Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


07.06.2022  15:58 

Mətbuat Şurası Nəsir Əhmədli ilə bağlı nekroloq yaydı





A+  A-

Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

XəzərNews.az nekroloq mətnini təqdim edir:

"Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın əməkdar jurnalisti, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Əhmədli Nəsir Abbas oğlu 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Uzun və mənalı ömrünü jurnalistikaya bağlamış N.Əhmədli Azərbaycan Dövlət Televiziyasında çalışdıqdan sonra BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək fakultənin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının professoru olub.

Onu tanıyan hər kəsin, həmkarlarının, saysız-hesabsız tələbələrinin sevimlisinə çevrilmiş N.Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifi olan qələm sahibinin dərin elmi axtarışları fundamentallığı ilə diqqət çəkib. O, beynəlxalq radio yayımının bütün sahələrinə tətbiq edilə biləcək model-sxem hazırlayıb, bu sahəyə dair altı qanun aşkarlayıb.

N.Əhmədli dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb. O, söz sənəti sayılan jurnalistikanın nəzəri və praktik məsələlərinə dair çoxsaylı elmi araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə, xüsusən də onun vacib sahəsi sayılan dilçiliyə müstəsna töhfələr verib. Mətbuatın, ümumilikdə medianın dil hadisəsi olduğunu məxsusi yanaşmaları ilə əsaslandırıb, ictimai fəaliyyətilə Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə nümunəvi yanaşma ortaya qoyub. Bir məqam da vurğulanmalıdır ki, Nəsir müəllimin elmiliyi həm də elmlə publisistikanın vəhdəti kimi dəyərləndirilə bilən bənzərsiz hadisədir. Buna görə göstərdiyi çoxşaxəli fəaliyyət ona cəmiyyətdə həm vətənpərvər alim, həm də dəyərli ziyalı obrazı qazandırıb.

2010-cu ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüş N.Əhmədli həmçinin müxtəlif illərdə III dərəcəli “Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.

Azərbaycan cəmiyyəti N.Əhmədlinin simasında səmimilik, qayğıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib. Bu itkinin ağırlığı son dərəcə böyükdür.

Uca Tanrıdan Nəsir müəllimin doğmlarına, əzizlərinə, həmkarlarına, dostlarına bir daha dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!"

Xəbər 3205 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +