17.10.2025 12:16
Putindən 10 il fərqlə Əliyevə 2 jest, yoxsa…
Siyasətdə “jest” dedikdə, adətən, diplomatik sətirlər arasında gizlənən xoş siqnalları, müsbət münasibət mesajlarını nəzərdə tuturuq. Amma bu cür jestlər həm də simvolik məna daşıyır — kim kimə yaxın dostdur, çətin anda kim kimə əl uzadır, kim kimə diqqət göstərir. Siyasətdə hər jest, əslində, bir mesajdır. Bu mesajlar da geopolitik oyunun incə hissələrindən biridir.
Rusiyanın Azərbaycana hansı vaxtlarda jestlər etdiyini, bu jestlərin arxasında hansı maraqların dayandığını və onların qarşılığında nələrin gözlənildiyini araşdırmaq maraqlıdır. Çünki bəzən bu jestlərin içində açıq diplomatiya yox, gizli əməliyyat planları, daxili sabitliyə yönəlik ssenarilər gizlənir. Elə məhz bu “gizli qatlara” baxmaq lazımdır - Eldar Mahmudov və Ramiz Mehdiyev kimi fiqurların adının çəkildiyi illərdə də, indi də eyni köhnə sxemlər aktualdır: güc mərkəzlərinə bağlılıq, informasiya nəzarəti, vəzifə savaşları, çevriliş planları...
Son günlər yayılan məlumatlara görə, Kreml Azərbaycana təhlükəsizliklə bağlı bəzi siqnallar ötürüb, bəlkə də birgə əməliyyatlar və ya kəşfiyyat məlumatları səviyyəsində koordinasiya aparılıb. Bu, yalnız “dost jesti” yox, həm də nəzarət mesajıdır. Bu cür jestlər açıq elan olunmur, onlar ya diplomatik dillə pərdələnir, ya da mediada “etibarlı mənbələrə istinadən” yayılan iddialar formasında görünür.
10 il əvvəl - Mahmudovun adı “çevriliş planı”nda
Eldar Mahmudov 2004–2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olub. Uzun illər güc strukturlarında çalışması, əlaqələr şəbəkəsi və daxili informasiya kanallarına çıxışı onu sırf məmur yox, həm də “güc oyunu”nun əsas aktorlarından birinə çevirib. Onun adı keçmişdə korrupsiya, cinayətkar şəbəkələr və “gizli sirlər”lə bağlı qalmaqallarda çəkilib. “Çevriliş planı” kontekstində isə Mahmudovun rolu daha çox qeyri-rəsmi səviyyədə, yəni siyasi mübarizə və informasiya nəzarəti aspektində qabardılıb.
Mahmudovun potensial təsiri daha çox arxa planda qurulmuş nüfuz və əlaqələr üzərində dayanır. O, birbaşa səhnəyə çıxmadan, müəyyən güc dairələrini, generalları və etibarlı şəxsləri öz orbitində saxlaya bilərdi. Belə bir şəbəkə isə dövlət daxilində gərginlik anlarında aktivləşdirilə biləcək ciddi alətdir.
Ramiz Mehdiyev: “Boz kardinal” və çevriliş iddiaları
Ramiz Mehdiyev Azərbaycan siyasətinin ən nüfuzlu fiqurlarından biri olub. 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri kimi ölkənin siyasi idarəetməsində mərkəzi rol oynayıb.
Mehdiyev illərlə “boz kardinal” - yəni siyasi səhnə arxasından hadisələri idarə edən şəxs kimi tanınıb. Onun barəsində yayılan rəsmi açıqlamada “dövlət çevrilişi planı”, “hakimiyyəti zorla ələ keçirmək ssenarisi” kimi ittihamlar səslənib. Bəzi mənbələr bu planın Rusiyaya təqdim olunduğunu, məhz Rusiyanın da həmin planı ifşa etdiyini yazır.
İddialara görə, ssenariyə daxildə narazılıq dalğasının yaradılması, müxalifətin hərəkətə gətirilməsi, xarici müdaxilələr və nəticədə çevrilişin baş verməsi daxil imiş. Hətta bəzi versiyalarda Mehdiyevin “Dövlət Şurası” adlı qurum vasitəsilə hakimiyyətə qayıtmaq planı olduğu qeyd olunur.
Əlbəttə, o, uzun illər dövlət kadr siyasətini formalaşdırdığı üçün inzibati aparatın bütün mexanizmlərini, kimin kimə sadiq olduğunu yaxşı bilirdi. Bu da onun ətrafında gizli koordinasiya ehtimalını real edirdi.
Əgər doğrudan da planın Rusiyaya təqdim olunması versiyası həqiqətə uyğundursa, bu, Moskvanın Bakıya göndərdiyi “jestin” həm də nəzarət mesajı olduğunu göstərir: dostluq əlini uzatmaqla yanaşı, lazım gələrsə, daxili proseslərə müdaxilə imkanını da qorumaq.
Putinin jestləri və Bakı üçün siqnallar
Rusiya zaman-zaman Azərbaycana “jestlər” göstərərək münasibətləri yumşaldır. Bu, həm strateji baxımdan enerji tranziti və regional balansla, həm də Qafqazda nüfuz mübarizəsi ilə bağlıdır. Belə jestlər, bir tərəfdən, əməkdaşlıq jestidir, yəni Bakı ilə koordinasiyalı addımlar atmaq niyyətinin nümayişi, digər tərəfdən isə xəbərdarlıq jestidir, yəni “biz nə baş verdiyini görürük”.
Əgər Mehdiyev və ya Mahmudov kimi şəxslərin adları yenidən gündəmə gəlirsə, bu, təkcə keçmişin xatırladılması deyil, həm də Kremlin “alternativ oyunçuları”nı xatırlatmaq üsuludur.
Ramiz Mehdiyevin planını Rusiyanın ifşa etdiyi haqda yayılan versiyalar doğru olsa, bu, həm də siyasi balansın tənzimlənməsi deməkdir.
Beləliklə, Mahmudov və Mehdiyev kimi fiqurlar hələ də siyasi səhnənin arxa fonunda potensial təsir vasitəsi kimi qalırlar. Həm də həbsxana şəraitində deyil, “villa şəraitində”…
N.Oruclu
XəzərNews.az
Xəbər 1170 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|