Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.05.2025  09:57 

Məzmunun inkarı - Məcburi Sosial Sığorta sisteminin görünməyən tərəfləri





A+  A-

Müasir sosial dövlət anlayışında vətəndaşların sosial müdafiəsi məqsədilə müxtəlif institusional mexanizmlər yaradılmışdır. Ölkəmizdə də bu məqsədlə tətbiq olunan Məcburi dövlət sosial sığorta haqları mexanizmi 1997-ci ildə qəbul edilmiş “Sosial sığorta haqqında“ qanunla müəyyənləşdirilmişdir. Lakin bu sistemin hüquqi və praktiki tətbiqi zaman-zaman cəmiyyətin ədalət hissi ilə ziddiyyət təşkil edir. Məcburi Sosial Sığorta nədir?

Məcburi dövlət sosial sığorta haqları işçinin əmək haqqına əsasən hesablanır və bu proses Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Məcburi dövlət sosial sığorta haqları kimlər üçün və necə hesablanır? Muzdlu işçilər (maaşla işləyənlər) üçün (missal): Əgər, bir işçinin maaşı 1000 manatdırsa, işəgötürən:

1000 × 22% = 220 manat DSMF-yə ödəyir İşçi: 1000 × 3% = 30 manat maaşından tutulur. Cəmi: 250 manat sosial sığorta haqları olaraq DSMF-yə köçürülür. Fərdi sahibkarlar (VÖEN-lə işləyənlər) üçün bu kateqoriya üzrə müəyyən sabit məbləğ əsasında sosial sığorta haqqı ödənilir və bu məbləğ regiona və fəaliyyət növünə görə dəyişir. Misal: fəaliyyət yeri Bakı şəhəri üzrə sığorta haqqı aylıq 23 manat, illik 276 manat, Gəncə ,Sumqayıt, Abşeron rayonu 20 manat, illik 240 manat, digər rayon və şəhərlər üzrə 16-12 manat, 192 manat və ya 144 manat təşkil edir.

Qeyd olunan məbləğlər minimum aylıq əmək haqqının müəyyən faizi kimi hesablanır və Nazirlər Kabinetinin qərarına əsasən, hər il yenilənir. Bu vəsaitlər Dövlət Sosial Müdafiə Fonduna yönəldilərək vətəndaşların gələcəkdə pensiya, müavinət və digər sosial təminat alması məqsədilə toplanır.

Bu sistem nəzəri baxımdan sosial ədalət və təhlükəsizlik məqsədi daşısa da, praktikada ciddi suallar doğurur. Vətəndaşın haqqı kimindir?

Vətəndaşlar illərlə bu fonda vəsait ödəyir. Amma: - əgər, şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun sosial kapitalı tam şəkildə ailəsinə qaytarılmır. yalnız müəyyən hallarda (məsələn, varis 18 yaşına çatmamış uşaqdırsa) vəsaitin bir hissəsi ödənilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bu vəsait şəxsi mülkiyyət deyil, bu bir növ şərti hüquqi tələbdir. Yəni, vətəndaş bu kapitala sadəcə gələcək pensiya almaq hüququ ilə bağlı iddia edə bilər. Ədalət və hüquq baxımından: əgər, şəxs illərlə bu vəsaiti öz maaşından ödəyibsə, onun mülkiyyət kimi qorunması və varislərinə keçməsi hüquqi baxımdan şəxsi mülkiyyət kimi tanınmalıdır. Digər bir tərəfdən, vətəndaş uzun illər çalışıb işləyir, şəxsi qazancından Məcburi dövlət sosial sığorta haqqı ödəyir. Müxtəlif səbəblərdən iş yerini dəyişir və ya əmək fəaliyyəti dayandırılır. Bu zaman vətəndaş təbii olaraq banklara olan kredit borclarını ödəyə bilmir. Çıxış yolu tapa bilmədiyi üçün ən yaxşı halda xaricə üz tutmalı olur və ya intihara əl atır. Lakin çalışdığı vaxt Məcburi dövlət sosial sığorta haqqı ödəməsinə və hesabında yüksək məbləğlər olmasına baxmayaraq, həmin vəsaitdən istifadə edə bilmir. Bu, nə dərəcədə ədalətlidir?

Əgər, şəxs pensiya yaşına çatmadan vəfat edərsə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş pensiya almağa başlayana qədər yığılan kapital yalnız o vətəndaş üçündür. Amma ümumilikdə, kapitalın tam məbləği ailəyə qaytarılmır. Bu, o deməkdir ki, vətəndaş illərlə pul ödəyib, amma istifadə etmədən vəfat etdikdə ailəsi bu vəsaiti ala bilmir. Dövlət bu kapitalı ümumi fondun bir hissəsi sayır. Bu isə, həm mülkiyyət hüququnu, həm də miras hüququnu faktiki olaraq pozmaqla yanaşı, həm də varislik hüququnun məhdudlaşdırılmasıdır. Mülki Məcəlləyə görə, vətəndaşın əmlakı, pulu, bank hesabları və digər hüquqları miras qala bilər. Amma sosial kapital bu sıraya daxil edilmir. Bu təbii ki, hüquqi baxımdan seçici yanaşmadır və konstitusiyadakı bərabərlik, mülkiyyət və hüquqların qorunması prinsipinə tamamilə ziddir. Avropa təcrübəsi ilə müqayisə etsək, bir sıra Avropa ölkələrində sosial kapital şəxsə real kapital kimi tanınır. Əgər, şəxs vəfat edərsə, yığılmış vəsait tam şəkildə ailəsinə miras qalır və ya təyinatlı şəxsə köçürülür. Bu, həm mülkiyyət hüququnu qoruyur, həm də ədaləti təmin edir.

Nəticə baxımından, Azərbaycanda hazırkı sistem mülkiyyət hüququnun açıq şəkildə məhdudlaşdırılmasıdır. Varislik hüququnun bu formada tanınmaması, əslində məzmunun inkarıdır. Əgər, bu kapital şəxsin maaşından tutulursa, onun şəxsi mülkiyyəti kimi tanınmaması hüquqi ziddiyyətdir.

Sosial sığorta kapitalı ilə bağlı fərqli ölkələrin yanaşması Azərbaycanın mövcud praktikasından kəskin şəkildə fərqlənir. Avropa İttifaqı ölkələrində (xüsusilə Almaniya, Niderland, Fransa) əmək fəaliyyəti dövründə toplanan sosial kapital işçinin şəxsi hüququ hesab olunur. Əgər, şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun sosial kapitalı varislik hüququ əsasında ailəsinə tam şəkildə və ya müəyyən faizlə ödənilir.

Vətəndaşların sosial kapitalı dövlətin ümumi fonduna deyil, fərdi hesabda saxlanılır və bu vəsait onların mülkiyyəti kimi tanınır. ABŞ-da Dövlət sosial təminatı ilə yanaşı, fərdi pensiya yığım planları da geniş yayılıb (məsələn, 401(k) planları). 401(k) — ABŞ-da işləyən insanların gələcək pensiyaları üçün könüllü şəkildə öz maaşlarından xüsusi fonda pul yığmasına imkan verən fərdi pensiya yığım proqramıdır. Bu sistem 1978-ci ildə ABŞ-da qanunla tənzimlənib və adını həmin qanunun "401-ci maddəsi"ndən götürüb.

Həmin qanuna görə, işçi hər ay öz maaşının bir hissəsini (məsələn, 5%, 10% və s.) könüllü olaraq 401(k) hesabına köçürür. Bu pullar vergi güzəşti ilə hesabda yığılır. Yəni, həmin pula görə işçi dərhal vergi ödəmir. Vergi yalnız o zaman tutulur ki, işçi pensiya yaşına çatıb bu vəsaiti çıxarır. İşəgötürənlər də işçilərə tez-tez əlavə stimul verirlər. Məsələn, işçi maaşının 5%-ni 401(k) hesabına yatırırsa, işəgötürən də ona əlavə olaraq 3%-5% öz hesabından ödəyə bilər. Buna "employer match" (işəgötürənin əlavəsi) deyirlər. İnsan özü öz pensiya kapitalını toplayır, dövlətə tam güvənmək məcburiyyətində qalmır. Fondlardakı pullar fərdi adla qeyd olunur və insanın şəxsi mülkiyyəti sayılır. Əgər, işçi vəfat edərsə, 401(k) hesabında yığılan pullar tam şəkildə varislərinə miras qalır. Bu hesablardakı pullar banklar, investisiya fondları tərəfindən idarə olunur — yəni vəsaitlər boş-boşuna yatmır, artırıla da bilər (müəyyən risklərlə). Tutaq ki, bir işçi hər ay 1000 dollar maaş alır. O, 10% (yəni 100 dollar) 401(k) hesabına yatırır. İşəgötürən də onun hesabına hər ay əlavə 50 dollar yatırır. Beləliklə, ay ərzində onun pensiya hesabında 150 dollar yığılır. Bu pul il ərzində 1800 dollar olur, üstəlik investisiyadan gəlir də əldə edə bilər (faiz gəliri və s.).

İllər keçdikcə bu vəsait artaraq böyük məbləğə çevrilir və işçi pensiyaya çıxdıqda həmin vəsaiti öz hesabına sərbəst istifadə edə bilir. 401(k) sistemi ABŞ-da insanlara öz pensiya gəlirlərini idarə etmək, yığılan pulu tam mülkiyyət kimi saxlamaq, istədikləri vaxt varislərinə ötürmək, Dövlət sistemindən tam asılı olmamaq imkanı yaradır. Bu, insanlara həm azadlıq, həm də mülkiyyət hüququ verir. Şəxsin pensiya hesabındakı vəsait onun tam mülkiyyəti sayılır və şəxs vəfat edərsə, bu vəsait tam şəkildə varislərə miras qalır. Skandinaviya ölkələrində də Dövlət təminatı yüksəkdir, amma fərdi kapital anlayışı da qorunur. Sosial kapital şəxsə məxsus sayılır və varislik qaydalarına uyğun olaraq ailəyə ötürülür. Azərbaycanda isə fərqlənir, çünki Dövlət sosial kapitalı şəxsin şəxsi mülkiyyəti kimi tanımır. Şəxsin vəfatından sonra kapital ümumi fonda keçir və yalnız məhdud hallarda ailəyə dəstək göstərilir. Bu isə, Avropa hüquq standartlarına və insan hüquqları prinsiplərinə tam uyğun gəlmir. Azərbaycan Respublikasının sosial sığorta sistemində vətəndaşların kapital hüquqları daha aydın və ədalətli şəkildə tənzimlənməlidir. Sosial kapital şəxsi mülkiyyət kimi tanınmalıdır və vətəndaşın ölümündən sonra onun yığımı yaşından asılı olmayaraq varislərinə keçməlidir. Varislik hüququ açıq şəkildə qanunda göstərilməlidir. Sosial kapital bank hesabı, əmlak və digər aktivlər kimi miras qalmalıdır. Fərdi pensiya hesabları sistemi yaradılmalı, hər bir vətəndaş öz sosial kapitalını izləyə və idarə edə bilməlidir. Həmçinin, şəffaflıq artırılmalı, vətəndaşlar sosial kapitalı barədə tam və aydın hesabat almaq imkanı qazanmalıdırlar. Xüsusilə, ictimai müzakirə açılmalı, vətəndaş cəmiyyəti, hüquqşünaslar və ekspertlər bu sahədə islahatlara dair tövsiyələr təqdim etməlidir. Və aydın olmalıdır ki, sosial kapital vətəndaşın illərlə qazandığı, dövlətə etibar etdiyi şəxsi əmlakıdır. Onun şəxsi mülkiyyət hüququ kimi qorunmaması yalnız hüquqi ziddiyyət deyil, həm də insanın dövlətə olan etimadını sarsıdan bir problemdir. Ədalətli və şəffaf sosial təminat sistemi üçün, ölkəmizdə sosial kapitalın hüquqi statusu yenidən müəyyən edilməli və varislik hüququ tam təmin olunmalıdır.



İlhamə Səmədova


Xəbər 651 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +