Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb


17.12.2025  09:54 

İRANIN HƏDƏFİ: SƏRT ANTİ-AZƏRBAYCAN XƏTTİ





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

- Son dövrlər İranda baş verən proseslər və aparılan axtarışlar ölkədə yeni keyfiyyət mərhələsinin formalaşdığını göstərir. Ən gözlənilməz məqam İran ordusunun Xatəmül Ənbiya korpusunun ölkənin iqtisadi proseslərinə birbaşa qoşulmasıdır. Əlbəttə, Azərbaycan əhalisinin əksəriyyəti üçün bu, tamamilə yeni hadisə deyil. Uzun müddət SSRİ-nin tərkibində yaşamışıq və həmin dövrdə də ordunun təxminən üçdə biri tikinti batalyonlarından ibarət idi. Bütün məxfi tikintilər, hərbi baxımdan mühüm obyektlər məhz bu batalyonların hesabına inşa olunurdu. Zərurət yarandıqda isə onlar mülki tikintilərə də cəlb edilirdilər.



İran hazırda enerji müstəqilliyini təmin etmək, daxili vəziyyətdə əhalinin enerji təchizatını yaxşılaşdırmaq və bəzi strateji sahələrdə iqtisadiyyatı dirçəltmək məqsədilə bu addımı atıb. Mətbuatda yayılan məlumatlardan anlaşılır ki, neft və qaz kəmərlərinin çəkilişində, AES və İES-lərin, eləcə də Rəşt–Astara dəmir yolunun tikintisində Xatəmül Ənbiya korpusunun iştirakı nəzərdə tutulur.

İran çəkindirici gücə üstünlük verir. Bu, həm Xatəmül Ənbiya korpusunun komandanı Sərdar Abidinin, həm də İranın ali rəhbərinin müşaviri və baş köməkçisi, general Səyyarinin açıqlamalarından açıq şəkildə görünür.

Eyni zamanda İran anti-Azərbaycançılığa da yeni dinamika gətirir, daha qətiyyətli anti-Azərbaycan mövqeyi ortaya qoyur. Prezident M.Pezeşkianın gözlənilmədən Qazaxıstana səfəri və ardınca Ermənistanla bağlı səsləndirdiyi açıqlamalar İranın Azərbaycana qarşı nifrət siyasətinin yenilənmiş məzmununu və mahiyyətini ortaya qoyur. Qazaxıstana səfərdən dərhal sonra İran mətbuatında Ermənistan ərazisində Aqarak-Qacaran tunel və körpüsünün 32 km-lik ən mürəkkəb hissəsinin tikintisinə başlanması, bununla da İranın Fars körfəzi-Qara dəniz layihəsini yenidən aktivləşdirməsi barədə gurultulu bəyanatların xatırladılması, təbii ki, təsadüfi deyil.

Bir qədər əvvəl Ermənistan, yəqin ki, İranın mövqeyini öyrənmək məqsədilə, Tehrandan Fars körfəzi-Qara dəniz layihəsi ilə bağlı vəziyyətin nə yerdə olduğunu soruşmuşdu. Bir ildən artıq idi ki, İran “Fars körfəzi-Qara dəniz” terminini işlətmirdi. “Tramp koridoru” anlayışı bu sahədə çox şeyi dəyişdi və Ermənistan bu mövzuda İrana verdiyi vədləri reallaşdıra bilmədi.

İranı ruhlandıran əsas amil anti-Azərbaycançılıqdır. Məhz bu xəttdə yenidən ümid gördüyünə görə İran böyük ruh yüksəkliyi ilə layihəni gündəmə gətirdi. Ermənistan ərazisindən keçən və Şimal-Cənub avtomobil yolu adlandırılan, əslində isə Ermənistanın İranla sərhədini Ermənistanın Gürcüstanla sərhədi ilə birləşdirən avtomobil yolu müstəqil Ermənistan tarixində ən qədim layihələrdən biridir. Bu layihə Ermənistan və onun Qərbdəki havadarları tərəfindən ortaya atılmışdı, İran isə sonradan ona qoşuldu. Hətta İran yolun daha təkmil görünməsi üçün marşrut boyunca dəmir yolu xəttinin də tikilməsini təklif etmişdi.

Bu tikintinin operatoru olan “Rasia Fze” şirkəti ilə bağlı kifayət qədər yazılar dərc olunub. İnternetdə sadə bir axtarış aparmaqla proseslərin necə başladığını və necə başa çatdığını aydın görmək mümkündür. Prinsipial məqam ondan ibarətdir ki, S.Sərkisyanın hakimiyyəti dövründə Ermənistan “Rasia Fze” şirkətinə Azərbaycanla Ermənistan arasında dəmir yolunun açılmayacağına dair zəmanət verə bilmədi. “Rasia Fze”nin iflasında İranın maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, S.Sərkisyanın bu mövqeyi də ciddi rol oynadı.

İndi isə İran ruhlanıb və belə hesab edir ki, Qazaxıstan–Türkmənistan–İran–Ermənistan xətti ilə Mərkəzi Asiya və Avropa arasında yeni marşrut yarada bilər. Bununla da Xəzər dənizi üzərindən keçən Orta marşrutu, yəni Azərbaycana istiqamətlənmiş xətti faktiki olaraq sıradan çıxaracağını düşünür. Bu, əlbəttə, ayrıca geniş müzakirə mövzusudur.
Bir həqiqət isə aydındır: bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında ən çox ehtiyac duyulan amil təhlükəsizlik və qonşular arasında sağlam münasibətlərdir. Cənubi Qafqaz müharibə təcrübəsi yaşayıb və hələ də gərginlik potensialı qalır. Mərkəzi Asiya isə Cənubi Qafqazdan da daha kövrək vəziyyətdədir və istənilən anda təhlükəsizlik mühiti pozula bilər.

Biz Cənubi Qafqazda və Mərkəzi Asiyada gedən proseslər fonunda İranın söykəndiyi mövzular üzrə polemika aparmaq gücündəyik. İran ekspertləri hansı arqumentləri varsa hazırlasınlar, ehtimal böyükdür ki, nəticədə İran daha çətin vəziyyətlə üzləşəcək.
İran öz yolu ilə getməli, bütün qonşularla mehriban münasibətlər qurmalı, hərbi gücünü siyasi araqarışdıranlıqla əvəz etməməlidir. İrana nüvə, raket, PUA və siyasi müdaxilə siyasətinə icazə verilməyəcək. İran 20 il Ermənistan üzərində işləsə də, nə avtomobil, nə dəmir yolu tikə bildi, heç bir iri layihəsini reallaşdıra bilmədi. Üçüncü yüksək gərginlikli elektrik xətti layihəsi də yarımçıq qalıb və artıq onun adını çəkən belə yoxdur.

İran dünənə qədər Türkiyəni, türkləri və Azərbaycanı düşmən adlandırırdı. Bu gün isə 1,6 milyard dollar investisiya yatıraraq Mərənd-Çeşmə-Sorayya dəmir yolunu çəkməyə möhtac qalıb. İranın yeni dəyişikliklərinə Türkiyənin və Azərbaycanın verdiyi reaksiyanı Tehran hələ də düzgün oxuya bilmir. R.T.Ərdoğan təkcə Suriya və Qəzza proseslərinə deyil, lazım gələrsə, İrana da nəzarət mexanizmləri qura bilər. İran üçün seçim getdikcə daha aydın görünür: ölkəni Türkiyə, yoxsa Rusiya idarə edəcək?

İran rəhbərliyi ciddi şəkildə düşünməlidir. İranı tanımağın və onun cari davranışını düzgün qiymətləndirməyin ən etibarlı barometri isə bu ölkənin Azərbaycan Respublikasına münasibətidir.


Xəbər 531 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +