19.06.2025 19:37
Qardaşlığın yeni səhifəsi - Azərbaycan Məhəlləsi
Tarix bir daha yazıldı. Zaman və məkan fərqi olmadan bir-birinə dayaq olan, eyni ağrını bölüşən, eyni sevincə sevinən iki dövlət – Azərbaycan və Türkiyə, bu dəfə Kahramanmaraşda qürurverici bir tabloya imza atdı.
2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra qardaş Türkiyəyə ilk dəstək verən ölkələrdən biri olan Azərbaycan, sadəcə yardım göstərməklə kifayətlənmədi, həm də daimi iz qoyacaq bir yaşayış məhəlləsi – “Azərbaycan Məhəlləsi”ni inşa etdi.
*Qardaşlığın daşdan salınmış simvolu*
Kahramanmaraşda tikilən Azərbaycan Məhəlləsi yüzlərlə ailənin isti ocağına çevrilməklə yanaşı, iki dövlət arasındakı əbədi qardaşlığın simvoluna çevrildi. Yaşayış kompleksindəki binaların üzərində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Binaların girişində “Azərbaycan xalqından Türkiyə xalqına sevgi ilə” mesajı yazılıb.
Bu açılış mərasimi sadəcə rəsmi bir tədbir deyildi. Bu, bir millətin iki dövlət olaraq yaşamasının canlı sübutu idi. Burada verilən hər çıxış, səslənən hər çağırış, çəkilən hər bayraq qürurun, sevginin və həmrəyliyin dilində danışırdı.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, qardaşlıq mesajını bir cümlə ilə bütün dünyaya çatdırdı:
“Sizin 10 milyon, bizim də 80 milyonluq qardaşımız var. Yaşasın Türkiyə-Azərbaycan Birliyi, Qardaşlığı!”
Bu sözlər tədbirdə iştirak edən Türkiyə vətəndaşları tərəfindən ayaqüstə, alqışlarla qarşılandı. İzdiham arasından yüksələn səslər isə bu birliyi daha da gücləndirdi:
“Qarabağ Fatehi!” – Türkiyəli vətəndaşların Prezident Əliyevə səmimi müraciəti qürur dolu anlar yaşatdı.
Ardınca çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu birliyi sözün əsl mənasında əfsanəyə çevirdi:
“Eyni bayrağın kölgəsində dua edən, eyni namazlıqda göz yaşı tökən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq!”
Bu ifadə yalnız siyasi ritorika deyildi – bu, bir taleyin, bir tarixə yazılmış vəhdətin cümləyə çevrilmiş halı idi.
Ərdoğan eyni zamanda Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü də çatdıraraq bildirdi:
*“Azərbaycanlı qardaşlarımız zəlzələ günü bizə necə könül qapılarını açdısa, bu gün də Kahramanmaraşda bizə ev tikərək qəlblərinə buyur etdilər. Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi təşəkkür edirəm. Bu qardaşlıq tarixə yazıldı!”*
Açılış mərasimi zamanı yaşanan duyğulu anlar sosial şəbəkələrdə sürətlə yayıldı. “Qarabağ Fatehi” deyə səslənən insanlar, Kahramanmaraş torpağında Qarabağ zəfərinin ruhunu yaşatdı. Türk xalqı Azərbaycan Prezidentini təkcə bir lider olaraq yox, Qafqazda haqqa imza atan bir qəhrəman kimi qəbul etdiyini göstərdi.
Qardaşlıq təkcə siyasət deyil – ruh məsələsidir.
Azərbaycan Məhəlləsi fiziki bir layihə olsa da, onun daşıdığı mənəvi dəyər ölçülə bilməz. Bu, can verən, dua edən, gözyaşı tökən və birlikdə ayağa qalxan bir millətin yaşadığı ruh halıdır. Kahramanmaraşda tikilən hər evdə, quraşdırılan hər divarda Azərbaycanın ürəyi döyünür.
Biz – Türk milləti olaraq hər zaman eyni taleyi paylaşmışıq. Kahramanmaraşda salınan bu məhəllə, iki dövlət arasında deyil, iki qəlb arasında körpü olmuşdur.
Türk dünyasına xidmət edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri olaraq qürurla deyə bilərəm ki, biz bu birliyin davamçılarıyıq. Bu gün Kahramanmaraşda açılan Azərbaycan Məhəlləsi sabah Türk dünyasının hər guşəsində ucalacaq qardaşlıq abidələrinin xəbərçisidir.
Bir millət, iki dövlət yox, sonsuz ürək – tək ruh!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Yaşasın Türk dünyasının əbədi birliyi!
Şahin Əliyev
Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri
Xəbər 245 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|