Azərbaycan mətbuatında müstəqillik dövrünün ilk illəri ideoloji nəzarətin zəifləməsi və siyasi azadlığın formalaşması ilə səciyyələnirdi. Bu dövrdə yaranan qəzetlər arasında Əli Hacı Ağaevlinin təsis etdiyi “Varlıq” qəzeti özünü xüsusilə sərbəst, tənqidi mövqedə olan mətbu orqan kimi tanıtmışdı.
Əli Hacı qəzetin ideoloji xəttini, əsasən, sovet dövründən miras qalan siyasi və inzibati sistemin təhlili, dövlət qurumlarında şəffaflıq məsələlərinin qaldırılması və ictimaiyyət üçün qapalı hesab olunan mövzuların işıqlandırılmasına yönəltmişdi.
Niyə “Varlıq” bu gün yadımıza düşdü. Hazırda ölkə gündəmini zəbt edən “Mehdiyev işi”, daha doğrusu onun Rusiya agentura şəbəkəsinə işləməsi məsələsini hələ illər əvvəl “Varlıq” açıq-aşkar yazmışdı.
Foto: Əli Hacı Ağaevli
Qəzetin geniş müzakirə doğuran yazılarından biri, Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış Ramiz Mehdiyev haqqında idi. Məqalədə onun SSRİ dövründən qalan bəzi əlaqələri, xüsusən də keçmiş rus kəşfiyyat orqanları ilə təmaslarının mövcudluğu iddia edilirdi. Bu iddialar, şübhəsiz, təsdiqlənmiş arxiv sənədlərinə deyil, əsasən o dövrün mətbu iddialarına və müxtəlif mənbələrin fərziyyələrinə əsaslanırdı.
Əli Hacı Ağaevli qeyd edir ki, “Varlıq” qəzetində yer alan ikinci diqqətçəkən fakt, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın milli mənsubiyyətinə dair məhkəmə qərarı ilə bağlı idi. Qəzetin məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin əvvəlki qərarında Mehdiyevin həyat yoldaşı erməni əsilli kimi göstərilmiş, lakin sonradan bu qərar ləğv edilərək gürcü əsilli olması barədə yeni qərar çıxarılmışdı. Guya Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar.
Hər iki qərar arxiv məhkəmə sənədlərinə əsaslansa da, həmin sənədlərin ictimaiyyətə tam açıqlanmadığı məlumdur. Bu fakt, 1990-cı illərin əvvəllərində milli kimlik məsələlərinin siyasi mühitdə son dərəcə həssas xarakter daşıdığı bir dövrdə baş verdiyi üçün, mətbuatda geniş rezonans doğurmuşdu.
Foto: Zavər Qafarov
Həmin qərarın qəbulunda iştirak edən və o vaxt Nəsimi Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Zavər Qafarov Əbülfəz Elçibəyin prezidentliyi dövründə vəzifəsindən azad edilmiş, lakin sonrakı mərhələdə, artıq siyasi sabitlik dövründə, Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin olunaraq Baş İdarə rəisi kimi fəaliyyət göstərmişdir. Daha sonra ona ədliyyə generalı rütbəsi verilmişdir. Bu yüksəliş, bəzi müşahidəçilər tərəfindən Ramiz Mehdiyevlə şəxsi əlaqələrin təsiri ilə izah olunurdu.
“Varlıq” qəzetinin bu yazısı, Azərbaycan mətbuatında arxiv sənədlərinə və məhkəmə qərarlarına istinadla aparılan araşdırma jurnalistikasının ilkin nümunələrindən biri kimi dəyərləndirilə bilər. Qəzetin nəşr etdiyi məlumatlar həm siyasi çevrələrdə, həm də cəmiyyətin müxtəlif təbəqələrində uzun müddət müzakirə olunmuş, həmin dövrdə mətbuat azadlığı ilə dövlət strukturları arasındakı münasibətlərin həssas balansını gündəmə gətirmişdi.
Bu hadisə, həmçinin, Azərbaycan mətbuatının keçid dövründə informasiya mənbələrinə çıxışın məhdud olduğu bir şəraitdə necə cəsarətli və bəzən riskli addımlar ata bildiyini göstərən maraqlı tarixi nümunədir.
N.Oruclu
XəzərNews.az
Xəbər 1374 dəfə oxunub.