Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


18.03.2022  18:08 

Prezident xalqı təbrik etdi





A+  A-

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!”

Xəbər 3711 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +