Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


14.11.2025  18:35 

DİASPOR VİTRİNİ: MÜHƏNDİS, HƏKİM, ALİM, TƏLƏBƏ VƏ DAHA KİMLƏR ÜÇÜN FORUM?!





A+  A-

Bu günlərdə Almaniyanın Köln şəhərində “Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu”, ardınca da Türkiyədə mədəniyyət elçilərinin toplantısı keçirildi. Təkcə Almaniyadakı forumun press-relizini oxuyanda yenə hər zamankı kimi məyus oldum. İştirakçılar arasında tanıdığım və hörmət etdiyim alimi-üləmalardan 3-4-dü ilə əlaqə saxladım. Aldığım cavabdan təəccüblənmədim, onların cavabı çox səmimi idi: “Yığışdıq, danışdıq, yedik-içdik və dağılışdıq”.

Tədbirlə bağlı məlumatı oxuduqca Forumun məzmunun real elmi diskussiyadan daha çox formal təqdimatlar silsiləsini xatırladır. Aydın olur ki, tədbir elmi diskussiya yox, daha çox formal təqdimatlar seriyasına bənzəyir. “Süni intellekt vasitəsilə insan duyğularını oxumaq” kimi səslənən mövzular populist təəssürat yaradır, amma elmi nəticə, tədqiqat istiqamətləri və ya əməkdaşlıq layihələri barədə heç bir məlumat yoxdur.

Daha maraqlısı budur ki, mühəndislərin bu forumunu Diasporla İş üzrə Dövlət Komitəsi və onun fondu təşkil edib. Rəsmi hesabatlarda forum “mühüm platforma” kimi təqdim olunsa da, elmi və texnoloji nəticələr barədə konkret fakt yoxdur. “16 ölkədən 200 nəfərin iştirakı” kimi statistik məlumatlarla öyünmək isə tədbirin mahiyyətini dəyişmir.



Əslində belə forumlar faydalı ola bilərdi... Əgər diaspor mühəndisləri doğrudan da ölkənin gələcəyi üçün sərbəst düşüncə və təşəbbüs platforması yarada bilsəydilər, nəticə başqa olardı.

Yaxşı bəs, başqaları necə edir?

Ermənilər, gürcülər, ruslar və yəhudilər bu cür forumları illərdir keçirir. Amma orada fərqli ruh, kreativ baxış, məhsuldarlıq var.

Erməni diasporu 1980-ci illərdən AESA (Armenian Engineers and Scientists of America) və AMIC (Armenian Medical International Committee) kimi qurumlarla mühəndis və həkimləri birləşdirir. 2024-cü ildə Berlində keçirilən “Engage Armenia Forum” innovasiya və startap müzakirələrinə həsr olunmuşdu. Burada təşəbbüs əsasən ictimai xarakter daşıyır, dövlət sadəcə dəstək verirdi.



Gürcü diasporu “Diaspora for Development” proqramı çərçivəsində “Gürcü Alim və Mühəndislərin Forumu” və “Diaspora Günləri” kimi tədbirlər təşkil edir. Məqsəd beyin axınının geri qaytarılmasıdır. Yəni xaricdəki mütəxəssislərin özləri ilə yanaşı təcrübələrini də ölkəyə gətirmək.

Rusiya diasporu isə kustar “Rusiya soydaşları” konsepsiyası ilə idarə olunur. “Rossotrudniçestvo” və “Dünya Rus Alimləri Forumu” kimi platformalar əsasən dövlətin ideoloji xəttini gücləndirməyə yönəlib. Burada elmi nəticədən çox mədəni-siyasi təbliğat məqsədi güdülür.



İsrailin modeli tamam başqa məntiq üzərində qurulub. “Global Jewish Scientists Forum”, “Israel Tech Challenge”, “Jewish Medical Network” kimi təşəbbüslər real elmi və texnoloji əməkdaşlığa xidmət edir. Burada məqsəd “Brain Gain” - yəni “Beyin qazancı” siyasətidir. Diaspor yəhudiləri ilə yerli universitetlər və startap sektoru arasında körpü yaradılır.

Kimi nəticə əldə edir, kimisi də təəssürat yaradır

Bu müqayisələrdən aydın görünür ki, erməni və yəhudi diasporları illərlə müstəqil, amma dövlətin dəstəyi ilə effektiv şəbəkələr qurublar.

Gürcü və rus diasporlarında isə forumlar daha çox dövlət nəzarətindədir, nəticə isə məhduddur. Gürcülərin forumları beyin axınının geri dönüşünə yönəlib.



Azərbaycan diasporunun forumları da rəsmi olaraq elm və təcrübə mübadiləsi, intellektual potensialın artırılması kimi təqdim olunur. Amma reallıqda bu tədbirlər çox zaman formal xarakter daşıyır. Yeni tədqiqatlar, ortaq layihələr və ya elmi məqalələr ortaya çıxmır. Nitqlər səslənir, təşəkkürlər bildirilir, protokol fotoları çəkilir, vəssalam.

Azərbaycan və Rusiya forumlarında əsas vurğu vətənə sədaqət, dövlət qayğısı və milli birlik kimi ideoloji mövzularadır. Elmi əməkdaşlıq ikinci planda qalır. Bu forumlar da ideoloji baxımdan cazibədar, amma praktik nəticə baxımından zəifdir. Çox vaxt tədbirlə bitir, yeyilib-içilir, fotolar çəkilir, press-relizlər və hesabatlarda isə “tədbir uğurla keçdi” cümləsi yazılır.



Erməni və yəhudi forumlarında isə məqsəd real nəticədir, startap fondları, elmi konsorsiumlar, təqaüd proqramları, beynəlxalq layihələr var, az təmtəraqlı, amma məhsuldardır. Yəhudilər forumlardan sonra real texnoloji layihələr qurur, ermənilər alimlər arasında davamlı əməkdaşlıq şəbəkələri yaradır, gürcülər universitetlərarası mübadilə proqramları tətbiq edir.

Azərbaycan diasporunda canlanma... – DABF modeli

Göründüyü kimi, davamlı təsir mexanizmi yalnız erməni və yəhudi modellərində müşahidə olunur. Azərbaycan forumları isə çox vaxt bir günlük təəssürat səviyyəsində qalır. Bakıdan gələn qonaqlar Avropa şəhərlərini gəzir, qordiroblarını yeniləyir, tədbir bitir, nəticə isə görünmür.

Amma son illərdə bu vəziyyəti dəyişmək cəhdləri də var, amma “diasporun şakası” imkan vermir. Deyir, “diaspor mətbəxində” şakadan başqa heç kim “qazan qaynada” bilməz.

2022-ci ildən fəaliyyət göstərən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) diaspor fəaliyyətinə yeni nəfəs gətirməyə çalışır. Fondun məqsədi Azərbaycanın maraqlarını təbliğ etmək, Prezident İlham Əliyevin diaspor siyasətinə dəstək vermək, informasiya müharibəsində fəal mövqe tutmaq və gəncləri bu prosesə cəlb etməkdir.



Son üç ildə DABF bir sıra beynəlxalq tədbirlər və layihələr həyata keçirib. Bu təşəbbüslər Azərbaycan diasporunun birliyini gücləndirib, milli maraqların beynəlxalq müstəvidə tanıdılmasına, gənclərin təhsil və mədəni inkişafına töhfə verib. Fond həmçinin Azərbaycanın elm, mədəniyyət və humanitar imicinin möhkəmlənməsinə xidmət edir.

Təkcə Qarabağdakı qələbəmizin 5 illiyi ilə bağlı bu günlərdə Fondun təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı məhsuldar işləməyin nə demək olduğunu ortaya qoyur.

Bu təqdimat Azərbaycan diaspor hərəkatına bir neçə cəhətdən canlı impuls verir. Xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində oynadığı rol bəzən görünməz qalır, amma belə təşəbbüslər o səyləri həm görən, həm də gücləndirən bir güzgüyə çevirir. Kitabın Ukrayna və rus dillərində nəşri gələcəkdə digər Avropa dillərinə tərcümə planları ilə birlikdə diasporun Azərbaycan həqiqətlərini geniş auditoriyalara çatdırmaq imkanlarını birə beş artırır.



Burada ən vacib məqam isə odur ki, diaspor fəaliyyəti yalnız mədəniyyət tədbirləri və ya icma toplantıları ilə məhdudlaşmır. Bu kimi nəşrlər informasiya cəbhəsinə real töhfə verir, beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyini faktlara söykənərək, həm də başqa bir ölkənin tanınmış ekspertinin imzası ilə izah edir. Ukraynalı bir hərbi analitikin hadisələri obyektiv şəkildə təqdim etməsi isə həm diasporun nüfuzuna, həm də Azərbaycan-Ukrayna həmrəyliyinə əlavə güc qatır. Bu təqdimat diaspor üçün həm yeni yanaşma, həm də gələcək fəaliyyətlər üçün yol xəritəsi funksiyasını daşıyır.

Fond bu yolda Azərbaycanı sevən istənilən dövlət qurumu ilə birgə addımlaya bilərdi. Təəssüf ki, onların Vətənə, Dövlətə və Diaspora qarşı sevgisi hələ formalaşmayıb.

N.NİFTİYEV

Xəbər 317 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +