Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.01.2018  17:25 

Afrindən Xudaf(ə)rinə gedən yol - Zahid Orucdan sensasion yazı





A+  A-

Azərbaycan Türkiyəni nədən açıq müdafiə etdi?
ATƏT-in Minsk təşəbbüsləri özünün yubiley yaşını - 25 illiyini sakitcə, təntənəsiz ötürüb keçdi. Əslində atəşfəşanlıq onun harasına yaraşır?! Axı Sovetlər Birliyi dağılandan burun-buruna dayanan tanklar əsil qığılcım alovunu bir andaca saçmağa hazırdılar. Belə vasitəçilik dünya tarixində sabit bir şəkildə heç Fələstin-İsrail konfliktində də olmayıb. İflasa uğrayan danışıqlar raundunun sayı o qədər çoxdur ki, artıq dünyanın onlarla şəhərinin adı ilə çulğalaşan baza prinsipləri nəinki sadə adamların, eləcə də siyasətçilərin yaddaşından silinib gedir. Bişkek simfoniyası, Ki-Uest protesti, Praqa prosesi, Kazan raundu, Vyana kvarteti və sair.

Belə etimadsızlıq mühiti əslində çox qorxuludur. Sabah hətta fantastik görünən çözüm planının liderlər tərəfindən xeyir-dua alması belə, referendumda onu millətlərə qəbul etdirməyə imkan verməz. Çünki xarici missiyalara inamsızlıq votumu həddindən artıq yüksəkdir. O üzdən, Yaxın Şərq teatrında oynanılan son dramaların xüsusi bir hissəsinə, Afrin əməliyyatına Türkiyənin qərar verməsini rəsmi olaraq müdafiə edən Azərbaycanın uzun illər konservləşdirilmiş ərazi probleminə yeni yanaşmasını görmək lazımdır. Şübhə edən varsa, əksini sübut etməyə hazırıq. Söhbət əlbəttə, Ərdoğanla duet göstərmək, onu hərbi meydanda tək qoymamaq və 2009-cu ildə imzalanmış strateji tərəfdaşlıq sazişinə əməl etməkdən getmir. Əgər belədirsə, əcəba, Türkiyə ilə Cənubi Qafqazda hansı birgə hərbi əməliyyatlar keçirilə bilər ki, onu Moskva və Tehranın mənafeləri əleyhinə qəbul edənlər olmasın? Yaxud, son iki dövlətin strategiyasının hansı elementi onları İdlibdə Türkiyənin, Afrində Rusiyanın davranışlarını burada təkrarlamağa vadar edə bilər? Çətin və maraqlı suallardır.



Bəlkə, Şimal-Cənub layihəsi İran, Türkiyə, Rusiya və Azərbaycan arasında sözügedən planların yoluna işıq sala bilər? Fərq etməz, Astaradan keçən xəttə başqa haradan əlavə arteriyalar qoşursan. Lakin onsuz da hazırda masada çeynənən layihələr ən sonda tapılacaq sülh modelini gələcəkdə nəqliyyat kommunikasiya xətlərini bərpa etməklə möhkəmləndirməyi tələb edir. Yəni, bir var, sən yüz il gözləyirsən, bir gün regionun yenidən inteqrasiyasını nəzərdə tutan şərti gələcəyin peşində olursan, bir də var, hazırda reallaşdırılan böyük transmilli nəqliyyat yollarına gəlib qoşula biləcək digər həlqələrin qarşısındakı hərbi maneələrdən birini təmizləməyə qalxırsan. Ona görə də geopolitikası vahid bir müstəvidə birləşən Yaxın Şərqdən Cənubi Qafqaza, Afrindən Xudəfərinə doğru hərəkət edib Cəbrayıl və Füzuli bölgəsinin HƏRBSİZLƏŞDİRİLMƏSİ ƏMƏLİYYATINA (seçdirmə müəllifindi-red.) getsək, hansı mənzərənin ortaya çıxacağını gözlərimiz önündə canlandırmağa çalışaq. Fərz edək ki, rəsmi Bakı günü səhərdən Ankara rəhbərliyinin seçdiyi taktikaya uyğun olaraq, Rusiya və İranın hərbi-siyasi başçıları ilə konsensusa gəlir, daha sonra Qərb ölkələrinə, o cümlədən, Birləşmiş Ştatların prezidentinə məktubla müraciət edir, onda hadisələrin hansı trayektoriya ilə inkişaf edəcəyinə gəlin birlikdə baxaq. Axı siyasətçilərin vəzifələri müxtəlif paradiqmalara malik beynəlxalq hadisələri ictimai fikrə çıxarmaq və xarici məkana çeşidli ideyalar ixrac etməkdir. Beləliklə, iki müxtəlif coğrafi-siyasi hərbi partiyanın daxili elementlərinə, iştirakçılarına və nəticələrinə dair ssenari belə ola bilər:

Birinci aspekt: Cəbrayıl və Füzuli rayonlarının azad olunması zamanı Afrindən fərqli olaraq, yerli əhali problemi demək olar, yoxdur. Mülki insanlardan canlı sipər kimi istifadə edərək, qırğınların humanitar miqyasını xarici KİV-lərdə artırmaq imkanları yüksək deyil. Əlbəttə, erməni hərbi maşınının sərəncamında olan informasiya menecerləri və təxribat üzrə ixtisaslaşmış siyasi texnoloqlar dünyanın qaynar nöqtələrindən kopyalayıb kataloqlaşdırdıqları barbarlıq səhnələrini dərhal işə salıb Azərbaycanı hərbi qüvvələrlə deyil, qoca və uşaqlarla savaşmaqda ittiham edəcəklər. Onsuz da feyk xəbərlərin qarşısını almaq mexanizmi effektli deyil, lakin elə indidən Ermənistanın silahlı qüvvələrinin nəzarəti altında olan bölgələrin gerçək mülki insan resursları barəsində kəşfiyyat-peyk məlumatlarını regional və aparıcı beynəlxalq mediaya çıxarmaq lazımdır. Baxın, Ərdoğanın və bütün hökumət qüvvələrinin, ölkənin siyasi institutlarının əsgər və zabitlərlə bərabər döyüşərək, infomasiya savaşını çox uğurlu aparmasından yaxşı mənada faydalanmaq mümkündür. AKP hökumətini sevməyənlər belə, milli təhlükəsizlik məsələsində birləşiblər. Xarici məkanda Türkiyənin əleyhinə olan siyasi və media quruluşları istəməsələr də qarşı tərəfin rəsmi bəyanatlarına istinad edərək balansı qorumağa məcburdular. Deməli, məkanı yalnız hərbçilərə buraxmaq əvvəlcədən məğlubiyyətlə razılaşmaq deməkdir.

İkinci aspekt: Aviasiyasız ötüşmək qeyri-mümkündür. Afrin əməliyyatının əsas zərbə qüvvəsi olan qırıcı təyyarələrin vəzifəsi çətin coğrafi ərazilərdə artilleriyanın yolunu açmaqdır. Ayrılıqda müasir tanklar və toplarla, Tayfun raketləri ilə arzulanan nəticələri əldə etmək qeyri-mümkündür. Türk Silahlı Qüvvələri hədəfində dayanan 180-ə qədər hərbi nöqtəni zərərsiləşdirməyə çalışıb. Cəbrayıl və Füzuli əraziləri boyunca istehkama çevrilən ağır silah bazalarının sayı Afrinlə müqayisədə qat-qat azdır. O üzdən qarşı tərəf Azərbaycanın can atdığı, Türkiyənin bilavasitə iştirak etdiyi, İran və Rusiyanın razılıq verdiyi HƏRBSİZLƏŞDİRMƏ ƏMƏLİYYATI-nın yönünün Xankəndinə deyil, üzü İrana doğru uzanmasına və savaşın miqyasının genişlənməsinə çalışacaqdır. Halbuki, 10-15 minlik hərbi heyətlə uzun müddətə döyüş aparmaq və Tehranı qıcıqlandırıb Xudafərini keçməyə vadar etmək qeyri-mümkündür. Ona görə də Suriyada xarici təcavüzün hazırkı nəticəsi olaraq, müxtəlif dövlətlərin və hərbi birləşmələrin nəzarəti altında rəngli tabloya çevrilən və suverenliyi kağız üzərində qalan bir ölkə ilə vahid güclü mərkəzi hakimiyyətə malik Azərbaycan dövlətinin iki mühüm strateji bölgəsini HƏRBSİZLƏŞDİRMƏYƏ çalışması eyni tədbir sayıla bilməz.

Üçüncü aspekt: Xankəndindən və İrəvandan gözlənilən növbəti avantüra bufer zonasının kiçildiyi və birinci Qarabağ müharibəsinin nəticəsində meydana çıxan işğal reallığının bir metr belə dəyişməsini Şuşanın təhlükəsizliyi üçün təhdid yaratması haqda isterika olacaqdır. Halbuki 4 ölkənin razılığını aldıqdan və Birləşmiş Ştatlara rəsmi məlumat verdikdən sonra sözügedən ərazilərin ermənilərin təhlükəsizlik radiusu ilə heç bir bağlılığı olmadığını sübuta yetirmək mümkündür. Qorbaçov və Yeltsin Rusiyasından fərqli olaraq, Putin heç bir halda Moskvanın da içərisində yer aldığı, kosmik nəzarət və hərbi Baş idarə ilə koordinasiya olunan plana qarşı Gümrüdəki tanklarını yerindən tərpətməklə cavab verəsi deyil. Əlbəttə, Afrinli PYD-YPG hörgütü kimi məhdud saylı erməni təmsilçiləri Kreml elitasını xəyanətdə suçlandırıb üsyana əl atacaqlar. Lakin demarşlar Rusiyaya imkan verəcək ki, sülhpərvərliyini və əraziləri silahdan təmizləmək bacarığını növbəti dəfə özünün imicyaratama siyasətinin tərkib hissəsinə çevirsin.



Dördüncü aspekt: Bizim bölgə Yaxın Şərqə oxşayacaq dərəcədə polikonfessional deyil. Burada çoxsaylı antoqonist dini qrupların zənginliyindən danışmaq olmaz. Hətta monoetnik bölgə olan erməni cəmiyyəti də xristian sivilizasiyanın mirasını dağıtdığına görə bizi qınaya bilməyəcək. Çünki keçmiş səhra komandiri Sarkisyan belə, indiyədək verdiyi bəyanatlarda qeyd olunan yaşayış məntəqələrinin tarixən onlara məxsusluğunu iddia etməyib. Heç Azərbaycan özü də Cəbrayıl və Füzulidə islam mədəniyyətini xilas ideologiyasını əlində tutarqaya çevirməməlidir. Deməli, Tomas Hobsun dediyi kimi, az qala hamının-hamıya qarşı döyüşünü xatırladan Suriya cəngəlliyindən fərqli olaraq, Qafqazlarda ixtilaf qruplarının sayı çox deyil.

Beşinci aspekt: HƏRBSİZLƏŞDİRMƏ BÖLGƏSİNDƏ - yəni, Xudafərinə yolu açmağı hədəfləyən Cəbrayıl-Fizuli vektoru üzrə hərəkət edəndə o coğrafiyada məskunlaşma minimum səviyyədə getdiyindən hər kiçik yaşayış məntəqəsində hakimiyyət orqanları və yerli idarəçilik sistemi ilə qarşılaşmaq real deyil. Halbuki İdlibdən Rakkaya qədər geniş xaos bölgəsində milli və etnik ideologiyalar amorf azadlıq, müstəqillik səfsəfəsi libasında tüğyan edir. Kürd dövlətinin quruculuğunu separatizm bayrağına çevirənlərlə müqayisədə ermənilərin insan resursu burada çatışmır və onlar milli dövlətlərində belə titullu xalq olmaqdan çoxdan çıxıblar. Sürətlə gedən emmiqrasiya fonunda erməniləri "mühacirət milləti” saymaq daha doğru olar. Hər ilin statistikası böhran minimumundan aşağı düşən mənzərəni ortaya qoyur. Göyçə gölünün ətrafında yaşamaq istəməyən adamları hansı stimulla gətirib Lələtəpədə lövbər salmış tankların mərmisinin uçuş zolağında yerləşdirə bilərsən? Deməli, mövsümi proqramlarla oraya gələn, qeyri-dayanıqlı və vətən hissindən uzaq torpaq istismarçılarını Xudəfərin yolunun üstündən vurub çıxarmaq Afrinə hücumdan çətin olmayacaq. Lakin HƏRBSİZLƏŞDİRMƏ ƏMƏLİYYATI-nı müharibə kimi qələmə vermək yolverilməzdir. Əks halda, atdığın birinci patron sonuncu erməni-azərbaycanlı qalana qədər davam edə bilər.

Altıncı aspekt: Daha dərin təhlillər və Xankəndində son 30 ildə formalaşmış vətəndaş-rejim münasibətlərinin sosial-psixoloji analizləri göstərir ki, Dağlıq Qarabağın erməni toplumu Cəbrayıl-Fizuli əməliyyatını özünün təhlükəsizliyi əleyhinə bir nömrəli siqnal saymayacaq. Səbəb kimi əlbəttə, əhalinin hədsiz kasıblığını, sosial ədalətsizlik faktorlarını, 90-cı illər ilğımının dağılmasını və elitanın korrupsiyaya qurşanmasını göstərmək olar. Hətta tam əsaslı dəlillər gətirmək olar ki, kütlə qaniçən yerli rejimdən xilas olmağın çarəsini Azərbaycanın lokal dislokasiyalarda blits qələbəsində görür. Demokratik proseslərin qarşısında uzun illərdir zirehli divara çevrilən və əsas iqtisadi-maliyyə şəbəkələrinə nəzarət edənlərdən qurtulmağın özgə yolu qalmayıb. Mini hərbi eskalasiya milli istismarçılardan yaxa qurtarmağın son şansına çevrilib.



Yeddinci vektor: Siyasi qüvvələr içərisində zəif özəkləri olan yeni erməni nəsli Ağdərənin o tayından üzü Xəzərə doğru tamamilə düşməncəsinə köklənməyiblər, eləcə də Cəbrayıl itiriləcəyi təqdirdə yaranan yeni şəraitdə saxta elita ilə həqiqisinin, istismar olunanlarla ağaların yerinin dəyişilməsi aksiomadır.

Səkkizinci aspekt: Azərbaycan İran, Rusiya və Türkiyəni Cəbrayılın azad olunması prosesinə cəlb etdiyindən heç kəs onu "beynəlxalq hüquq pozuntusu”na görə BMT salonlarında mühakimə edə bilməyəcək. Hətta, Fransanın Afrin olayında çığal davranışları kimi, Cəbrayıl və Füzuli ilə bağlı Təhlükəsizlik Şurasının çağırılması 25 il öncə qəbul olunmuş qətnamələri yenidən gündəmə gətirəcək, "5”-lərin məsuliyyətini təzədən dirildəcək və ölkəmiz əleyhinə konsensusa imkan verməyəcək. Digər tərəfdən, əməliyyatların məqsədi etnik təmizləmə olmadığından, HƏRBSİZLƏŞDİRMƏ ZONASININ yaradılması regionun əsas güc dövlətləri ilə razılaşdırıldığından təhlükəsizlik bölgəsinin formalaşmasına, strateji nəqliyyat dəhlizlərinin qurulmasına və min kilometrləri hədəf seçən hərəkətin toxunulmazlığının təminat altına alınmasına kimsə qarşı çıxa bilməyəcək.

Üstəlik, Cəbrayıl əməliyyatı İrəvanın təhlükəsizliyi əleyhinə akt kimi dəyərləndirilə bilməz. O üzdən, Kollektiv Təhlükəsizlik şərtlərinin işə düşməməsindən ötəri Naxçıvandan üzü Tovuz-Qazax sərhədlərinə qədər geniş ərazilər boyunca Azərbaycanın hər hansı hərbi hərəkətliliyə əl atmadığını sübuta yetirə biləcəyik. Məgər, Afrində 720 minlik bütün türk hərbi kontingenti iştirak edir?

Doqquzuncu tezis: Ümummilli səfərbərlik işlərinə ehtiyac duyulmasa da belə lokal miqyaslı tədbirin misilsiz əhəmiyyətini dərindən başa düşən bütün cəmiyyət institutlarının vahid məqsəd uğrunda birləşməsi mütləqdir. Baxın, türk xaqanlıq mehtərləri trubalarla marşlarını ifa edir, ruhaniyyət sinfi məscidlərdə əsgərləri müqəddəs dualara bürüyür, siyasi qüvvələr dinc dövrdə hakimiyyətlə apardıqları şiddətli qarşıdurmalara ara verir. Belə fövqəladə şəraitlərdə böhran menecerliyini əla bilən prezident İlham Əliyevin diplomatik səfərbərliyi, siyasi şahmat qalaqurmaları və hərbi liderliyi bütün daxili-xarici cəbhələrdə qarşıya qoyulan məqsədə çatmağa şübhə yeri qoymur.



Mühüm tezislərdən başqa birisi: Afrində rusların-türklərlə heç kəsin inana bilmədiyi güzəşt formulunu tapması onların tarixən Avrasiya qitəsində müharibə aparmasından fərqli bir hərbi-siyasi tarixçədir. Kürdlərin üzündən vuruşmağına dəymədisə, erməniləri-daha azsaylı bir xalqı "nifaq alması”na çevirib iki hökmranı-derjavanı savaş meydanına çəkmək bağışlanmaz səhv olardı. Əslində Afrindən Cəbrayıla qədər böyük bir diapozonda razılaşmaq Rusiya-Türkiyə və İranı Azərbaycanın daxil olduğu iki qitənin fəal oyunçusuna çevirir. Doğrudur, Qərb hər vəchlə belə formulun yeni məkanlar və hərbi müttəfiqliklər səviyyəsinə qalxmasına mane olmağa çalışacaq, lakin resurs məhdudluğu üzündən sözügedən koalisiyanı pozmaq alınmayacaq. Ona görə də Xudəfərin yolunda oturub onlara görə bir neçə qlobal gücün toqquşmasını gözləyən erməni obıvateli kürdlər kimi yanılacaqdır. Koalisiya möhkəmlik testindən keçdiyindən onu Cəbrayılda da qorumaq tam realdır.

Ən əhəmiyyətli fikir vektorlarından biri də Ermənilərin içərisində Rusiyanı satqınlıqda və xəyanətdə suçlayanların müttəfiqlikdən çıxmaq üçün hərəkətə keçməsidir, lakin yüz illər ərzində formalaşmış düzəni dəyişmək ağlasığan deyil. Şimal və Cənub arasında gələcəkdə istifadəyə veriləcək dəmir yolu xətti bölgəni vahid bir sistemlə bağladığından, ona sovet dövründə yaxşı çalışan Ələt-Culfa arteriyası ilə əlavə qoşulma zərurəti meydana çıxacaqdır. O halda Ermənistan həm də öz faydaları naminə, yürütdüyü siyasət ucbatından məruz qaldığı izolyasiyadan çıxmaq üçün kiçik bir zolaqda - Fizuli-Cəbrayıl qövsü boyunca yollarını üstündə hərbi maneələri təmizləməyi "kürəkdən zərbə” adlandıra bilməz. Başqa bir yandan, Avropa tankları "zəifin müdaifəsi və ya humanitar faciəni” durdurmaq adı ilə regiona daxil ola bilməz. Çünki Azərbaycana qarşı Qafqazdan aşıb gələn NATO hərbi maşınları sonra üzünü Moskvaya və Tehrana çevirəcək. Burada "suriyalaşma təhlükəsi”nə heç zaman yol vermək olmaz. Halbuki hazırda Dəməşqdə uğurla sınaqdan çıxarılmış formatı Qarabağın 90-cı illərdə silahlı toqquşmasının nəticələrinin korreksiyası üçün keçərli sayanlar da regionda qüvvələr nisbətinin dəyişməyəcəyini yaxşı görəcəklər. Axı burada bölgə dövlətlərinin hamısının faydası var. Onlarla Qərbin hesablaşmaması qeyri-mümkündür. Hər halda, rədd olsun demokratiya puşkaları...

Başqa bir vacib tezis: Azərbaycan region əleyhinə yeni xarici siyasət vektoru yaratmır. Hətta son "Şərq tərəfdaşlığı” və Rusiyadan qoparılması planlaşdırılan 6 ölkənin Brüssel razılaşmalarından Kremlin, Putinin yaxın çevrəsinin bərk narazı qaldığı hamıya bəllidir. İrəvanı Avropaya boylanmaqdan geri çəkmək üçün də belə əməliyyata ehtiyac olduğunu düşünmək olar. Moskva Bakı, Tehran və Ankara arasında razılaşma istənilən hərbi-siyasi planı irəlilətməyin vacib şərtidir. Deməli, şimaldan belə qərara razılıq verməsinə tutarlı əsaslar var: erməni avroatlantistlərini cəzalandıraraq, nəticədə rusların işğal siyasətində daim maraqlı olmadığını göstərmək və onsuz da demon obrazına xidmət edən Ukrayna-Donbas əməliyyatlarının beynəlxalq mühakiməsinin qarşısına fundamental sülh və təhlükəsizlik tədbirləri ilə çıxmaq.

Yekun aspektlərdən biri: Cəbrayıl və Fizulinin demilitarizasiya zonasına çevrilməsinin Azərbaycanın ambisiyalarını artıracağını deyənləri yalanlamaq üçün dövlətimiz tərəfindən Rusiyanın hərbi iştirakına bundan sonra da xələl gətirməyən mövqelərə dair öhdəlikləri bəyan etmək və onu yazılı imzalamaq da olar. Əgər İdlibi rəsmi Ankara müxtəlif şərtlər daxilində İran və Rusiyaya verdisə, Suriya əvəzində Qarabağın bufer zonası adlandırılan, əsil gerçəklikdə isə ona aid olmayan zolaqda türklər və azərbaycanlıların maraqları ilə razılaşmaya gedilməsi də təhlükəli xəyal deyil.

İşğal altındakı torpaqların ölçüsünə gəldikdə isə hərbi-siyasi baxımından Dağlıq Qarabağın inzibati vahid kimi 4.38 min kvadrat kilometrlik ərazisi özündən 3 dəfə böyük-yəni, 13 min kvadrat kilometrlik 7 rayonu təhlükəsizlik qurşağı adı ilə uzun on illər əlində saxlaya bilməz. Şimali Kıprıs probleminə "Annan planı” ilə çözüm verməyə çalışanların "mənfəət-mənfəət” formulunu nəzərə alsaq, hətta erməni tərəfi də Cəbrayıl yolunun açılmasından fayda götürə bilər. Hər kəsin xeyrinə olan bir düzən "Azərbaycana qalib, Ermənistana məğlub” libası geyindirməyi hədəfləmədiyindən orta və uzunmüddətli dövrdə yaranan yeni şəraitdən heç kəs itki ilə çıxmayacaq.



Ən nəhayət, yekunda Azərbaycan xalqında və bütövlükdə Qafqazlarda uzun əsrlərdən bəri gələn rus əsgərinin imicini dəyişdirmək və ona yeni obraz qazandırmaq baxımından misilsiz bir fürsətdən bəhs edirik. Bakıya yönələn stavkalar artır, ictimai rəydə baş verən köklü müsbət dəyişikləri Moskvanın xeyrinə iqtisadi və siyasi şərtlərlə möhkəmləndirmək olur. Topraq, Vətən, işğal məfhumlarının azərbaycanlıların ruhi-psixolji dünyasında hansı mənaya malik olmasından çıxış edərək, dəyişilən kartlar Moskvanın regionda çəkisini nəinki azaltmır, əksinə, artırır, neftlə zəngin resurs dövlətinin Qərblə münasibətlərinə təsir baxımından əhəmiyyətli rıçaq yaranır. Yəni, məsələ hansısa Avrasiya Birliyinə və ya rus hərbi çətiri altına daxil olmaqdan, Qərbə qarşı çevrilməkdən, kəskin xarici siyasi kurs dəyişikliyindən getmir, ondan da ötə maraqların nüvəsində anlaşmaq olar.

Sonda əlbəttə, hər kəs sual edə bilər, burada formalaşacaq bölgəsəl ortaqlıq nə qədər sürər? Yaxud, regional kvartet, TÜRKİYƏ-RUSİYA-AZƏRBAYCAN VƏ İRAN formatı harayadək inkişaf edər?

Diqqət edin, əgər NATO üzvü olan bir dövlət Rusiya və İranla ortaqlığı həm də Qarabağ ərazisindən xeyli kənarda tapırsa, onda gerçəkdən də keçmiş postsovet məkanı üçün əvəzsiz bir model qurulmuş olur. Deməli, Suriya qovğası yaxın coğrafiyalarda yox, daha geniş məkanlarda da alyans yaratmağı tələb edir və belədə, Ankaranın Avrasiya ağırlıqlı missiyası NATO-nun çat verməsinə səbəb ola bilər. Lakin öz yaxın çevrəsində separatizm ocaqlarını söndürməkdə müttəfiqliyə nail olunursa, onda 3 imperiyanın - türk, rus və fars imperiyalarının ənənəvi maraq zonasında təkcə kürd dövlətinin deyil, erməni dünyasının genişlənməsinə çalışmaq da heç kəsə fayda vermir. Əksinə, Amerika və Avropa dövlətləri çox ustalıqla o nifaqı dərinləşdirib maksimal şəkildə hərbi-siyasi nüfuz dairəsini genişləndirirlər.

Ən sonda, kiminsə üçün son dərəcə xəyal kimi görünən müxtəlif ideyaları süngü ilə qarşılayanların olacağına şübhəmiz yoxdur. Əsil həqiqətdə işğal təkcə torpaqlar üzərində silahlı qüvvələrin nəzarətinə əsaslanmır, həm də qafalardakı donuqluğa, beyinlərdəki ətalətə və qapalılığa dayanır. "Böyük dövlətlərə güvənib, irəli durmağın ömrü uzun olmaz”, deyənlərin də, "HƏRBSİZLƏŞDİRMƏ ƏMƏLİYYATI elə müharibə deməkdir”, söyləyənlərin də alternativlərini bilmək istərdik. Çox uzağa getməyək, "Peters xəritəsi” 2006-da yayımlananda çoxları onu fantaziya sayırdı. İndiki Yaxın Şərq bir adamın gözü yumulu çəkdiyi xəritəyə bənzəyirmi? Əsla, xeyr!

Ona görə də uzaq Çinə gedən yol da "birinci addım”dan başlayır!

P.S: Əməliyyatın kod adı Afrin hücumunda seçilən "Zeytun budağı”, yaxud, "Fərat qalxanı” silsiləsindən informasiya məkanında qəbul olunacaq termin olmalıdır. Qoy onu hərbçilər müəyyənləşdirsin!

Zahid ORUC,
Milli Məclisin deputatı


Xəbər 4944 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +