05.12.2025 12:52
İranın Xəzər gərginliyi: Azərbaycan niyə əsas hədəfdir?
İran Xəzərə ABŞ və NATO qüvvələrinin gətirilməsi, Xəzər neftinin guya B.Netanyahuya “bağışlanması” ilə bağlı iddiaları gündəmdən salmır. Bu yanaşma İranın Azərbaycan dövlətçiliyinə və xalqına qarşı qərəzinin, siyasi nifrətinin açıq nümunələrindəndir. Bəzən bu ittihamlarına Qazaxıstanı da qatır, lakin əsas hədəf, şübhəsiz ki, Azərbaycandır.
Türkiyə İzmirdə hərbi təlim keçirir və Azərbaycan həmin təlimə dəvət olunur. İran isə bundan belə nəticə çıxarır ki, guya İzmirdə keçirilən dəniz-xilasetmə təliminin iştirakçıları Xəzərə gətiriləcək. Üstəlik, prosesi bitməsini, rəsmi informasiyaların tam yayılmasını gözləmədən bu qənaətə gəlir.
Halbuki bir neçə məqamı xatırlatmaq yerinə düşər:
I. Xəzərdə Azərbaycanın payı 20%-dir, dənizin 4/5 hissəsi digər sahilyanı dövlətlərə məxsusdur və bunun da böyük qismi Rusiyanın sektorudur. İranın payı isə təxminən 13,8%-dir. Xəzərdə hansısa problem yaranarsa, İran Xəzər bölgəsində itirən tərəflərdən biri olmayacaq.
II. ABŞ-ın müdaxilə edə biləcəyi İran qonşularının sayı çoxdur. Vaşinqtonun hansısa hücum vasitələrini məhz Azərbaycan ərazisində və ya onun Xəzər sektorunda yerləşdirməsi heç də mütləq deyil. ABŞ-ın regional hərbi-siyasi imkanlarını nəzərə alsaq, İran üçün ən böyük risk Fars körfəzi və digər cənub qonşuları vasitəsilə yaranır. Bu baxımdan İranın Xəzəri xüsusi hədəf kimi təqdim etməsi məntiqi izah vermir. ABŞ və NATO-nun artıq hazır hücum imkanları olduğu halda, heç bir dövlətin Xəzərdə hücum xarakterli hərbi gücü yoxdur.
III. ABŞ və NATO-nun Xəzərə “gəlməsi” ilə bağlı İranın mövqeyi yeni deyil. 2018-ci ildə Aktauda Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın hazırlanması zamanı Tehran eyni arqumentləri təkrarlayırdı. Elə həmin dövrdə İranın narahatlığını nəzərə alaraq Rusiya Xəzərin hərbi təhlükəsizliyi məsələsini öz üzərinə götürdü və bu, Konvensiyada rəsmi şəkildə əks olundu. İran sənədi imzalasa da, ratifikasiya etmədi. Əgər indi ratifikasiya etsə, Xəzərdəki öz hərbi təhlükəsizliyinin təmin edilməsini Rusiya üzərinə həvalə etmiş olacaq.
IV. Xəzər dənizində hərbi baxımdan ən aqressiv davranan dövlət elə İranın özüdür. Tehran dəfələrlə Azərbaycana qarşı hərbi təxribatlara cəhd edib, hərbi təlimlərində Azərbaycanın hesab olunan su sahəsinə daxil olmaq niyyətini nümayiş etdirib. İran bu addımları dayandırmalı, Gilan RLS-i də aradan qaldırmalıdır.
V. Gilan RLS-i Rusiya üçün məhv edilməli hədəflərdən biridir və İran bunu unutmağa meyilli olmamalıdır. Hazırda Tehran Rusiyanın əleyhinə təbliğat aparmır və özünü “dost” kimi göstərir, amma bu münasibətin mahiyyəti aydındır. Mirzə Kiçik xana dair tarixi məsələlər İranla Rusiyanın baxış fərqlərini bir daha göstərir və bunun Xəzər kontekstində birbaşa çəkisi var. İran nə qədər sakit davranar, daxili sabitliyinə diqqət yetirər və iqtisadiyyatını qurmağa çalışarsa, özü üçün bir o qədər faydalı olar.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 989 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|