Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


10.09.2025  11:14 

Azərbaycanlıya görə dinini və adını dəyişən çinli xanım





A+  A-

Siz heç sevdiyi üçün dinini, hətta adını dəyişən birini görmüsünüzmü?! Nağıla bənzəyən, amma gerçək olan bu hekayə azərbaycanlı Vüsal Rzayev və onun çinli həyat yoldaşı Əminə Cunun payına düşüb.

Onlar bir-birini min kilometrlərlə uzaqda – Çində tapıb. Fərqli dil, din, mədəniyyət, adət və ənənələr... Onlara heç nə əngəl olmayıb. Əksinə, Vanyu Cu adını və dinini dəyişərək Əminə olub. İndi sosial şəbəkələrdə sevgilərini birləşdirən "HusAmina” adı ilə tanınırlar.

XəzərNews.az xəbər verir ki, Publika.az-a müsahibə verən cütlük hekayələrini paylaşaraq, sevginin mədəniyyətləri və məsafələri necə birləşdirə biləcəyini göstərib.

"Çinə işləmək üçün getdim, həyat yoldaşımı tapdım”

– Vüsal, Bakı hara, Çin hara?.. Necə oldu, yolunuz oradan düşdü?

– 6 ildir Çində yaşayıram. 2019-cu ildə iş üçün getdim. Azərbaycanda çalışdığım şirkət kadr çatışmazlığına görə məni ora göndərdi. Orada gördüm ki, rifah səviyyəsi yüksəkdir, ölkə istehsal mərkəzidir. Mən də fürsətdən istifadə edib öz biznesimi qurdum. Hazırda avtomobil ehtiyat hissələri və aksesuarlarının satışı ilə məşğuluq. Qazaxıstan, Gürcüstan, Rusiya və başqa ölkələrə məhsul ixrac edirik.

– Əminə xanımla necə tanış oldunuz?

– Çinə gedəndə evlənməyi düşünmürdüm. Amma heç vaxt da "xarici ilə evlənmək olmaz” deyə düşüncəm olmayıb. Əsas yaxşı insan olsun.

5 il əvvəl tanış olduq. Əminə də satış sahəsində idi, mən ondan məhsul almışdım. Çində belə bir adət var: iş görüşməsindən sonra tərəflər bir-birini yeməyə dəvət edir. Bu, əsasən biznes məqsədilə olur. Xüsusilə də çinlilər məhsul alsanız da, almasanız da, əcnəbiləri yeməyə dəvət edir və bu yolla yaxşı təəssürat yaratmağa çalışırlar. İki dəfə Əminəni dəvət etsəm də, o rədd etdi. Gənc idim, düşünmədən belə bir mesaj yazdım: "Gəlmirsən, heç gəlmə”. O, heç cavab vermədi. Amma bir həftə sonra özü məni yeməyə dəvət etdi. Görüşdük və ilk olaraq işlə bağlı danışdıq. İkinci görüşdə aramızda bir qədər səmimiyyət yarandığı üçün şəxsi suallar verdim. Dini inancını soruşdum, o isə heç bir inancının olmadığını bildirdi. Bu, mənə pis təsir etdi.

Bir müddət görüşdükdən sonra aramızda səmimiyyət daha da gücləndi və evlənməyə qərar verdik. 2020-ci ildə Çində kiçik bir yığıncaq keçirdik, 2022-ci ildə isə Bakıda rəsmi nikahımız baş tutdu. Pandemiya vaxtı toyla bağlı bəzi məhdudiyyətlər olduğuna görə geniş toy etmədik.

"Ailəm əvvəl şok oldu, sonra çox sevdilər”

– Əminə xanım, azərbaycanlı bəylə evlənmək qərarınızı ailəniz necə qarşıladı?

– İlk olaraq Vüsalı evlənmədən öncə ailəmlə tanış etdim. Onlar şoka düşdülər, çünki anam və atam əvvəllər heç vaxt əcnəbi ilə qarşılaşmamışdılar. Sonra mən onu kəndimizə apardım. Ailəm və qohumlarımız onun səmimi və cana yaxın hərəkətlərini çox bəyəndilər. Çində övladın valideynini qucaqlaması və səmimi davranması demək olar ki, nadirdir. Mən özüm də anamı öpüb-qucaqlamazdım, amma Vüsal valideynimlə çox səmimi idi. Bu da qohumlarımızda təəccüb və rəğbət yaratdı. Hətta kənddə danışırdılar ki, əcnəbi biri qayınanasını və qayınatasını qucaqlayıb, öpür.

Vüsal: O vaxtlar saqqal saxlayırdım. Əminənin yaşadığı kənd ucqar bir yerdə yerləşirdi və demək olar ki, insanlar əcnəbi birini görməmişdi. Kəndə gedəndə bütün kənd camaatı məni görmək üçün evə gəlirdi. Uşaqlar banan, şokolad, konfet gətirib deyirdilər: "Gedək, böyük saqqallı əmini görək”. Çünki onlar üçün saqqal çox təəccüblü idi, çünki çinlilərin üzündə demək olar ki, tük olmurdu.

Çində toy, Azərbaycanda nikah

– Toy necə keçdi?

Vüsal: Çində də çadır toyları olur, səhərdən axşama qədər davam edir. Azərbaycandakı kimi çoxlu yemək çeşidləri olur. Çadıra daxil olanda hamı sənə baxır, diqqət tam sənin üzərində olur, özünü xüsusi hiss edirsən.

– Bəs ailən əcnəbi biri ilə evlənməyini necə qarşıladı?

– Anam uşaq vaxtından bizi qərarlarımızda sərbəst buraxıb. Nə qərar vermişiksə, hörmətlə qarşılayıb. Səhv olsa belə, bunu özünüz dərk edin deyib. Bu məsələdə də o, mənimlə eyni düşüncədə idi: yaxşı insan olsun, milliyyətin fərqi yoxdur. Pandemiya vaxtı anama zəng etdim, vəziyyəti izah etdim, dedim ki, karantin var, Azərbaycana gələ bilmirəm, amma ailə həyatı qurmaq istəyirəm. O da "Allah xeyir versin” dedi. Dedim ki, gələn həftə evlənəcəyəm - yəni bir həftə öncədən xəbər verdim. Ailəm xeyir-dua verdi. Çünki başqa seçim də yox idi. Şərtlər bunu tələb edirdi, pandemiya idi, sərhədlər bağlı idi, gediş-gəliş yox idi.

İki il sonra isə Bakıda rəsmi nikah oldu. Hər şey çox maraqlı keçdi, anamın iş yoldaşları və dostlarım da iştirak etmişdi.

– Qohumlar, tanışlar necə münasibət göstərir?

– Yaxşı münasibət göstərdilər. Qonşularımızla da görüşürük, dostlarla da bir araya gəlirik. Görürlər ki, Əminənin müsbət aurası var və buna görə yaxşı qarşılayırlar.

"İslamı qəbul etdim, Əminə adını seçdim”

– Maraqlıdır, ilk dəfədir ki, Əminə adlı çinli xanımla qarşılaşıram.

Vüsal: Mən onun əvvəllər inancsız olduğunu bilmirdim, hətta tanış olanda təəccüblənmişdim. Amma Əminə mənə görə həm dinini, həm də adını dəyişdi.

Əminə: Dini özüm seçdim, araşdırdım və İslamı qəbul etməyə qərar verdim. Həmçinin adımı da dəyişdim. Əvvəl Vanyu Cu idim, amma Amina (Əminə) adını seçdim. Bu adı da araşdırdım, Məhəmməd Peyğəmbərinin anasının adıdır.

"Azərbaycan dili çox romantikdir”

– Əminə, Azərbaycan dilini necə öyrəndiniz? Çətin olmadı?

– Beş ildir "R” səsini tələffüz etməyi öyrənməyə çalışıram. Çində bu səsi düzgün demək mümkün deyil. Bəzi sözləri tələffüz edərkən dilimin qarışdığını hiss edirəm, çünki hər iki dil fərqli dil qruplarına aiddir. Çində dil daha çox heca və vurğu üzərində qurulur.

Azərbaycan dilinin cazibəli tərəfi isə romantik olmasıdır. Məsələn, bəzi sözlərin mənası mənə çox təsir edir: Qadın ərinə, "həyat yoldaşım” deyir və ya əksinə. "Yol” elə bildiyimiz yol, "daş” isə partnyorluq mənasını verir. Yəni kim həyat yolunda səninlə birgə gedir. Bu fikir məndə xoş təəssürat yaratdı.

Burada insanları çağırmaq forması da mənə maraqlı gəlir. Bir dəfə çağırandan sonra yenə səslənirlər. Məsələn, belə deyirlər: "Ana, ay ana, ana ay ana”. Çində belə deyil.

– Azərbaycana tez-tez gəlirsiniz?

Vüsal: Əvvəllər ildə bir dəfə gəlirdik və 20 gün qalırdıq. Bu dəfə isə bir az daha uzun qaldıq.

"Qayınanamı əvvəl adı ilə çağırırdım, sonra "ana” dedim”

– Azərbaycanlı ailənin gəlini olmaq necədir? Qayınana və qayınata ilə münasibətlərinizi necə qurmusuz?

Əminə: Çində qayınanalar adətən çox iş görürlər, çünki gənclər işləyirlər. Uşağa baxmaq isə əsasən qayınanaların üzərinə düşür. Fərqi yoxdur, oğlanın və ya qızın anası olsun, uşağa təkcə baxmır, həm də valideynlik edir, onu böyüdür. Amma eyni zamanda gənclərin həyatına çox qarışır. Yəni həm kömək, həm də müdaxilə edir.

Azərbaycanda isə hər kəs öz işini görür, hər iki tərəf bir-birinə dəstək olur, amma qayınana çox qarışmır. Mənim burada yeni ailəyə gələndə hiss etdiyim sərbəstlik çox xoşuma gəldi, çünki qayınanam demək olar ki, heç bir işimizə müdaxilə etmir. Əsas isə sərbəstlik verir.

O məni çox əzizləyir, mənə "ana qızım” deyə müraciət edir. Bunu eşidəndə çox sevinirəm və özümü dəyərli hiss edirəm. Münasibətimiz daha çox dost münasibətinə bənzəyir, qayınana-gəlin münasibətindən fərqlidir.

– Bəs siz qayınananıza necə müraciət edirsiniz?

– Əvvəllər adı ilə səslənirdim. Amma qayınanamın iş yoldaşları onunla zarafat edirdi. Əslində, ona adı ilə müraciət etməyim xoş idi, çünki özünü gənc hiss edirdi. Sonra gördüm ki, zarafat edirlər, ona görə də "ana” deyə müraciət etməyə başladım.

– Vüsal bəy, çinli qohumlarınızla münasibətiniz necədir?

– Mənə qarşı çox diqqətcildirlər. Ola bilsin, bu həm də əcnəbi olmağımdan qaynaqlanır.

– Əminə xanım evin tək qızıdır?

- Xeyr, bacısı da var, keçən il çinli bəylə evləndi. Qohumlarım məni masanın başında oturdur, ən yaxşı yeməkləri təqdim edirlər və ən yaxşı yerlərə gəzməyə aparırlar. Mənimlə vaxt keçirmək onların özünə də maraqlıdır. Qohumlarım arasında iş adamları çoxdur, onlar tez-tez digər iş insanları ilə görüşlərə gedirlər və həmin vaxt məni də aparırlar, bununla fəxr edirlər.

"Ev işlərini bölürük, qab da yuyuram, paltar da ütüləyirəm”

– Ev işlərini necə bölürsünüz?

Vüsal: Əgər yaşadığınız evdə qayınana qalırsa, o imkan verməyəcək və işlərin hamısını özü görəcək, çünki bizim başımız əsasən biznesə qarışmalıdır. Lakin biz ikimiz yaşadığımız üçün ev işlərini bölürük, qabları da paylaşaraq yuyuruq. Hər kəs öz işini görür. Mən hər gün ofisə gedirəm və paltarımı özüm ütüləyirəm. Məncə, hər kəs öz işini özü görməlidir, çünki həyat yoldaşım da işləyir və hər birimiz öz işimizi görərək vaxtdan səmərəli istifadə edə bilirik və karyeramıza fokuslanırıq. Düşüncə səhvdir ki, "mən kişiyəm, o işləsin, üstəlik ev işini də görsün”. Əksinə, evdə də iş paylaşılmalıdır.

– Evdə hansı yeməkləri hazırlayırsınız?

Vüsal: Yeni gedəndə bütün yeməklərə qəribə yanaşırdım. Ona görə də ancaq Türkiyə və Azərbaycan mətbəxinə aid yeməklər yeyirdim. Lakin zaman keçdikcə Əminəyə yemək hazırlamağa şans verdim. O da Çin yeməkləri hazırladı. Çində çox yaxşı yeməklər var. Pekin ördəyinin dadına baxdım, uyğurların kababları isə həqiqətən möhtəşəmdir, hətta dünyanın ən dadlı kababı deyə bilərəm.

Əminə: Çin mətbəxində ən çox əriştə (nudls) yeyilir. Mən Hunan əyalətindənəm, orada səhər yeməyində belə əriştə yeyirlər. Açığı, mən bir az tənbələm və əriştə tez hazırlanır. O qədər bu yeməyi hazırlayırdım ki, bir gün Vüsal zarafatla mənə dedi ki, Kunq-fu Panda filmindəki qaz kimi ancaq əriştə yeyirsən (gülür).

– Belə bir fikir var ki, insanlar Çində daha çox ilan, qurbağa və həşərat yeyirlər.

Vüsal: İlk dəfə ora gedəndə mən də bunu düşünürdüm. Əhmədli qəsəbəsində böyümüşəm, 23 yaşımda Çinə getdim və videolarda izlədiyim qəribə yeməkləri görəcəyimi gözləyirdim. Amma gəlib yaşadıqca görürsən ki, dadlı yeməklər çoxdur və hətta onları sınamasan, həyatda çox şey itirmiş olarsan. Çin mətbəxi çox zəngindir.

"Ən sevdiyim yemək qayınanamın bişirdiyi dolmadır”

– Evdə ən çox hansı ölkənin yeməyini hazırlayırsınız?

Vüsal: Əminə daha çox Çin yeməklərini istəyir, mən isə Azərbaycan yeməklərini. Buna görə balanslaşdırmağa çalışırıq və istəyirik hər iki ölkənin yeməkləri olsun.

– Əminə, dadmısınızmı Azərbaycan yeməklərini? Hansılar xoşunuza gəlir?

– Ən sevimli yeməyim dolmadır. Bütün növ dolmaları sevirəm – bibər, pomidor, kələm... Amma ən çox yarpaq dolmasını bəyənirəm. Ən sevdiyim isə qayınanamın hazırladığı dolmadır.

– Özünüz də hazırlamısınız?

– Qayınanamla birlikdə hazırlamağa çalışıram, amma o yeməyi necə bu qədər dadlı bişirir, bunu hələ öyrənə bilməmişəm. Qayınanam deyir ki, mən dolmanı yaxşı bükürəm. Çində Vüsal üçün dolma hazırlamışam. Açığı, paxlavanı da sevirəm, amma çox şirindir və kökəlmək istəmirəm. Azərbaycanda südlü paxlavanı kəşf etdim və bu, mənim sevimlim oldu. Şirniyyatları xoşlasam da, çox yeyə bilmirəm.

– Azərbaycanda haraları gəzmisiniz?

Vüsal: Demək olar ki, əksər rayonlara getmişik. Əminə kəndləri çox sevir. Hətta o qədər çox sevir ki, deyir, "yaşlananda buradan ev alaq, kənddə yaşayaq”.

– Çinin kəndləri necədir?

Vüsal: Ora da yaxşıdır, amma sevmədiyim bir şey insanların bir-birinin evinə müdaxiləsidir. Qonşular icazə almadan evə girirlər. Evdə oturursan, baxırsan ki, qonşu yanında dayanıb. Qapını döymür, səslənmir, sadəcə açır və içəri girir. Hətta yataq otağına qədər icazəsiz daxil olurlar. Yəni qapılar açıqdır, kim istəsə girir. Bu şeyləri mən sevmirəm.

"Azərbaycanlıların köməksevərliyi məni heyran etdi”

– Əminə, Azərbaycanda nəyi bəyənirsiniz?

– Azərbaycanda insanlar məndə çox xoş təəssürat yaratdılar. Buradakı insanlar çox cana yaxındır və mənə hörmət edirlər. Ümumiyyətlə, hər kəs çox mədəni və mehribandır. Burada ən çox bəyəndiyim həm də insanların musiqiyə meyilli olmaları və mədəniyyətlərinə bağlılıqlarıdır.

Azərbaycana ilk gələndə insanların bir neçə dil bilməsi məni təəccübləndirdi. Bu, bütün çinliləri heyrətləndirir, çünki bizdə əksər insanlar yalnız bir dil bilir. Orada ikinci dil bilənə çox təəccüblə baxırlar. Məsələn, Vüsal azərbaycan, türk, rus və ingilis dillərini bilir və bu, onları çox təəccübləndirir. Dünyada insanların çoxu ən azı iki dil bilir, amma Çində bunu bacarmaq böyük üstünlük hesab olunur.

Daha bir maraqlı detal isə burada insanların bir-birinə çox dəstək olmasıdır. Gördüm ki, bir ana uşağı ilə birlikdə avtobusa minmək istəyir və onu tanımayan insanlar dərhal kömək etdilər. Düşəndə də heç soruşmadan yenə dəstək oldular. Hər kəs bir-birinə yardım edir.

Bakıda metrostansiyanın çıxışında qayınanamla oturmuşduq. Evə getmək üçün qalxdıq, çatana yaxın bildim ki, çantamı orada unutmuşam. Təlaşla taksi axtarmağa çalışdım. Bir nəfər üzümüzdəki təlaşı başa düşüb maşını saxladı. O zaman düşündüm ki, azərbaycanlılar necə də köməksevərdir. Sürücü dərhal soruşdu ki, çantanızı itirmisiniz? Mən şok oldum, dedim, bunu necə bilə bilər?

Sürücü dedi ki, çantanı bir cütlük tapıb və metrodakı polisə təqdim edib. Çantada çoxlu nağd pulumuz var idi. Tapan şəxslər vizit kartımızdakı nömrələr və elektron poçt vasitəsilə əlaqə saxlamağa çalışmışdılar, amma biz bunu sonradan gördük. Sürücü bizi ora apardı, polis çoxlu suallar verdi və çantamı təqdim etdilər. Dedim ki, həyat yoldaşım azərbaycanlıdır, onlar bunu çox xoş qarşıladılar. Çantamı tapan şəxslərlə əlaqə saxladım, təşəkkür etdim və xanımla dostlaşdıq.

– Vüsal, siz Çin dilini bilirsiniz?

– Çox yaxşı bilmirəm, amma fikirlərimi ifadə edə bilirəm. Həmçinin biznes sahəsində olduğum üçün həmin sahəyə aid terminləri bilirəm. Bəzən Əminəyə Çin dilində müraciət edirəm, o isə mənə ingilis dilində cavab verir. Dostlarım buna gülürlər.

– Azərbaycanda yaşamaq barədə planlarınız varmı, yoxsa daim Çində qalmağı düşünürsünüz?

Əminə: Düzünü desəm, Azərbaycanda qalmaq istəyirəm, çünki buradakı insanlar mənim üçün çox xoş təəssürat yaratdı. Gələcəkdə Azərbaycanda biznes qura bilsək və ev alsaq, tamamilə burada qalmağı üstün tutaram. Hazırda bunun üzərində çalışırıq.

Vüsal: Mən isə daha çox ABŞ, Avstraliya və Qərbi Avropa ölkələrində yaşamağı düşünürəm.

Onların hekayəsi sübut edir ki, sevgi mədəniyyətləri, dilləri, hətta minlərlə kilometr məsafəni də aşır. Vüsal və Əminə fərqli dünyalardan gəlsələr də, indi ortaq bir dünya qurublar – ailə dünyasını.

Xəbər 167 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +