətini təxminən təkrarlayır. Bir ildən artıq idi ki, İran Fars körfəzi-Qara dəniz marşrutunu faktiki olaraq unutmuşdu. Rəsmi Yerevan bu məsələ ilə bağlı İrana sorğular göndərsə də, rəsmi Tehran cavab verə bilmədi. İran Ermənistan ərazisi vasitəsilə Gürcüstana və oradan Avropaya çıxmaq ideyasından imtina etdi.

İran Türkiyə istiqamətində 1,6 milyard dollar xərcləyərək Mərənd-Çeşmə-Sorəyya dəmir yolunu çəkdi, halbuki eyni məbləğlə Ermənistana cəmi 65 km yol çəkmək mümkün idi. Artıq İran Türkiyə ilə belə davranışlara yol verə bilməyəcək. “Kompas” verilişində İranın Ermənistanda uzunluğu 32 km olan, tunel və körpülərlə zəngin yolun İran şirkəti tərəfindən tikilməsi məsələsi böyük uğur kimi təqdim olundu. Halbuki İran bu cür layihələri Cənubi Qafqazın digər imkansız dövlətləri üçün də həyata keçirə bilər və ucuz qiymətə genişmiqyaslı tikintilər aparmaq imkanına malikdir.

Bütün bunların ali rəhbərliyin razılığı olmadan mümkün olmadığı aydındır. Yaxın zamanda bu planların da iflasa uğrayacağının şahidi olacağıq. Təbii ki, İranın ən yaxşı bacardığı şey yalan, blef və populizmdir. Ən yaxşı icra etdiyi fəaliyyət isə anti-Azərbaycançılıq, Azərbaycana qarşı şər və böhtan kampaniyalarıdır. Aqarak–Qacaran yolu bu iki xüsusiyyəti Tehranda birləşdirir.

İran unudur ki:

1. Təxminən 20 ildir III yüksək gərginlikli elektrik xəttini çəkə bilmir və bu gün artıq onun haqqında danışmaqdan belə çəkinir. Halbuki həmin xətti də İran şirkəti çəkməli idi.

2. 20 il ərzində Ermənistan ərazisindən avtomobil və dəmir yolu marşrutu çəkmək istədi, lakin nəticə əldə edə bilmədi.

3. Ermənistana və oradan Gürcüstana çəkməyi planlaşdırdığı qaz kəmərini Rusiyaya vermək məcburiyyətində qaldı.

Bütün yalançılar və populistlər kimi İran da hesab edir ki, hamı baş verənləri unudub. Azərbaycan İranla bütün istiqamətlərdə əməkdaşlığı geosiyasi, siyasi və regional kontekstlərdə çox ciddi şəkildə yenidən təftiş etməlidir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1124 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +