Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.12.2025  12:35 

Dövlət çevrilişində diaspor izi… - Abbas Abbasovun Rusiyadakı şəbəkələri…





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digər şəxslər barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” maddəsi üzrə aparılan istintaq son illərin ən qalmaqallı siyasi-hüquqi proseslərindən biri kimi diqqət çəkir. Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun da istintaqa cəlb edilməsi barədə qərar verilməsi, prosesin yalnız ölkədaxili deyil, eyni zamanda xaricdə formalaşmış şəbəkələrə də uzandığını göstərir. İstintaqdan yayındığı və ölkə hüdudlarından kənarda olduğu üçün Abbas Abbasov barəsində axtarış elan edilməsi bu ehtimalları daha da gücləndirir.

“Milyarderlər İttifaqı”- Diaspor adı altında siyasi platforma

Abbas Abbasov 2006-cı ildə vəzifəsindən azad edildikdən sonra Rusiya Federasiyasında məskunlaşması onun fəaliyyətində yeni mərhələnin başlanğıcı sayılırdı. Məhz bu dövrdən etibarən Abbas Abbasovun adı Rusiyadakı Azərbaycan diaspor qurumları ilə sıx şəkildə hallanmağa başlayır. O diaspor ki, parçalanmış və ələ keçirilməyə hazır idi…

Rusiya kimi nəhəng və mürəkkəb siyasi mühitdə diaspor strukturlarının nəzarət altına alınması yalnız ictimai fəaliyyət deyil, eyni zamanda ciddi siyasi təsir mexanizmi kimi çıxış edə bilərdi. Hazırda baş verənlər onu deməyə əsas verir ki, bu reallıq fonunda Abbas Abbasovun təşəbbüsləri təsadüfi yox, sistemli xarakter daşıyırmış.

2012-ci ildə Abbas Abbasovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı, mediada daha çox “Milyarderlər İttifaqı” adı ilə tanınmağa başladı. Rəsmi izahda bu qurumun məqsədi Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasında “koordinasiyanı gücləndirmək” kimi təqdim edilirdi. Lakin proseslər göstərdi ki, bu struktur ətrafında yaranan siyasi ambisiyalar onun sırf diaspor məqsədləri ilə məhdudlaşmadığını ortaya qoyur.

Abbas Abbasov həmin dövrdə media qarşısında açıq şəkildə bildirirdi ki, “Milyarderlər İttifaqı” 2013-cü ildə Rusiyada azərbaycanlı diaspor təşkilatları arasında mərkəzdənqaçma proseslərini dayandırmaq üçün təsis edilib!



Bəli, iddia böyük olduğu kimi, arxasında da siyasi ambisiyaları var idi. Bu açıqlama zahirən birləşdirici mahiyyət daşısa da, 2013-cü ilin prezident seçkiləri ərəfəsində baş verənlər tamamilə fərqli mənzərə yaratdı.

Seçkilər ərəfəsində diasporun siyasiləşməsi

2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi “Milyarderlər İttifaqı”nın fəaliyyəti siyasi dairələrdə ciddi narahatlıq doğurdu. Mediada ittifaqın Koordinasiya Şurasında Abbas Abbasovun birbaşa rəhbərliyi ilə fəaliyyət göstərdiyi, qurumun üzvləri arasında Rüstəm İbrahimbəyov kimi siyasi yox, mədəni çəkisi olan fiqurların yer aldığı vurğulanırdı. Ekspertlərdən bəziləri isə daha açıq şəkildə bildirirdilər ki, Moskva mühitində formalaşan bu struktur artıq diaspor yox, siyasi təsir alətinə çevrilməkdədir.

2013-cü ildə diaspor strukturlarının guya genişləndirilməsi və əlaqələndirilməsi məqsədilə “Ağsaqqallar Şurası” yaradıldı. Bu quruma Rüstəm İbrahimbəyov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov daxil edildi. Abbas Abbasov isə bu qurumda əsas söz sahibinə çevrildi.

Rəsmi təqdimatda bu addım diasporun vahid struktur altında birləşdirilməsi kimi göstərilsə də, sonrakı proseslər bunun tam əksini sübut etdi. Diaspor daxilində parçalanma dərinləşdi, fərqli mərkəzlər yarandı və bu mərkəzlər artıq milli maraqlardan çox şəxsi və siyasi ambisiyalara xidmət etməyə başladı.

Rusiyada regional dayaqların qurulması

Əlbəttə, “Milyarderlər İttifaqı”nın Rusiyadakı Azərbaycan diasporuna ziyandan başqa bir şey verə bilməzdi. Bu faktı Diasporla İş Üzrə Dövlət Komitəsinin o zamankı sədri Nazim İbrahimov da mətbuata açıqlamasında təsdiq etmişdi (dekabr, 2012).

“Bir daha söyləyirik ki, həmin qurumun yaranması Rusiyada olan Azərbaycan diasporunun təşkilatlanmasına ziyandan başqa bir şey gətirə bilməzdi”, - deyə N.İbrahimov əlavə etmişdi.

Rəsmi Bakının bu mövqeyinə əhəmiyyət verməyən və bu prosesdə xüsusi diqqət çəkən fiqurlardan biri isə Samara vilayətində Azərbaycan icmasının rəhbərlərindən olmuş Şirvan Kərimov idi. Şirvan Kərimov həm də diaspor daxilində parçalanmaya meyilli şəxs kimi xarakterizə olunur.



Heç kimə sirr deyil ki, Şirvan Kərimov Abbas Abbasovla birgə hərəkət edərək onun Samaraya dəvət edilməsində (may, 2013), diaspor liderləri ilə görüşlərin təşkilində və hətta şəhər rəhbərliyi ilə rəsmi görüşlərin (Samara vilayətinin qubernatoru Nikolay Merkuşkin) keçirilməsində mühüm rol oynayıb. Başqa sözlə, Abbas Abbasovun regionlardakı dayaqları məhz belə yerli diaspor rəhbərləri üzərindən formalaşdırılıb.

Ortaya çıxan mənzərə göstərir ki, Rusiyadakı Azərbaycan diasporunun bir hissəsi illər boyu tədricən ictimai-mədəni platformadan çıxarılaraq siyasi alətə çevrilmişdi. Bu prosesin mərkəzində Abbas Abbasov kimi keçmiş yüksək vəzifəli şəxslərin dayanması, istintaq materiallarında “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamının məhz bu kontekstdə səslənməsini daha anlaşılan edir.

Bəli, bugünkü istintaq yalnız keçmişin hesabatı deyil. Bu, eyni zamanda diaspor adı altında qurulan qeyri-şəffaf şəbəkələrin gələcəkdə hansı təhlükələr yarada biləcəyinə dair ciddi xəbərdarlıqdır. Dövlət çevrilişinə aparan yollar bəzən paytaxtlardan deyil, xaricdəki “icma mərkəzlərindən” başlaya bilər.

M.Oruclu
XəzərNews.az



Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +