“Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gedib. Hər an birimiz cinayətin qurbanı ola bilərik”.
XəzərNews.az xəbər verir ki,bu iddia ilə “Qafqazinfo”ya Oğuz rayonunun Padar kəndinin bir qrup sakini müraciət edib. Kənd sakinləri narahatlığa səbəb kimi elə Padarda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Səmədov Ruslan Elbahat oğlunu göstərirlər.
Vətəndaşların sözlərinə görə, bu şəxs dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Sonra yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb: “Yenidən başqalarına hücum edib. Qorxumuzdan çölə çıxa bilmirik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib”.
Kənd sakinləri deyir ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun sadəcə 8 ilini həbsdə keçirib: “Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb.
İyul ayında isə yenidən eşitdik ki, həmin şəxs evindədir. Ailəsi bundan əvvəl də dəfələrlə onu evində gizlədib. Sonuncu dəfə evindən balta ilə çıxıb, sonradan bir kənddən tapılıb. Axırıncı dəfə isə Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra isə tövləni yandırıb. Buna səbəb isə həmin şəxsin Ruslanı şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti ilə o tutulub.
Biz qorxuruq ki, yenə eyni şeylər olsun. Əlində balta ilə küçələrdə gəzir, biri gözünə xoş görünmürsə, hansısa sözü ağlına qoyursa, onunla düşmən olur. Həmin şəxs hamımız üçün təhlükədir. Bir gün bizi də öldürə bilər...”
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədovun yeri müəyyən olunaraq saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.
Şikayətlə bağlı Səhiyyə Nazirliyinə də sorğu ünvanladıq. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Səmədov Ruslan Əlibala oğlu 7 dəfə xəstəxanada stasionar müalicədə olub: “Sonuncu dəfə 30.01.2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb.
Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər”.
Xəbər 178 dəfə oxunub.