Ağstafada bir torpaq sahəsinin taleyi əslində təkcə bir ailənin mülkiyyət davası deyil, dövlət institutlarına inamın, qanunun aliliyinin nə dərəcədə işlədiyinin göstəricisinə çevrilib. Qarşıda duran mənzərə sadədir: məhkəmənin açıq-aşkar qərarları var, icra sənədləri var, hətta cərimələr də var... Amma tikinti bütün bunlara meydan oxuya-oxuya davam edir. Sual isə budur: Ağstafada real güc kimdədir: dövlət qurumlarında, yoxsa “makler qruplaşması” adlandırılan maraq dairələrində?
Əlbəttə, mübahisəli ərazi təsadüfi şəxsin yeri deyil. Birinci Qarabağ müharibəsi veteranı, Fəxri Fərmanla təltif olunmuş Elşən Musayevin ata yurdu sayılan ünvan, Ağstafa şəhəri, Heydər Əliyev prospekti 53-dür. Elşən Musayev bu torpağı 19 fevral 2004-cü ildə Ağstafa Bələdiyyəsindən alqı-satqı yolu ilə rəsmən alıb, 2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçü təsdiqlənib, 2008-ci ildə İcra Hakimiyyəti tikinti üçün sərəncam verib. Lakin bu hüquq illər sonra özünün iddia etdiyi kimi sənədlər manipulyasiya edilərək əlindən alınıb.
Prosesin qaranlıq nöqtəsi bələdiyyə və ailədaxili “sövdələşmə” mərhələsində başlayır.
E.Musayev illərlə torpağın vergisini ödəyir, amma ondan xəbərsiz bacısı Məlahət Musayevanın xeyrinə alqı-satqı müqaviləsi bağlanır, daha sonra bu torpaq bələdiyyə tərəfindən Mircəlal Mahmudova satılır. Hələ bu azmış kimi torpaq üzərində çıxarış olan köşk də icazəsiz sökülür. Torpağın sahibi bir gün vergi ödəməyə gedəndə öyrənir ki, həmin torpaqda artıq nə hüququ, nə də sahiblik statusu qalıb.
E.Musayev açıq şəkildə bildirir ki, nə onu, nə vəkilini, nə də məhkəməni bu prosesə cəlb etmədən “azərbaycansayağı” qərarlar qəbul edilib.
Bu məqamda məhkəmə sistemi hərəkətə keçir və ilk baxışdan ədalət qalib gəlir kimi görünür. Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə 03.02.2025-ci il tarixli qərarla Məlahət Musayeva ilə Ağstafa Bələdiyyəsi arasında bağlanmış 01.09.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılır, M.Musayevanın adına verilmiş çıxarış da ləğv edilir. Ardınca 18.07.2025-ci il tarixli qərardadla həmin torpaq sahəsində istənilən tikinti, bərpa və dəyişiklik işləri M.Musayeva və digər şəxslərə qadağan olunur, bu işin icrası isə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilir.
Sənəd mükəmməldir, hüquqi baza aydındır, amma kağız üzərində... Reallıqda isə tam başqa tablo var. Məhkəmənin tikintinin dayandırılması ilə bağlı qərarından cəmi bir neçə gün sonar, gecə saatlarında əraziyə texnikalar girir, qazıntı aparılır, dirəklər basdırılır, üstü dəmir konstruksiya ilə bağlanır ki, içəridə gedən işlər kənardan görünməsin.
E.Musayevin vəkilinin icra məmurları ilə birgə əraziyə gələrək işlərin dayandırılmasını tələb etməsi də nəticə vermir. Tikintiyə rəhbərlik edən tərəfin
“mənim tikintimi heç kim saxlaya bilməz” sözləri faktiki olaraq məhkəmə qərarına, icra sənədinə və dövlətin nüfuzuna yönəlmiş açıq çağırış kimi səslənir. Və ən acınacaqlısı budur ki, bu cəzasız qalmır, sadəcə tikintidə işləyən fəhlə simvolik 500 manatlıq cərimə ilə “ört-basdır” edilir.
Burada tənqid yalnız tikinti aparan şəxslərə yox, daha çox dövlət institutlarına yönəlməlidir.
Ədliyyə Nazirliyinin regional idarəsi rəsmi cavabında tikintinin dayandırıldığını iddia edir, amma eyni anda ərazidə işlər gecə-gündüz davam edirsə, bu, ya bilərəkdən yanlış məlumat yayılması, ya da prosesə göz yumulması deməkdir.
Daxili İşlər Nazirliyinin “102” xidmətinə dəfələrlə müraciət olunmasına baxmayaraq, polis hadisə yerinə yaxın düşmürsə, vətəndaşın dövlətə güvəni nəyə əsaslansın?
Təbii Sərvətlər və Ekologiya Nazirliyi illərlə göyərən şam ağaclarının kökündən çıxarılıb atılmasını
“külək hadisəsi” ilə izah edirsə, bu, artıq satirik səviyyədə məsuliyyətsizlikdir.
Və əgər Ağstafa rayon İcra Hakimiyyəti prosesi kənardan müşahidə edirsə, deməli, başçı ya “yol üstədir”, ya “qara maskalıları” gözləyir...
Bu işin ən həssas tərəfi isə mülkiyyətçinin - yəni E.Musayevin statusudur. Söhbət Qarabağ müharibəsində döyüşmüş, gəncliyini düşmənə sipər etmiş şəxsin hüquqlarından gedir.
İnsan illərlə Bakıda yaşayıb, doğma rayonuna yatırım etməyə, ata yurdunda obyekt tikib məşğulluq yaratmağa çalışır, nəticədə isə əmlakı əlindən alınır, köşkü sökülür, torpağının dəyəri kimlərinsə arasında bölüşdürülür və indi həmin pullar məhkəmə instansiyalarında ona qarşı “resurs” kimi istifadə olunur. Bu, təkcə bir şəxsin dramı deyil, müharibədən sonra normal, ədalətli həyat gözləyən minlərlə döyüşçü üçün pis presedentdir:
“Sən döyüşdün, amma torpağın üstündə söz SAHİBi yenə də sənədlərlə oynayanlardır”.
Başqa bir ciddi problem isə icra intizamının iflasıdır. Məhkəmə qərarı var, qərardad var, “həbs” qoyulmuş ərazi var, amma icra mexanizmi işləmir. Vəkilə
“tədbir görüləcək” deyilib telefonla yola salınması, vətəndaşın hər dəfə müraciət edib yalnız
“vəd” alması göstərir ki, yerli icra strukturları ya öz vəzifəsini icra etmək istəmir, ya da hansısa təsirin, marağın altındadır. Bu vəziyyət qanunun aliliyi prinsipini formal şüara çevirir: kağız üzərində ədalət, həyatın içində isə özbaşınalıq...
Nəticə etibarilə Ağstafadakı bu iş bir torpaq çəkişməsindən çox-çox kənara çıxır. Bu, bələdiyyənin mülkiyyət hüququnu necə manipulyasiya edə bildiyinin, məhkəmə sisteminin qərarlarının hansı mexanizmlə yubadıldığı və icra strukturlarının bu prosesə necə susqun yanaşdığının testidir. Əgər bir insanın, illərlə vergisini ödədiyi, bütün sənədləri qaydasında olan mülkü bu qədər rahatlıqla əlindən alınıb, üzərində tikinti aparıla bilirsə, sabah digərləri hansı hüquqlarının qorunacağına inanacaq?
Paralel olaraq, təxminən eyni şəxslərin iştirakı ilə E.Musayevin ata mirasında vərəsələrin hüquqlarının pozulması ilə nəticələnən hərəkətlərə qarşı da iddia Ağstafa Məhkəməsində icraatda saxlanılır və bu işə məhkəmə sədri Natiq Abbasovun hakimliyi ilə baxılır. Maraqlı şəxs qismində isə E.Musayev və digər üç vərəsənin iddiaları araşdırılır.
Əlbəttə, bu iş yalnız bir şəxsin haqsızlığı deyil, dövlətə və ədalətə inamın imtahanıdır. Məhkəmə “DUR” deyirsə, amma ekskavator “DAVAM” edirsə, orada hüquq yox, güc mədəniyyəti işləyir. Əgər bu zəncir qırılmasa, Ağstafada baş verənlər başqa rayonlarda da təkrarlanacaq - fərq yalnız küçənin adı və sahibkarın soyadı olacaq.
M.Oruclu
Xəbər 332 dəfə oxunub.