24.05.2025 12:15
Bakıda 43 yaşlı kişi arvadını xəyanətdə.... - Təfərrüat
Bakının Suraxanı rayonunda ər-arvad arasında qısqanclıq zəminində mübahisə cinayətlə nəticələnib.
XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il noyabrın 30-da baş verib.
1982-ci il təvəllüdlü əslən İmişli rayonundan olan Səməd həmin gün saat 23:00-da birlikdə yaşadıqları evdə həyat yoldaşı Sonayla (adlar şərti verilib – red.) xəyanətlə bağlı mübahisə edib.
Mübahisə zamanı Səməd arvadının bədəninin müxtəlif nahiyələrinə zərbə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Sona ilə 2014-cü ildə ailə qurub: “Həmin ildə ailə həyatı qursaq da, rəsmi nikahımız yoxdur. 2016-ci il tarixdə qızımız Bahar, 2017-ci ildə oğlumuz Kənan, 2021-ci ildə Hüseyn dünyaya gəldilər. Son zamanlar həyat yoldaşım mənə qarşı soyuq rəftar edib. Məni evdə saymır, hər sözümə əsəbi cavab qaytarırdı. Düşündüm ki, soyuqluğun səbəbi həyat yoldaşımın başqa şəxslə münasibət qurmasıdır. Son zamanlar buna görə həyat yoldaşımla mütəmadi mübahisə etmişəm. Sonaya mənə xəyanət etdiyin i desəm də, o, qəti şəkildə etiraz edib və xəyanət etmədiyini bildirib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 30-da axşam saatlarında Sona ilə xəyanət mövzusunda mübahisə ediblər: “Həyat yoldaşım yenə də mənim ona xəyanət etmədiyini bildirdi. Mən əsəbləşərək əlimlə onun bədəninin müxtəlif nahiyələrinə vurdum, kəllə zərbəsi ilə sol göz nahiyəsinə xəsarət yetirdim. Sona evdən çıxaraq qonşuluqda yaşayan atası evinə getdi. Daha sonra məndən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət etdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, həyat yoldaşı Səməd mütəmadi olaraq heç bir əsas olmadan onun guya xəyanət etdiyini bildirib və onu qısqanıb: “Noyabrın 30-da saat 23:00-da yaşadığımız evdə həyat yoldaşım mənimlə yenə eyni səbəbdən mübahisə etməyə başladı, xəyanət etdiyimi bildirərək əli ilə bədənimin müxtəlif nahiyələrinə, həmçinin sol göz nahiyəmə kəllə zərbəsi ilə vurdu. Ərimdən şikayətçiyəm”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səməd 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Xəbər 48 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|