02.10.2025 10:29
İran Trampın İsraillə iqtisadi əməkdaşlıq və “İbrahim müqaviləsi”nə qoşulmaq təklifinə yox deməyib
Donald Trampın İranla xüsusi münasibətləri olub və Tehran bunu yaxşı anlayır. Bu münasibətlərin gedişatı kifayət qədər mürəkkəb olub. Tramp 2015-ci ildə İranla “Altılıq” arasında imzalanmış nüvə sazişini ləğv etdi, “maksimum təzyiq” siyasətini tətbiq etdi və Qasim Süleymaninin öldürülməsi əmrinə imza atdı.
Buna baxmayaraq, Tramp gözlənilmədən İran haqqında müsbət danışaraq onu qədim sivilizasiyanın daşıyıcısı kimi yüksək qiymətləndirdi. Yaxın Şərqdə prosesləri tənzimləməyin çətinliyini nəzərə alsaq, Trampı ən konseptual ABŞ prezidentlərindən biri kimi xarakterizə etmək olar. Onun prezidentliyinin ilk dövründə ərəb dövlətlərində müasir silahlar yox idi. İranın yüksək texnoloji silahlara malik olması ABŞ-ı ərəb ölkələrini də belə silahlarla təmin etməyə məcbur etdi. Bunun nəticəsində ərəblərin təkcə İranla deyil, həm də bir-birilə münasibətləri dəyişdi.
Beş il əvvəl ərəb dövlətləri İsraillə “İbrahim müqaviləsi”nə imza atmağa yaxın idilər. Lakin ABŞ silah satdıqca və onlarla özəl münasibətlər qurduqca, ərəblər bu müqavilədən uzaqlaşdılar. Halbuki “İbrahim müqaviləsi” Yaxın Şərqin islahatı üçün ABŞ-ın dərin dövlətinin hazırladığı mühüm layihədir. Buna görə də Tramp yenidən bu mövzuya qayıtmalı oldu.
İran bölgənin ən böyük dövlətlərindən biridir. Silah arsenalı genişdir, amma iqtisadiyyatı zəif inkişaf edib. Tramp bu vəziyyətdən istifadə edərək İrana İsraillə iqtisadi əməkdaşlıq və “İbrahim müqaviləsi”nə qoşulmaq təklifi verdi. Bu təklif təsadüfi deyildi – İran rəhbərliyində Tramp administrasiyası ilə təmasda olan şəxslər var və ehtimal ki, onların iştirakı ilə bu təşəbbüs irəli sürüldü.
ABŞ-dan səslənən bütün təkliflərə İran indiyə qədər dərhal reaksiya verib, hətta bəzən ali rəhbərin “bilikdən istifadə edin” dediyi şəxslərin dili ilə cavablandırıb. Lakin bu dəfə müasir tarixdə İrana ABŞ tərəfindən ən iri təklif gəlib və İran hələ ki, cavab verməyib. İslam dünyasında formalaşdırdığı imicə görə İran dərhal “yox” deməli idi, amma hələ ki, bu addımı atmayıb.
İran siyasətinə Qərbin yanaşmasında yeni element də meydana çıxıb. Böyük Britaniya BƏƏ-nin İrana qarşı üç ada – Əbu Musa, Böyük Tomb və Kiçik Tomb iddiasını rəsmən dəstəklədi. Halbuki bu adaların İrana keçməsində məhz Böyük Britaniya rol oynamışdı. İran buna qarşılıq olaraq “Bəhreyni də siz aldınız, onu qaytarın, mən də adaları verim” deyə bilər. Amma bu gün İranın Bəhreyn üzərində iddiası qəbul edilə bilməz.
İsrail kontekstində isə İranın ən böyük problemi onun ölçüləridir: 85 milyon əhali və 1,648,195 km² əraziyə sahib İranla, 10 milyon əhalisi və 20,770 km² ərazisi olan İsrailin bərabər əməkdaşlığı çətindir. İran bunun fərqindədir və görünür ki, “kiçilmə modeli” hazırlayır. Bu modelin bir hissəsi Ermənistanla münasibətlərdə özünü göstərir. Ermənistan İrana ərazi iddiası irəli sürüb. Bu məsələ açıq şəkildə təkrarlanmasa da, ABŞ-da artıq müəyyən xəritələr mövcuddur. Ermənistanın BƏƏ ilə artan əlaqələrinin kökündə də onun üç adanı BƏƏ ərazisi kimi tanıması dayanır.
Beləliklə, İran üç adanı BƏƏ-yə aid sayan Ermənistanı gücləndirərək əslində bu mövzunun sərtliyini yumşaltdığını göstərir. Son vaxtlar Böyük Britaniya ilə Ermənistan arasında təmasların artması da təsadüfi deyil və burada Cənubi Qafqaz məsələsi ön plana çıxır. Ermənistanla BƏƏ əlaqələrində üç ada məsələsinin müzakirə olunmaması isə mümkün deyil.
Nəticə etibarilə, İran Trampın təklifinə “yox” deməməklə həm İsraillə iqtisadi əməkdaşlığa, həm də “İbrahim müqaviləsi”nə qoşulmağa hazır ola biləcəyini göstərir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1420 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|