Regionumuzdan MDB-nin 2025-ci ili üç proses xarakterizə edə bilər:
1. Rusiyanın MDB-yə açıq düşmənçiliyi və o fonda Azərbaycana qarşı orijinal düşmənçilik.
2. SSRİ-nin II Dünya Müharibəsində əldə etdiyi qələbəyə şəriklərin çıxması, ABŞ və Çinin II Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətində rolunun getdikcə artması və Rusiyanın rolunun üçüncü yerə keçirilməsi.
3. Qafqazın Şərq ölkələrinin Moskvada təsirini artıran məkana çevrilməsi. Bu vaxta qədər yalnız Moskvada Qərbin təsirindən danışılırdı. Moskvada ictimai aktiv əhali, elita və Qərblə əlaqələrə çox meyllidir. Qərbdə bunu bilirlər və istifadə də edirlər. Hətta müstəqillik dövründə Rusiyada yüksək vəzifədə işləmiş şəxslər öləndən sonra da meyitlərinin Rusiyada basdırılmasına icazə verməyiblər. Bir neçə rusiyalı nazir ABŞ-da dəfn olunub. Dərhal kimsə Şeremetin qayıtma müraciətini deyə bilər. Bu da həmin mövzunun davamıdır. Şeremetin Qərbdə məhz rus xalqının tam ifşa olunmasının qarşısını almaq istiqamətində təxminən belə addımlar atdı.
SSRİ-nin II Dünya Müharibəsində qələbəsinin şərikləri mövzusunda birinci günah Rusiyadadır. II Dünya Müharibəsində SSRİ-nin qələbəsinin maddi sübutları var: ən əsası Bakı neftidir. Avropa, Amerikadan və dünyanın istənilən yerindən gələn hərbi texnika Bakı nefti ilə işləyib. Aviasiyanın 80, yerüstü texnikanın isə 70%-i Bakının neft məhsulları işlə işləyib. Azərbaycan vaxtaşırı SSRİ-nin qələbəsində Azərbaycanın, Bakı neftinin rolu rəsmləşdirilməsini, dəyər verilməsini bunu yada salıb. Bu edilmədi, buna qarşı ən ciddi çıxış edənlərdən biri də RF prezidenti V.Putin oldu. Bu gün Azərbaycan neftini II Dünya Müharibəsində qələbənin maddi əsası kimi ortaya qoymaqla V.Putin yenidən SSRİ-nin müharibədə qələbə çaldığını sübut etmək istiqamətində ciddi addım ata bilər.
Yaxında dünyanın bütün aparıcı liderləri Çinin II Dünya Müharibəsində qələbəsini bayram edəcəklər.
Tək Azərbaycana qarşı Moskvada aparılan anti-Azərbaycan orijinal tədqiqatların mənşəyi araşdırılmalıdır. Niyə görə Moskvanın araşdırma mərkəzi, qeyri-hökumət təşkilatı və strukturları Azərbaycanla bağlı belə məlumatları işləyib hazırlayıblar. Bunun maliyyə qaynağı haradandır. Niyə Rusiyanın dövlət büdcəsi Azərbaycanı düşmənə çevirmək üçün maliyyə xərcləyib. Bəlkə də Rusiyanın dövlət büdcəsindən xərclənməyib, pul, maliyyə və göstəriş kənardan gəlib. Rusiyanın digər MDB dövlətlərini Qərblə əlaqələrdə şərləməsində Şərq təsirinin üzə çıxması araşdırılmalıdır. Bəs, Şərqi kim gətirib. Şərq ölkələri, xüsusilə İranın Rusiya və tərkibində olan dövlətlərə, Azərbaycana da münasibəti bəllidir. Bütün keçmiş sovet respublikalarının əsas hamisi hesab etdiyi Rusiya ilə əlaqələrinin kəsilməsi İran üçün vacibdir və bu istiqamətdə də fəaliyyət göstərib. Fəaliyyətini də göstərəcək. Rusiya bu gün İranın Moskvadakı fəaliyyətinin qabağını almaq gücündə deyil. Statistikaya baxın, hər şey aydın görünəcək. Rusiya ilə MDB dövlətlərinin əlaqəsini kəsdikdən sonra İran MDB dövlətləri ilə ayrılıqda və ya təkbaşına mübarizə aparmağı asan hesab edir. İranın düşüncəsi belədir. Bunu da Rusiyadakıların hesabına reallaşdırır.
Hər gün RF mətbuatında 2 və 3 keçmiş indiki yüksək çinli məmurlar həbs olunub. Onları kim gətirib hakimiyyətə. Rəşt-Astara dəmir yolu və ya Azərbaycan ərazisindən Rusiyadan İrana qaz kəməri ilə bağlı ən neqativ hesablamaları RF-in yüksək səviyyəli ekspertləri, məmurları hazırlayıblar.
MDB ölkələri bir araya toplaşıb, həm Qərblə münasibətlərini şəffaflaşdırmaq, həm də Şərq tərəfindən gələn yeni təsirlərə özlərini uyğunlaşdıra biləcəklər.
Müasir Qafqaz İranın iştirakı ilə Rusiyadan ayrılmaq yolundadır
Müasir Qafqaz İranın siyasi iddiası ilə xarakterizə olunur. Həm Qafqazda, həm də MDB məkanında və dünyanın əksər yerlərində Qafqaz Rusiyanın təsir zonası hesab olunur. Qərb, Türkiyə, Ərəb ölkələrinin iştirakı adiləşib, təəccüb yaratmır. İran və Ermənistanda Qafqazın artıq Rusiyanın təsir zonasından çıxmaqda olduğunu düşünən ekspertlər çoxdur. İran hesab edir ki, vaxtilə zəif olduğu dövrdə iki müharibə onun tərkib hissəsi olan Qafqazı işğal edib. Son 200 ildə Rusiya bir neçə inqilab edib, parçalanma mərhələsi keçib və nəticədə Rusiya zəifləmək kursundan kənarlaşa bilmir. Ukrayna müharibəsi Rusiyanın zəifləməsində dönüş nöqtəsidir. Rusiya əvvəlki gücdə ola bilməz. İran isə bu dövr ərzində yalnız güclənir, silahlanmaya görə bəlkə də dünyanın birinci onluğuna daxildir.
Son 200 ildə ilk dəfə olaraq həm Rusiya Qafqazında, həm də Cənubi Qafqazda fəliyyətini güclü hesab edir. Biznes, iqtisadiyyat, birgə müəssisəsi vasitəsilə Cənubi Qafqazın hər üç respublikasında və Rusiya Qafqazında xeyli əlaqələr qurub. İslami İranda istənilən əlaqə siyasətsiz mümkün deyil. Əgər İran tərəfindən iştirakçısı öz hökumətinə qurduğu əlaqələrdə dini və ya siyasi təbliği göstərə bilmirsə, o İran dövlətindən güclü dəstəyə malik ola bilməz. İran SSRİ dağıldığı andan bu işlə məşğuldur və bu gün artıq nəinki Cənubi Qafqaz ölkələrində, Rusiya Qafqazında xeyli infrastrukturlaşıb. Rusiya SSRİ dağıldığı dövrdən İranın əsas məqsədi ayrılmış, parçalanmış və ya ərazisində mübarizə gedən regionlarda yerləşmək, anti-Rusiyayönümlü dəstək vermək olub. Qasım Süleymanini Prezident V.Putinlə “hər gün görüşdürən mətbuat” daha çox Q.Süleymaninin rəhbərliyi ilə Abxaziyada, Şimali Osetiyada, Cənubi Osetiyada, Qarabağda, Ermənistanda və s. görülən işlərdə keyfiyyət mərhələsi yarada bildiklərini diqqətə çatdırırdı.
Rusiyanın siyasi mühiti o zaman bu məsələləri dərk etmək gücündə deyildi, indi də RF bunları dərk edə bilmir. İranın sözü ilə Rusiyanın Yaxın Şərq regionu istiqamətində reallaşdırmaq istədiyi layihələri pozmaq istəyən İrana bağlı olan RF-ə məxsus rəsmilər, ekspertlərin fikirləri V.Putinin kabinetinin içində deyilsə də, Putinin kabinetinin ağzındadır. Rəşt-Astara dəmir yolu ilə bağlı ortada olan bütün təkliflərin müəllifləri yüksək səviyyəli Rusiya rəsmiləri və ya Kremlə yaxın rusiyalı ekspertlərdir. Səbəbi bilinmədən Rəşt-Astara yolunun tikintisi dayanırb. İran hətta Rəştin kənarında Rusiyanın 800 km ərazisini görən, radioelektron mübarizə aparmaq imkanında olan Gilan RLS də tikib. RLS digər qonşu dövlətlərin də ərazisini görür. Əsas hədəf Rusiyadır. Rusiyaya qarşı sarsılmaz iradə göstərən İran bu RLS-i ABŞ və ya İsrailə verə bilər, təki RF daha da zəifləsin.
İranın Şimali Qafqazda gördüyü işlər ermənilər vasitəsilə ABŞ-la da razılaşdırılıb. İranın Ermənistandakı səfiri M.Sübhaninin “New York Times” qəzetinə məşhur müsahibəsini yada salaq: Bütün dünya Rusiya və İranı müttəfiq bildiyi halda səfir “Rusiya İranın müttəfiqi deyil, bəzən əməkdaşlıq edə bilərik” tipli müsahibəsi çap olundu. O müsahibənin çap olunmasından ötrü ER Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Litvaya səfər etdi. İki gün orada olduqdan sonra Litvanın vasitəsilə ABŞ-dan İran səfirinin ABŞ mətbuatına müsahibə verməsinə və belə fikri bildirməsinə icazə ala bildi. Rusiya İranın bütün hərəkətlərini görsə də həmişə İranın adamları, xüsusilə ermənilər İranın fikirlərini İrana lazım olan qaydada izahını veriblər.
Qərbdə masanın üstündə olan konsepsiyaya görə ermənilər Rusiyanı Ermənistandan çıxara bilər. Bu zaman Rusiya Ermənistana qarşı təzyiq edə bilməz. Təzyiq edəcəyi təqdirdə İran Ermənistanda Rusiya subyektlərinə qarşı mübarizə aparacaq. Müasir vəziyyət belədir. Məhz bu səbəbdən Rusiyanın Sünikdə konsulluq açmasına icazə verməsinə İran maneçilik törədir. Rusiyanın mövqeyi Yerevanda zəiflədikcə ABŞ iki istiqamət üzrə 4, bəlkə də 5 hərbi təlim keçirib. “Regionda kənar qüvvələr olmamalıdır” fikrinin müəllifi İran isə ABŞ, Avropa İttifaqı və NATO tərəfindən Ermənistanda iştirak edən hərbi xarakterli qüvvələrə və proseslərə heç bir iradını bildirməyib.
Qafqazın tarixi vəziyyəti belə diktə edir
Çar Rusiyanın ən böyük insan yerdəyişməsi apardığı region Qafqaz regionu olub. Ümumi adı çərkəz olan Qafqaz əhalisi çar Rusiyasına qarşı təxminən 70 ilə yaxın mübarizə etsə də çar ordusu güclü oldu, qovdu. Əhali bu gün Türkiyə və bir neçə ərəb ölkəsində yaşayır. İndi də özünə məxsusluqlarını saxlayıblar. Vətənləri ilə əlaqələri o qədər də güclü deyil, indi də irsi olaraq o qorxu yaşayır. Rusiya Balkanlarda da yerdəyişmə edib. Uzaq Şərqdə etdiyi yerdəyişmələr o qədər də diqqət cəlb etməyib. Qafqazda olan yerdəyişmə indi də aktualdır.
Qafqazda Rusiyanın siyasi təyinatlı ən böyük yerdəyişməsi süni dövlət yaratmasıdır. Rusiya bir qrup ermənini osmanlı ərazisindən gətirib indi Ermənistan adlanan ərazidə yerləşdirdi, digər qrup ermənini isə İrandan gətirərək Qarabağda yerləşdirdi. Müasir Ermənistan məhz Rusiyanın yaratdığı belə süni dövlətdir və uzun müddət ermənilər RF-in maraqlarına xidmət ediblər.
Əvvəl “Kiçik Ermənistan”, sonra isə “Şərqi Ermənistan” adı ilə Azərbaycan torpaqlarına erməniləri yeləşdirdi. Bu imperiya siyasətidir. Vaxtilə Azərbaycan da imperiya olub. Şah sevən, qaşqaylar, türkmənlər bu gün bütün şərq regionuna geniş yayılıb. Bu işlə məşğul olan imperiyamız olub. Osmanlı imperiyasının tərkibində olan erməniləri osmanlı hakimiyyətinə qarşı qızışdıran ən fəal dövlət Rusiya olub. O Avropa dövlətlərinin rolunu azaltmaq fikrində deyilik. Bu faktdır, ermənilər indiki Ermənistan ərazisində yaşayırlar.
Ermənilər Osmanlı imperiyasının tərkibindən uzaqlaşdıqdan sonra 4 və ya 5 dəfə Rusiyaya qarşı çox ciddi mübarizə aparıblar. Bu mübarizənin gizli və aşkar tərəfləri var.
Bu gün Cənubi Qafqazın belə vəziyyətə düşməsi Rusiyanın erməniləri gətirməsi siyasətinin nəticəsidir. SSRİ-nin dağılmasında ermənilərin öncüllüyü Kremldən heç bir müqavimət görmədi. Əksinə tam dəstəkləndi. Kreml Vaşinqtonun vilayət partiya komitəsi kimi fəaliyyətdə idi.
Ermənilər çərkəz mövzusunu da yenidən aktuallaşdırmaq istədilər. Hətta gürcülər Rusiyaya qarşı mübarizə apararkən “çərkəz kartından” istifadəyə cəsarət etmədi. Yalnız çərkəzlərin köçürülməsi ilə bağlı tarixi hadisələri qeyd etmək üçün öz ərazisində iclas zalı verməklə kifayətləndi. S.Sərkisyan prezident olduğu dövrdə Los-Ancelesdə “Erməni geosiyasi klubu” yaratdı və klubun rəhbəri S.Sərkisyanın keçmiş döyüş yoldaşı idi. O bir sıra mövzularla məşğul oldu. Ən vacibi çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı. Ermənistan da çərkəz soyqırımını tanımaq istiqamətində idi. Başa düşürdü ki, çərkəz soyqırımını tanısa ABŞ, Avropa və bir qrup ərəb dövlətləri “erməni soyqırımı”nı tanıyacaq. Yalnız sonda Rusiyanın ciddi təzyiqi altında S.Sərkisyan “çərkəz soyqırımı”nın tanınmasını “unutdu”.
İndi Qərbin Cənubi Qafqaza axının əsas səbəbkarı Ermənistandır. Qərb Ermənistana gəldikdə Cənubi Qafqazda olduğunu çox aydın başa düşür. Bütövlükdə Qafqaza da nəzarət edə biləcəyini düşünür. Ermənilər Qərbin regiondakı maraqlarını idarə edən gücdə deyil. Aİ-yə inteqrasiya ilə bağlı birinci layihəni reallaşdıra bilmədi, imtina etdi. Aİ artıq ikinci layihə təqdim edib, indi hazırda Ermənistanın Aİ-yə inteqrasiyası bu layihə üzrə gedir. Regiona gəlmiş Qərb Ermənistanı gücsüzlüyünü başa düşüb. Amma nəyi necə edəcəyini bilmir. Həm Gürcüstan istiqamətində, həm də Azərbaycanla müəyyən iş aparmaq niyyətindədir. Hazırda da məhz bu proses başlayıb.
“Tramp koridoru” Qərbin Cənubi Qafqazdan başlayıb, Qafqaza daxil olmağın rəsmi başlanğıcıdır. Bununla da 907-ci düzəliş ləğv olundu. Azərbaycana ABŞ-ın rəsmi ermənipərəst təzyiqinin dayanması, Azərbaycanla hərbi-texniki əməkdaşlığın başlanması kimi qəbul edilə bilər. Ermənistanın adı ilə Cənubi Qafqaza daxil olan Qərb artıq gələcək prosesləri Azərbaycan vasitəsilə davam etdirməlidir.
Azərbaycan xalqı Qafqazda lider xalq olub
Azərbaycan Qafqaz dövlətidir. Azərbaycan xalqı Qafqazda lider xalq olub, bunun bariz nümunəsi çar Rusiyası Qafqazı işğal edənə qədər bütün Qafqazın Azərbaycan dilində danışmasıdır. Bunu M.Lermontov, A.Puşkin və digər Rusiya ziyalı kontingenti təsdiq edir. Azərbaycan dilinin Qafqazda işlək dil olması ilə bağlı Fransa və digər Avropa mənbələri də var. Bu ölkələrin tarixçiləri, səyyahları bizim regionda olublar. Azərbaycan Qafqaz dövləti olduğu kimi Qafqaz da Azərbaycanı özünün ən yaxın doğması kimi qəbul edir.
Çar Rusiyası və keçid dövrlərində qafqazlıların böyük əksəriyyəti Azərbaycanda işləyib, təhsil alıb. Bizim çoxlu sayda məşhurlarımızın həyat yoldaşları Qafqaz xalqlarının təmsilçiləri olub. Məhz bu bağlılığa görə SSRİ dağılanda Azərbaycan Qafqazdakı proseslərə sabitlik gətirməklə məşğul oldu. Kremlin bir qrup korrupsiyaya uğramış məmuru Çeçenistanda müharibə salıb, oradakı neftdən gələn pullardan özləri üçün qazanc məqsədi ilə istifadə etmək niyyətində idi. Çeçen müharibəsinin əsl mahiyyəti budur. Çeçen xalqının müstəqillik uğrunda mübarizəsinə zərrə qədər kölgə salmaq fikrində deyiləm. Bəlkə də müəyyən qədər bəzi proseslərin vaxtilə iştirakçısı olduğum üçün bu fikri qeyd etməyə əsas verir.
Çeçen müharibəsinin ilkin səbəbi Kremlin Çeçenistandan çıxan nefti özünə saxlaması, qazanc mənbəyi kimi istifadə etmək niyyəti idi. Məhz Kremlin bu addımından sonra çeçenlərdə “bəlkə də müstəqil olaq ideyası” gündəliyə gəldi. Birinci çeçen müharibəsi bütün Qafqaz, Azərbaycan üçün də çox böyük problem oldu. Moskva-Bakı qatarının hətta marşrutunu dəyişmək məcburiyyətini yaratdı. Azərbaycan əhalisi artıq çeçenlərdən narazı idi. Bu arada Çeçenistandan Bakıya nümayəndə heyəti gəldi. İki dəfə o nümayəndə heyəti ilə görüşən adam kimi qeyd edə bilərəm ki, hər iki nümayəndə heyəti sanballı idi, hətta orada Rabitə naziri və BMT-nin insan hüquqları müvəkkili işi ilə məşğul olan şəxsin rəhbərliyi ilə qrup gəlmişdi. Çeçenlərin məqsədi II Rusiya-Çeçen müharibəsinə imkan verməmək idi.
1994-cü ildə ATƏM-in Budapeşt sammitinə çeçenlərin adından onların arzusunu sənəd formasında çatdırılma işini təşkil edən adam mənəm. Ona görə qeyd edirəm ki, onların həqiqi anti-müharibə əhval-ruhiyyəsini hiss etmişəm. Onlar başa düşürdülər ki, çeçen xalqı Rusiyaya qarşı müharibəyə hazır deyil. Sabitlik və neftlərinin özlərində qalmasını arzulayırdılar. O zaman Azərbaycanda maraqlı proses baş verdi. Təbii ki, çeçenlərin Azərbaycan qatarlarını soymasına görə Bakıda onlara qarşı münasibət neqativ idi. Rəsmi dövlət qurumlarımız, Prezident Administrasiyası, ölkədə olan aparıcı siyasi qruplar çeçenlərlə görüşmək istəməmişdi. Beynəlxalq insan hüquqları ilə məşğul olan təşkilat kimi bizim ofisimizə göndərmişdilər. O dövrdə iki dövlət müşaviri Vəfa Quluzadə (rəhmətlik) və demokratiya məsələləri üzrə Dövlət müşaviri Qabil Hüseynli ilə əlaqə saxladım. Bildirdim ki, QHT, mənim kimi ekspert səviyyəsində məşğul olunası mövzu deyil. Rəsmilərimiz Rusiyanın Azərbaycana münasibətinin pis olduğunu bildirdilər və Prezident Administrasiyasına göndərməməyi tövsiyə etdilər. Yalnız mənim məşğul olmağımı məsləhət bildilər. Çeçenlərin istədikləri hansı mövzuya gücüm çatmasa, mən onlara deməli idim, rəsmilərimiz etməli idi, ad isə mənim olmalı idi. Hər iki dövlət müşaviri hesab edin ki, 15-20 dəqiqə fasilə ilə eyni sözü mənə təkrarladılar və məşğul oldum. Xırda texniki problemlər bir yana, nəhayət 1994-cü ildə ATƏM-in Budapeşt sammitinə sənədi göndərə bildik. Qalan işlərlə Qafqaz Müsəlmanları İdarəsi məşğul oldu.
Qafqazda həmişə domino effekti olub. Bu həm yaxşı mənada, həm də pis mənada başa düşülməlidir. Qafqaz xalqları, teyblər bir-biri ilə göz-gözə yaşayıblar. Birinin etdiyi hərəkət digərində də effekt yaradıb. Çeçenistanda başlayan müharibə Qafqazın digər regionlarında, xüsusilə Dağıstanda da böyük effekt yaratdı. Dağıstan Azərbaycan Respublikası ilə qonşudur və Azərbaycanda hakimiyyətə Ulu Öndər H.Əliyev gəldi.
B.Yeltsin Ulu Öndər H.Əliyevi görmək istəmir, Azərbaycanı sıxır, izolyasiyaya salmaq istəyirdi. Belə bir dövrdə Qafqazda baş verən müharibədə Qərbin və ərəblərin maraqlarını Rusiyanın Qafqazına daşıyan əsas ölkə kimi Kreml Azərbaycanı elan etdi və Qafqazda baş verən terrorçu qruplaşmaları B.Yeltin Azərbaycanın ərazisinə keçirmək əmrini verdi. Bu zaman artıq ləzgilər, avarlar, inquşlar və s. xalqların hər birisinin o prosesdə adı hallanmağa başladı. Ulu Öndər H.Əliyevin rəhbərliyi, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları, xüsusilə Əks Kəşfiyyat İdarəsinin bacarıqlı rəisi və onun rəhbərlik etdiyi komanda B.Yeltsinin arzusunu ürəyində qoydu və Dağıstandan heç bir terrorçu qruplaşma Azərbaycan ərazisinə keçə bilmədi. Əksinə, Azərbaycan təkbaşına RF üçün o qrupların böyük əksəriyyətini Rusiyanın ərazisində məhv etdi. Bununla da Şimali Qafqaz Rusiyanın tərkibində qaldı. Rusiyanın ərazi bütövlüyün pozulmadı. O zaman RF-in ərazi bütövlüyünün pozulması üçün Şimali Qafqazda müharibə Rusiyada “qan verən yara” yaratmalı idilər. Ulu öndər imkan vermədi.
Sonradan prezident İ.Əliyev də bu siyasəti davam etdirdi. Rusiya bu gün ərazi bütövlüyünün pozulmaması üçün yeganə olaraq ancaq Azərbaycana, Ulu Öndər H.Əliyevə və Prezident İ.Əliyevə borcludur. Bu gün bütün bunların hamısı unudulub. Vaxtilə V.Putin bunları bilirdi. Prezident olduqdan sonra ilk səfərini Bakıya etdi, 20 yanvar Şəhidlər Xiyabanında diz çökdü. Minnətdarıq və təşəkkür edirik. Biz də Qafqazı Rusiyanın tərkibində saxladıq.
Zəngəzur mahalı Azərbaycana qayıtmalıdır
Bu gün də Qafqazda təxminən düşünülmüş teyblər arası mübarizə ilə korrupsiya prosesi birləşmiş formada davam etdirilir. Yaxınlarda bu böyük müharibəyə çevrilə bilər.
Qafqazla bağlı Qərbin siyasəti Rusiyanın gətirdiyi ermənilərin hesabına qurulub.
Azərbaycan onlarla işləməlidir. O arqumenti də nəzərə almalıyıq ki, 1918-ci ildə Böyük Britaniyanın timsalında Qərb regionumuzda olarkən Ermənistanın 12 min km2 ərazisi var idi. O ərazi də çar Rusiyasının verdiyi ərazi idi. SSRİ-nin dövründə isə Ermənistanın ərazisi 12 min km2-dən artaraq 29 min km2-ə çatdı. Lori vilayətini çıxmaq şərti ilə hamısı Azərbaycan torpağıdır. Ermənistan Qərbi gətirir, Azərbaycan tarixi ərazi bütövlüyünü bərpa edə bilər. İlk olaraq Zəngəzur mahalı Azərbaycana qayıtmalıdır.
1918-20-ci illərdə və SSRİ dağılandan sonra Ermənistanın sabit siyasət apara bilməməsinin səbəbi əsasən Zəngəzur mahalı olub. Ermənilər Zəngəzur mahalını idarə edə bilmir, ona görə sahibinə qaytarılmalıdır. SSRİ dövründə iki qərarla bunu Moskva Azərbaycandan alıb, Yerevana verdi. Bu sənədlər də arxivlərdə var. Rusiya SSRİ-nin varisidir, bu problemi həll edə bilər, etmir. Biz bütün Qafqazı qaytardıq, Rusiya isə Qafqazla müqayisədə Zəngəzur mahalını Azərbaycana qaytarmaq istəmir. Bilir ki, onu getdikcə zəiflədən də məhz Zəngəzur mahalı mövzusudur. Ermənistan bunun uğrunda mübarizə aparır.
İran da Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı uğrunda mübarizə aparır.
Rusiya isə ancaq Zəngəzur mahalının Azərbaycana verilməməsi üzərində siyasətini qurub.
Qarabağ daxil Azərbaycan torpaqlarının işğalında fit ABŞ-dan gəlsə də real işləri Kremlin ətrafında olan qüvvələr gördü. O vaxt Kremlə ABŞ-ın vilayət komitəsi adını vermişdilər.
Bu gün Rusiya Azərbaycanla yola getmir. Dəhşətdir ki, Rusiya elitasının daxilində Azərbaycana qarşı çox böyük düşmənçilik var imiş və bu düşmənçilik uzun müddət yığılıb qalıbmış. Rusiya-Azərbaycan münasibətləri ilə bağlı orijinal tədqiqatlar aparılıb. Ola bilər, İranın işidir. Rusiya İran-Azərbaycan münasibətlərinin tarixini bilir. Niyə görə Azərbaycan Prezidentinin Azərbaycan- Rusiya-İran sammiti formal da olsa Rusiyada dayandırıldı?! Niyə davam etmir?! İndi Azərbaycana qarşı belə iddialar ortaya qoyulur?!
Rusiyada az qala Azərbaycan pomidorunu sayan nazirlik var, vəziyyəti yalnız belə dəyərləndirmək olar. ABŞ, İngiltərə, Fransa, Baltikyanı dövlətlər, Şərqi və Qərbi Avropa dövlətləri daxil heç bir dövlətə qarşı Rusiya belə ölçü aparatı yaratmayıb. Rusiyanın Mərkəzi Asiyaya münasibəti bəllidir. Hətta Qazaxıstana qarşı da belə addımlar atmayıb, yalnız Azərbaycana qarşıdır. Rusiya özü üçün hesablamalıdır, niyə görə Azərbaycana qarşı belə orijinal düşmənçilik ortaya qoyub. Bu gün Rusiyanı Azərbaycanın üstünə belə qızışdırmağı bacaran dövlət sabah osetinlər farsların qohumudur deyə bilər. Özü Abxaziyada gərginlik yaratdı, ermənilər Kremli inandırdı ki, o işi görən türklərdir.
Müasir Qafqazın ən yaxşı səmərəsi MDB məkanında yeni qütbün olmasıdır. Son gərginlikdə Moskva televiziyasında erməni timsallı Ermənistanın hesabına Qərbdə ev-eşik qurmuş ekspertlərin verilişlərində digər ermənilər artıq Qafqazın əvvəlki kimi idarə olunmadığını başa düşürlər. Cənubi Qafqazın əvvəlki kimi idarə olunmaq istəmədiyini başa düşürlər. Azərbaycanın, xüsusilə Prezident İ.Əliyevin bu proseslərə liderlik etməsinin zəruri olduğunu düşünürlər. MDB, Qafqazda gedə biləcək proseslər göstərir ki, Kreml MDB məkanının çoxqütblü idarəçilik konsepsiyasını ortaya qoymalıdır, Qafqaz və Mərkəzi Asiya üçün də ayrı rol nəzərdə tutulmalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 413 dəfə oxunub.