03.12.2025 12:41
Gözləntilərlə başlayan, səssizliklə bitən görüş
Amerika nümayəndə heyəti – Stiv Uitkoff və Cared Kuşner – Moskvaya iddialı missiya ilə gəldi: Ukrayna müharibəsinin dayandırılması üçün razılaşma tapmaq. Masaya “Trampın sülh planı”nın yenilənmiş versiyası qoyuldu – əvvəlcə Cenevrədə, sonra Floridada redaktə edilən sənəd. Lakin beş saatlıq danışıqlardan sonra Kreml açıq mesaj verdi: texniki dəyişikliklər əsas xətti dəyişmir – Moskva öz prinsipial tələblərindən geri çəkilməyəcək.
Rusiyanın danışıqlardakı üç “toxunulmaz” şərti vardı: Donbas üzərində tam nəzarət, Ukrayna ordusunun sayına məhdudiyyət və Qərbin işğal olunmuş əraziləri Rusiya kimi tanıması. Bu üç maddə sülhü məhv etdi – razılaşma imkanı belə qalmadı.
Vladimir Putinin müşaviri Yuri Uşakov Putinin amerikalılarla söhbətini çox “yumşaq” ifadələrlə şərh etdi. Diplomatların dilindən insan dilinə tərcümə edəndə mənzərə belə idi: amerikalıların bəzi fikirləri Moskvaya uyğun gəlir, digərləri isə qıcıq yaradır, kompromis isə ümumiyyətlə yoxdur. Növbəti görüş planlaşdırılmır, “iş davam edəcək”, amma nəticə gözlənilmir. Hətta Uşakovun “amerikalılar Kiyevə getməyəcək, birbaşa Vaşinqtona dönəcək” deməsi belə Kremlin gizli mesajı idi: “əsas oyunçu bizik, Kiyev – ikinci dərəcəli tərəfdir”.
Bir versiyaya görə, sənəd o qədər dəyişdirilib ki, artıq Moskvaya tanış deyil. Floridada hazırlanmış variant Kiyev üçün daha sərfəli idi, bu isə Kremldə dərhal rədd reaksiyası doğurdu. Digər versiyaya görə, Kremlə sülh deyil, qələbə lazımdır. Moskva düşünür ki, vaxt onun tərəfindədir: Ukrayna tükənir, Avropa bölünüb, ABŞ-ın səbir limiti dolur. Yəni, Rusiya üçün “pauza” deyil, “nəticə” vacibdir.
Kremlə təqdim olunan sənədlərdən biri Trampın əsas 27 bəndlik planı, digərləri isə əlavə dörd sənəd idi.
Ehtimal ki, bu əlavələrdə keçid dövrü, təhlükəsizlik mexanizmləri, ordunun nəzarəti, aktivlərin dondurulması və Kiyevdə siyasi islahatlar məsələləri yer alırdı. Amma Moskva “məzmunu” bəyənsəydi, “formulalar” barədə danışardı. Fakt budur ki, orada Rusiya üçün məqbul heç nə yox idi.
Heç bir barışıq, atəşkəs, yaxud hərbi fasilə yoxdur. ABŞ nümayəndələri Vaşinqtona qayıtdı, Kreml isə “heç nə itirmədik” dedi. Əslində, bu o deməkdir ki, Moskva üçün prosesin özü faydalıdır – o, Qərb birliyini parçalayır və Vaşinqtonu “yeganə oyunçu” kimi təqdim edir.
Uitkoff və Kuşnerlə görüşdən öncə Putin açıq hədələrlə çıxış etdi: Ukraynanın dənizə çıxışını bağlayacağı, limanları və gəmiləri vuracağı, müttəfiq ölkələrin gəmilərinə zərbələr endirəcəyi, Avropanın “müharibə istəyi”nə cavab verəcəyi barədə danışdı.
Məqsəd sadədir – danışıqları öz orbitinə salmaq və ABŞ-ı seçim qarşısında qoymaq: ya Kiyevi güzəştə məcbur et, ya da kənara çəkil. Hər iki variant Kremldən çox, Kiyevə zərər vurur.
Qərb hərbi dairələri dərhal reaksiya verdi: Rusiya Avropaya hücum edə biləcək gücdə deyil, ordusu genişmiqyaslı əməliyyata hazır deyil, NATO ilə müharibə isə onun üçün intihardır. Yəni, Putinin təhdidləri real plan deyil, danışıqlarda təzyiq vasitəsidir.
Kiyev bu danışıqlara ehtiyatla yanaşdı. Zelenski açıq dedi ki, Ukraynanın növbəti addımları ABŞ nümayəndə heyətinin mesajlarından asılı olacaq. Amma üç “toxunulmaz” mövzu qalır: ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və dondurulmuş aktivlər. Bu üç mövzu hər iki tərəf üçün qırmızı xətdir.
İlkin sənədin məntiqi Moskvaya xoş gəlirdi – orada sanksiyaların qismən ləğvi, Krım və Donbasın tanınması, NATO-nun genişlənməməsi, 100 günə seçkilər və amnistiya kimi maddələr vardı. Lakin plan sonradan “yumşaldıldı” və bu, onun Kreml üçün dəyərini sıfıra endirdi. Moskva qalibiyyətin, Kiyev sağ qalmağın, Vaşinqton isə “xərci az sülhün” arxasınca gedirdi. Bu üç məqsəd bir sənəddə birləşə bilməzdi.
Tramp komandası inanırdı ki, Putin yorulub və sülh üçün pilləkən axtarır. Amma Rusiya sülh deyil, qalibiyyət formulu axtarır. Kreml üçün sanksiyalar artıq fon səsidir, itkilər – statistika, vaxt isə Qərbin düşmənidir. Moskva döyüşməyə daha uzunmüddətli hazırdır, nəinki Kiyev müqavimət göstərməyə, yaxud Avropa maliyyə yüklərinə dözməyə.
Kremlin diplomatiyası – sülh axtarışı deyil, günahın ötürülməsidir. Məqsəd: Qərbə göstərmək ki, guya “Ukrayna sülh istəmir”, ABŞ-ı zəif, Avropanı bölünmüş, Kiyevi asılı göstərmək. Moskva oyunu uzun oynayır. Qələbə indi yox, psixoloji yorğunluqda qazanılır.
Bu müharibədə torpaq – sadəcə xəritə deyil, simvoldur. Rusiya üçün qələbə, Ukrayna üçün varlıq. Moskva geri çəkilsə – məğlubdur, Kiyev güzəşt etsə – dövlətini itirər. Buna görə “kompromis dili” artıq mövcud deyil.
Rusiya hesab edir ki, müharibə onun lehinə işləyir: Ukrayna iqtisadi və hərbi cəhətdən asılı, Avropa siyasi olaraq parçalanmış, ABŞ-ın diqqəti seçkilər və daxili gündəmlə bölünmüşdür. Atəşkəs Moskva üçün nəticəsiz fasilədir. Ona “pauza” yox, “nəticə” lazımdır.
Putinin təhdidləri indi daha çox teatr effekti yaradır. NATO anlayır ki, Rusiya real resursa malik deyil. Ona görə də Moskvanın hədə-qorxusu Vaşinqtona yönəlib – Avropanı yox, ABŞ-ı qərarsız göstərmək üçün.
Zelenski açıq dedi – ABŞ-dan gələcək siqnallar hər şeyi müəyyən edəcək. Kiyev anlayır ki, Tramp administrasiyası “dondurma planı”nı sevir, bu isə Ukrayna üçün siyasi tələdir. Sülh yox, təslimiyyətə aparan diplomatiya.
Tramp planı üç yalnış ideyaya söykənirdi: guya Moskva çıxış axtarır, guya Kreml kompromisə hazırdır, guya Vaşinqton arbitrdır. Amma Rusiya üçün bu, “kapitulyasiyanın gözəl forması” idi. Və ABŞ Kiyevi güzəştə məcbur etməyə hazır olmadığı üçün plan doğulmamış öldü.
2025–2026-cı illərdə müharibə dayanmayacaq. Sadəcə forması dəyişəcək – diplomatik, informasiya, enerji və iqtisadi sahələrdə davam edəcək. Çünki tərəflərin məqsədləri ziddir: Rusiya – tanınma və təsir, Ukrayna – suverenlik, ABŞ – az xərcli sabitlik, Avropa – yorğun sükunət. Bu dörd məqsəd bir masa arxasında birləşmir.
Trampın planı başqa dünya üçün yazılmışdı – o dünyanın isə artıq mövcudluğu yoxdur. Rusiya geri çəkilməyə hazır deyil. Ona görə də “sülh planı” yox, “sonsuz müharibə” dövrü başlayır.
Elçin Alıoğlu
Xəbər 816 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|