04.12.2025 18:01
ADDA və ABŞ universitetləri dənizçilik təhsilində əməkdaşlığa hazırlaşır
Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayevlə ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul arasında görüş keçirilib.
ADDA-dan XəzərNews.az-a verilən məlumata görə, görüşdə ADDA-nın ABŞ-ın dənizçilik sahəsində ixtisaslaşmış aparıcı universitetləri ilə çoxtərəfli əməkdaşlıq potensialı dəyərləndirilib.
Rektor vəzifəsini icra edən Eldar Qocayev qonaqlara Akademiyanın imkanları, beynəlxalq əlaqələrin genişləndirilməsi strategiyaları və dənizçilik üzrə yüksəkixtisaslı kadr hazırlığına dair prioritet istiqamətləri barədə ətraflı məlumat verib.
Rendi Koul isə ABŞ səfirliyinin təhsil sahəsində tərəfdaşlığa açıq olduğunu, mühəndislik və innovasiya istiqamətlərində birgə layihələrin hər iki tərəf üçün əhəmiyyətli potensial yaratdığını bildirib.
Görüş ADDA-nın beynəlxalq təhsil və tədqiqat mühitinə inteqrasiyasını gücləndirməyə, ixtisas profillərinin rəqabətədavamlılığını artırmağa və məzunların qlobal əmək bazarında daha üstün mövqe qazanmasına xidmət edən bir sıra prioritet istiqamətlər üzrə müzakirələrlə davam edib.
“Akademik mobillik və professor-müəllim heyəti ilə tələbələrin mübadiləsi, tələbələrin qısamüddətli təlimlərdə, qış və yay məktəblərində iştirakı, ikili diplom proqramlarının yaradılması, birgə üzmə istehsalat təcrübələrinin təşkili, maddi-texniki bazanın inkişafı, peşəkar ingilis dili hazırlığının dərinləşdirilməsi üzrə birgə fəaliyyət görüşdə müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Görüşün sonunda tərəflər təhsil və tədqiqat sahəsində rəsmi əməkdaşlıq haqqında Sazişin (MoU) imzalanması prosesinə başlanması təşəbbüsünü dəstəklədiklərini bəyan ediblər.
Qeyd edək ki, bu görüş ADDA-nın beynəlxalq tərəfdaşlıq xəritəsini genişləndirməklə, dənizçilik təhsili sahəsində qlobal inteqrasiyanı daha da sürətləndirəcək yeni mərhələnin əsasını qoyur.
Görüşdə təhsil proqramları üzrə koordinator Xanım Teilova, ingilis dili proqramları üzrə koordinator Səbina Abdullayeva və gənclər üçün maarifləndirici proqramlar üzrə koordinator Aydan Əsgərova da iştirak ediblər.
Xəbər 2514 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|