03.10.2025 11:48
Ermənistanın Aİ və Azərbaycanla danışıqlar maneraları eynidir - TƏHLİL
Nikol Paşinyan Avropa İttifaqından uzaqlaşma kursu götürüb. Vaxtilə “Aİ nə qədər imkan verəcəksə, Ermənistan da bir o qədər Aİ-yə yaxın olacaqdır” tezisi onun əsas şüarı idi. Lakin Aİ–Ermənistan münasibətlərinin özünəməxsus və mürəkkəb tarixçəsi var. Təəssüf ki, Aİ bu tarixdən düzgün nəticə çıxarmadı. Bu, ümumilikdə Qərbin siyasi mühitinə də aiddir.
2013-cü ildə prezident Serj Sərkisyan Brüsseldən qayıtdıqdan sonra Kremlə çağırıldı. Bir sutka ərzində başına gələnlər gizli saxlanıldı və nəticədə Sərkisyan Aİ ilə tərəfdaşlıq müqaviləsindən imtina edərək Avrasiya İqtisadi Birliyinə üzv oldu. Bu təcrübənin oxşarı, sadəcə daha yumşaq formada, N.Paşinyanın başına da gəldi. Yaxın günlərdə onun Moskvada olması və digər faktlar bu paraleli daha da aydın göstərir.
Ermənistanın Aİ ilə inteqrasiyası hazırda ikinci mərhələyə qədəm qoyub. Birinci mərhələdə Aİ üzvlüyü ilə bağlı danışıqlar nəticəsiz qaldı. İkinci mərhələdə isə Paşinyan əvvəlcə Aİ-nin yeni proqramına müəyyən dərəcədə razılıq verdi, lakin Rusiya təzyiqləri səbəbindən geri çəkildi. Halbuki Aİ bu dəfə Ermənistana hətta hərbi sahədə əməkdaşlıq proqramı təklif edirdi. Bu, ordu yerləşdirmək anlamına gəlmir, əksinə, hərbi strukturların möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və Aİ üzvlərinə məxsus siyasi üstünlüklərin Ermənistana da şamil olunması deməkdir.
Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos “Ermənistan hələlik Aİ-yə üzvlük üçün ərizə verməyib” açıqlamasını etdi. Ardınca Aİ-nin Genişlənmə üzrə komissarı Oliver Varhelyi Yerevana səfər edərək pozitiv məzmunlu danışıqlar apardı. Lakin Paşinyan gözlənilməz mövqe ortaya qoydu: əvvəlcə “Ermənistan Aİ-yə üzv ola bilməz” dedi, iki gün sonra isə bunun səbəbini dəyişərək “Aİ Ermənistanı qəbul etməz” bəyanatını verdi. Daha sonra xarici işlər naziri Ararat Mirzoyan gündəliyə “ərizə vermək əvəzinə, Aİ Ermənistanı dəvət etməlidir” ideyasını gətirdi. Halbuki Aİ-yə üzvlük prosesi yalnız dövlətin rəsmi ərizə verməsi ilə başlayır.
Aİ və NATO-dan müxtəlif nümayəndə heyətlərinin səfərlərinə baxmayaraq, Ermənistan mövqeyini dəyişmək niyyətində deyil. Əksinə, Ermənistan Aİ-ni aldatmaqda davam edir.
Eyni manevrlər Ermənistanın Azərbaycanla münasibətlərində də özünü göstərib. Əgər vaxtında Aİ və Qərb Ermənistana sərt mövqe göstərsəydi, bəlkə də bu gün vəziyyət fərqli olardı. Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə kommunikasiyaların açılması barədə aydın razılaşma əldə olunsa da, Ermənistan sonradan geri çəkildi. Paşinyan Zəngəzur dəhlizi və Mehri dəmir yolunun tikintisinə razılıq vermişdi. Tikinti iki il çəkə bilər, amma siyasi razılaşma üçün iki gün kifayət edərdi. Paşinyan razılaşdı, sonra imtina etdi. Aİ üzvləri isə buna reaksiya vermədi. Hazırda Paşinyan “Tramp dəhlizi” ilə bağlı da eyni mövqeni tutur: əvvəl razılıq verib, indi isə inkar edir. Bundan əlavə, ABŞ-la AES tikintisi ilə bağlı razılaşmalardan da geri çəkildi.
Ermənistanın manipulyasiya imkanlarını daraltmaq və danışıqlarda etibarlı tərəfdaşa çevrilməsinin ən real yolu dəhlizin Azərbaycanın mülkiyyətinə verilməsi və Azərbaycan tərəfindən tikilməsidir. Bu zaman Aİ və ABŞ da tərəfdaş ola bilər, amma əsas mülkiyyət Azərbaycana məxsus olmalıdır. Bu, ermənilərə güclü psixoloji təsir göstərəcək və onların davranışlarında müsbət dəyişiklik yaradacaq.
Bundan əlavə, Qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdır. Qərb ictimaiyyəti ermənilərin Cənubi Qafqaza köçürülməsi və bu proseslə paralel olaraq azərbaycanlıların deportasiyası faktını diqqətlə öyrənməlidir.
Bu addımlar Ermənistanı həqiqi müstəqil dövlətə çevirəcək, onu regional inteqrasiya proseslərinə qoşacaq və yeni müttəfiq axtarışını dayandıraraq Gürcüstan və Azərbaycanın tərəfdaşına çevirəcəkdir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 682 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|