Gerçək olan budur ki, qanunların çeynənib ayaqlar altına atıldığı hər yerdə belədir: sanki zahirdə varsan, batində yoxsan – yəni, insan olaraq normal bir ömür yaşamaq halında deyilsən və sənin hüququnla hüquqsuzluğunun nisbət fərqi eynidir.
Bu, gördüklərimizdən artıq görmək istəyimizdən qaynaqlanmır, sadəcə insan olaraq normal yaşamaq istəyi ilə bağlı bir məsələdir. Əslində, dəyərlərin itdiyi yerdə heç nəyin dəyəri olmur. Günlərin xoş olmayan bir günündə də kraxmallı sifətlərdən, pafoslu çıxışlardan bezirsən, usanırsan və hayqıraraq deyirsən ki, bəsdirin, durdurun bu rəzaləti, yetər artıq!
Siz, nə biçim insanlarsınız, məqsədiniz, məramınız nə?
Vətəndaşları öz dövlətindən, onun bütün atributlarından narazı salmaqmı?
Bəlkə də niyyət bu deyil, amma görünən mənzərə budur və bunu diqtə edir!
Məhz, sizin yarıtmazlığınız (gerçəkdə isə bacarıqsızlığınız, tutduğunuz görəvə layiq olmadığınız) səbəbindən vətəndaş haqlı olaraq narazı zümrəyə çevrilir. Çünki məsuliyyət yox, cəza da yox. Olsa-olsa, töhmət olacaq, bir müddət sonra o da “hörmətlə” yuyulub təmizlənəcək.
İnanılması mümkünsüz olan real mənzərənin əyani sübutunu diqqətinizə çatdırmaq istərdim.
Yaşadığımız (5 mərtəbəli, 6 bloklu, 90 mənzilli) binanın (Binəqədi r., 7-ci mik-n, A.Kunanbayev küç., bina 14) zirzəmisi illərdir ki, fəlakət həddindədir – kanalizasiya xəttindəki nasazlıq səbəbindən çirkab sular birbaşa zirzəmiyə axır və ADSEA (Azərsu) isə bunu görməzdən gəlir. Sakinlərin dəfələrlə müraciət etməsinə rəğmən, problem bugünədək tam olaraq öz müsbət həllini tapmayıb. Hər dəfə üfunət dözülməz həddə çatanda isə, çirkab suyun çəkilməsi üçün edilən müraciətlərə Binəqədi Sukanal idarəsinin uzunmüddətli susqunluğuna heyrət etməmək mümkünsüzdür. Bir xeyli xahiş-minnətdən sonra gəlib, qismən də olsa, çirkab suyu çəkməklə məsələni çözmüş hesab edirlər.
Artıq, bir aya yaxındır ki, yaşayış dözülməz həddə çatıb: sanki açıq kanalizasiya xətti mənzilin (yaşadığımız mənzilin – 3-cü blok, mənz. 38) içindən axıb gedir, edilən müraciətlərin də faydası yox.
Təbii ki, ADSEA-nın vətəndaşlara qarşı bu sayaq sayğısızlığı olduqca utancverici haldır və Dövlət adına rəzalətdir. Bu kimi hallar birbaşa olaraq Dövlət qurumlarına inamı azaldır, insanlarda ümidsizlik hissi yaradır.
Bu işin məsuliyyəti təkcə ADSEA-nın deyil, paralel olaraq, həm də Binəqədi RİH (icra başçısı Elxan Allahverdiyev) tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Birliyi, xüsusən də ərazidəki 80 saylı MİS-in üzərinə düşür. Edilən müraciətə 80 saylı MİS-dən heç bir reaksiyanın olmaması isə əsla təəccüblü görünmür mənə - artıq, onlar da gərəksiz bir qurum olduqlarını isbatlamadadırlar. (Allah bilir) bəlkə də bu binanın zirzəmisi sənəd üzərində bir neçə dəfə “əsaslı təmir” olunub... Bunların “müsbəti” də il ərzində bir-iki dəfə çirkab suyu çəkməkdən o yana keçmir. Guya, problemi kökündən həll etdilər. Yalanın da həddi var, daha bu qədər də yox!
Üfunət dərdi azmış kimi, bu yandan da istilik problemi çıxdı ortaya, yəni, yenə də kəsilib – istilik də istilik olsa. Adətkardayıq və onsuz da hər il belədir. İstiliyin rəsmən verilməsindən 21 gün ötsə də, suda, quruda yaşayanlara and olsun ki, mənzilimizə heç 10,5 gün də istilik daxil olmayıb. Bir müddət sonra da abırsızcasına gəlib deyəcəklər ki, olmayan istiliyə görə ödəniş edin. Və hər dəfə də qapını döyüb “istilik haqqı” istəyəndə elə bilirəm ki, “Azəristiliktəchizat”a xeyrat yığmağa gəliblər.
Bunların iş prinsipi – bacarıqsızlığı, səriştəsizliyi... budur və biz toplum olaraq bu sayaq idarə olunuruq. Şübhəsiz, hər hansı bir dövlət qurumu üzərinə düşən vəzifəni doğru-düzgün icra edə bilmirsə, demək, ona rəhbərlik edənlər tutduqları görəvə layiq deyil.
Hələki günümüz-güzəranımız bu sayaqdır, yəni ki, fərman sizin fərmanınız, dövran sizin dövranınızdır – yığın, qamarlayın, dağıdın... Gec və ya tez, onsuz da bir gün bunun bədəlini ödəməli olacaqsınız!
Bu sual həmişə məni düşündürür və yazılarımda da ara-sıra bunu vurğulayıram: Yəni, vətəndaş hansı halda mövcud hakimiyyətdən narazı qalır? İlk növbədə onu dövlət adına süründürən dövlət qurumlarındakı bir sıra məmur zümrəsindən özünə qarşı təkrar-rəkrar sayğısızlıq görəndə. Bu zaman vətəndaş haqlı olaraq özünün güvənsizliyini zənn edəcək, onu bu “istiqamətə” doğru yönəldənlərə (əslində isə, qeyri-ixtiyari mövcud hakimiyyətə) qarşı daxilində, hətta istəməsə belə, bir inamsızlıq yaranacaqdır. Və beləcə, dövlətin (hakimiyyətin) sütunları zədələnir...
Vasif Hüseynov
Xəbər 552 dəfə oxunub.