Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


20.02.2017  12:49 

“Bir nazirin işdən çıxarılması islahat sayılmaz” - Millət vəkili





A+  A-

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə danışmağa xeyli mövzu var idi. Əslində elə Fazil bəyin vaxtaşırı ən müxtəlif səbəblərdən cəlb olunduğu “münaqişə-müharibələr”in özü ayrıca müsahibə mövzusudur. Ancaq biz budəfəki söhbətdə təkcə fərdi “müharibələr”dən deyil, bölgədə cərəyan edən ciddi proseslərdən tutmuş, ümummilli problemlərə qədər bir sıra vacib mövzulara toxunmağa çalışıdıq.
- Fazil bəy, Amerika və Rusiya generalları görüş üçün Bakını seçdilər. Sizcə, bölgədə nə baş verir? Toqquşan qüvvələrin daim maraq dairəsində olan Azərbaycanı nələr gözləyir?

- Amerika və Rusiya generallarının Bakıda görüşməsi özlüyündə Azərbaycanın imici baxımından çox əhəmiyyətli hadisədir. İlk növbədə Azərbaycanın təhlükəsiz dövlət olduğu barədə yaranmış rəyin təsdiqidir. İkincisi isə, dünyanın bu iki güclü dövlətinin Azərbaycana bərabər məsafədən baxışıdır, hər ikisinə uyğun yaxınlıqda və uyğun uzaqlıqda olmamızın bir göstəricisidir. Yəni biz böyük köpək balıqlarının arasında müstəqilliyin qızıl ortasındayıq. Digər tərəfdən, gələcəkdə daha mötəbər beynəlxalq problemlərin müzakirə məkanı kimi bir presedentin yaranmasıdır. Bir də görərsən əlverişli şərtlərdə öz problemlərimizi də bu cür görüşlərdən istifadə edərək dünyanın qulağına pıçıldamaq fürsəti qazana bilərik. Ən pis halda belə, başqa yerdə görüşüb Bakı haqqında qərar verməklərindənsə, Bakıda görüşüb başqaları barədə qərar verməkləri daha məqbuldur.

- ABŞ İrana qarşı koalisiya yaradır. Qonşu ölkəyə qarşı əməliyyatlar nə dərərəcədə realdır? Əgər bu baş versə, Azərbaycanın taleyi hansı istiqamətdə dəyişə bilər? Qarabağa gedən yol Təbrizdən keçəcəkmi sizcə?

İrana qarşı hərbi əməliyyatların olmasına real baxmıram, ancaq gərginliyin ən yüksək həddə çıxacağını indidən proqnozlaşdırmaq olar. ABŞ İranın bölgəyə aktiv yayılmasından rahatsızdır. İraq, Yəmən, Suriya kimi coğrafiyalarda söz sahibinə çevrilməsinə təhlükə kimi baxır. Ona görə də istənilən bəhanə ilə İranın üzərinə getməyə qərarlıdır. Ancaq bunu hərbi vasitələrlə etməyə maraqlı görünmür. Yenə də sanksiyaların aktuallaşacağı gözlənilir. Düşünürəm ki, Azərbaycan olaraq ABŞ-ı razı salmaq naminə İran əleyhinə koalisiyada qətiyyən yer almamalıyıq. Çünki qonşu dövlətə qarşı sərt tədbirlərin müəyyən zərbələri də Azərbaycana dəyəcək. İndi gündəmə gətirilən Güney Azərbaycan məsələsi də İrandakı azərbaycanlıların potensialından sui-istifadə məqsədi daşıyır. Üstəlik, kiçik bir Qarabağı Ermənistanın maraqlarına uyğun şəkildə himayə edən ABŞ-ın gələcəkdə birləşmiş bir Azərbaycan dövlətinin mövcudluğuna maraqlı olduğunu düşünmək sadəlövhlük olardı. ABŞ-ın marağında ipə-sapa yatan və təhlükəsiz bir İran modeli qurmaq var. Əlbəttə, Güney Azərbaycanda həmvətənlərimizin hüquqlarının qorunması bizim üçün priorotet məsələlərdəndir, ancaq indiki halda bunun İran hüdudları içində və insan haqları kontekstində aparmaq daha doğru olardı. ABŞ-ın bölgədə keyfi siyasəti naminə oradakı soydaşlarımızı macəraya sürükləyib rejimin qətliamına rəvac vermək olmaz. Ona görə də bizlər üçün Təbrizin yolu hələ uzun illər qapalı olacaq. Qarabağın yolu isə birmənalı şəkildə İrəvandan keçəcək. Bu yolu açmaq üçün İrəvanı diz çökdürməliyik.

- Fazil bəy, ötən həftə ömürlük nazirlərdən daha biri “məxməri yolla” kreslosundan uzaqlaşdırıldı, özü də qızılgüllə yola salındı. Vaxtaşırı islahatlar, komandada islahatlar təşəbbüsü ilə çıxış edirdiniz. Siz bu hadisəni necə dəyərləndirirsiniz? Özü demişkən “adi vətəndaş” olan Ziya Məmmədova münasibətiniz necədir?

- Bir nazirin işdən çıxarılması islahat kimi xarakterizə oluna bilməz. Buna texniki məsələ kimi baxmaq daha doğru olardı. Prezident öz səlahiyyətindən istifadə edərək bir nazirliyin səlahiyyətini digərinə əlavə edib. Mümkündür ki, Ziya Məmmədovun da, digər iş yerlərini itirən təcrübəli məmurların da başqa sahədə çalışması məqsədəuyğun sayılsın. Ümumiyyətlə, şəxslər üzərində bu qədər durulmasını doğru hesab etmirəm. Bəzən deyirlər ki, uzun müddət işləyən bir yaşlı vəzifə sahibini daha gənci ilə əvəz etmək işin irəliyə aparılması baxımından faydalıdır. Ancaq elə təcrübəli dövlət xadimləri var ki, onların yerini və mövqeyini indiki vaxtda sınaq poliqonuna çevirmək olmaz. Dünyanın düz vaxtı bəlkə də buna müsbət yanaşmaq olar. Ancaq indi dünyanın düz vaxtı sayılmaz. Necə deyərlər, qonşuluğumuzda ara qarışıb, məzhəb itib. Bu dönəmi daha təcrübəli kadrlarla aşmaq təhlükəsizlik riskimizi xeyli azaldar. Ziya Məmmədovla isə hansısa təmasım olmayıb, ancaq tədbirlərdə, hüzür yerlərində epizodik söhbətlərim olub, məsul olduğu sahə üzrə bilgisi ilə bağlı, ümumi dünyagörüşü ilə bağlı təəsüratlarım müsbətdir. İslahatlara isə vətəndaşın məmnun qalmasa belə, mənafelərinin yaxşılaşmasına xidmət edən faydalı proses kimi baxmaq lazımdır. Hələ ki, mənim müşahidə etdiyim ən ciddi islahat “ASAN Xidmət” modelinin qurulmasıdır.

- Ölkədə dollar-manat “mübarizəsi” gedir. Ancaq qəribəsi budur ki, milli valyuta bahalaşdığı vaxtlarda da qiymətlər yüksələn xətlə davam edir. Sizcə, əhalinin vəziyyətinin ağırlaşmasına rəvac verən qüvvələr niyə nə parlamentdəki, nə cəmiyyətdəki etirazları nəzərə almırlar?

- Məlum devalvasiyalardan sonra qiymətlərin artımı gözlənilən bir hadisədir və bu yüksələn xətt üzrə davam edəcək. İndi sosialist sistemi deyil ki, dövlət özəl sektorun işinə açıq müdaxilə edib, onlara sərf etməyən qiymətləri diktə etsin. Sahibkar istehsal etdiyi məhsulun maya dəyərini və satış qiymətinin səndən, məndən daha yaxşı bilir. Yanacaq qalxırsa, qazın, elektrikin, benzinin qiymətlərində artım olursa, artıq bu çörəkçinin də, pinəçinin də həyat standartlarına və iş imkanlarına ciddi təsir göstərir. Ölkədə dollar-manat mübarizəsi getmir, maliyyə sektorunun başında duranların biri özünün bişirdiyi dollar yumurtasını, digəri də manat yumurtasını əllərinə götürüb döyüşdürürlər. Yumurtanın qabığının qırıntıları da vətəndaşın başına tökülür. Bank kreditlərinin altında əzilən iş adamlarını, sadə vətəndaşları anlamaq mümkündür, vəziyyətdən çıxış yolu özəl sektorun üzərindən verginin “Domokl qılıncı”nı götürüb dövlətin “qayğı və təşviq” proqramını asmaq lazımdır. Mənim Azərbaycan insanının təşəbbüskarlığına güvənim o qədər böyükdür ki, tam əminliklə söyləyirəm ki, inhisarçılığı qaldıran kimi, sahibkarlığın qarşısından maneələri götürən kimi, qısa müddətdə bu gün əl-qolu bağlı insanların iqtisadi prosesləri çox rahat tənzimləməsi ilə böhrandan əsər-əlamət qalmayacaq. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə xeyli müsbət addımların atıldığını da müşahidə edirik, ancaq banklarla bağlı, valyuta kursu ilə bağlı inamın bərpa olunması görünür müəyyən vaxt aparacaq.

- Fazil bəy, vaxtaşırı siz hansısa qüvvələr, yaxud şəxslərlə virtual müharibə aparan görürük. Məgər “müharibəsiz” keçinmək olmur?


- Əslində “müharibə” yolu ilə problemlərin həllinə maraq göstərən düşüncə sahibi deyiləm. Ancaq nə edək ki, bir çox insanları fikirlərimiz, görüşlərimiz qane etmədiyinə görə hədəf olaraq seçilirik. Biri tarixə baxışımızdan narazıdır, digəri siyasətdə mövcudluğumuzdan, başqası günün problemlərinə münasibətimizdən. Əlbəttə, siyasi və həyat təcrübəm imkan verir ki, hamının könlünü qazanmaq üçün nağıl janrında, saxta pafosla hər kəsimdən olan insanların təqdirini qazanım. İnanın ki, bundan asan davranış yoxdur və hər halda az-çox öhdəsindən gələcəyimə də əminəm. Ancaq sonrası nə olsun? Bir də vicdanla düşünürsən ki, bu nağılların, hap-gopların enində-sonunda qurbanına çevrilən sənin xalqındır, din təməli, tarix təməli saxta olan, dünya reallığına adaptasiya olunmayan bir xalqın gələcəyə buraxdığı miras da faydalı mahiyyətdə olmayacaq. Məhz hamını razı salmaq deyə bir düşüncəmiz olmadığından, cəmiyyət üçün faydalı hesab etdiyimiz görüşləri gündəmə gətiririk, bu görüşlər bir çox hallarda insanların əzbərlədiyinə uyğun gəlmir və başlayırlar şəxsimizə qarşı böhtanlara, təhqirlərə, tənqidlərə. Mən deyirəm ki, əzbərlədiyiniz yanlışları dəyişin, onlar deyirlər ki, xeyir, sən öz sözünü dəyiş! Öz mövqeyimi heç bir qüvvədən çəkinmədən müdafiə edəndə də başlayır “müharibə”. Yəni bizim apardığımız işğal müharibəsi deyil, işğalçılığa qarşı müharibədir. Bir gerçəkliyi də unutmayaq ki, qorxaqların da, qəhrəmanların da ən rahat üzə çıxdığı arena müharibələrdir.

- ADP sədri Sərdar Cəlaloğlu sizi cəsarətsizlikdə ittiham edib. Doğrudanmı onun elmini, fəlsəfəsini cavablandırmaqda aciz qalmısınız?

- Sərdar Cəlaloğlunun elmi də, fəlsəfəsi də “üç badam bir qozdan” ibarətdir. Sərdar bəyə sadəcə çalışqan bir insan kimi həmişə hörmət bəsləyirəm. Siyasətdə də, elmdə də hansısa faydalı fikirlər irəli sürərsə, bir azərbaycanlının tapıntısı, sözü kimi inanın ki, ilk sevinənlərdən biri mən olaram. Adam ki, başlayır öz cəfəngiyatını elm adı ilə cəmiyyətə sırımağa, o zaman sakitcə anlatmağa çalışıram ki, bizim danışdığımız məkanda səs-küy yaradıb auranı korlamasın. Baxın, Sərdar bəy müsahibə verib deyir ki, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazıram. Eyni şeyi Şeyx Nəsrullah da deyirdi ki, bəs ölü dirildirəm. Mən də yazıram ki, sadəcə, yuxarıdakı cümləni işlətməyin özü dindən, elmdən, fəlsəfədən xəbəri olmamağın, hətta əqli kasadlığın əlamətidir. Bunları söyləyəndən sonra adam yazır ki, mən elə deməmişəm, çünki Quranın elmini yazmaq Allaha şərik qoşmaq deməkdir. Beş günün içində özünüinkarı gördünüzmü? Yaxud mənim tarixə baxışımı tənqid edərək guya elmi məqalə ortaya qoyur, ancaq anlaşılmaz və cəfəng tezislərini oradan-buradan köçürdüyü həmin məqalənin sonunda Şah İsmayılın, Nadir Şahın, Qacarın ruhlarına müraciət edir və Amalya xanımın “Babək” filmində Ulu Şirvinin ruhunu köməyə çağırdığına bənzər pafosla onları dəstəklədiyini bildirir. Bu bilgisiz hələ də dərk etmir ki, Nadirin yanında Şah İsmayılın adını çəkmək, Mao Tse Dunun yanında Çan Kay-Şinin adını çəkmək kimi bir duruma bənzəyir. Biri digərinin inkarıdır, iksinin ruhuna bir yerdə necə müraciət edirsən? Sonra da deyir ki, elmi məqalə yazmışam. Adam hələ elmi məqalənin standartını anlamadığı halda, iddiasını, tələbini cəmiyyətə sırımağa çalışır. Bunlar bəlkə də mənə dəxli olmayacaqdı, ancaq birdən-birə İran prezidentinin Ermənistana səfərini pisləməyimin ardından adamın xəstə bir məzhəbçi mövqedən çıxış edərək, utanmadan məni məzhəbçilikdə suçlamağa başlaması, üstəlik, böhtan atması və sırf İranın maraqlarını təmsil edən bir mövqedən üzərimizə gəlməsi məni də yüngülvari profilaktik islah tədbirlərini görməyə vadar etdi. Sakitcə anlatdım ki, üstünün QUMunu gedib başqa yerə çırpsın. Məsələnin bəsit izahı budur.

- Bu azmış kimi, keçən iclasda vitse-spiker Ziyafət Əsgərov da dedi ki, başınız ədəbiyyata qarışıb, hüquq yaddan çıxıb...

- Ziyafət Əsgərovla tələbəlik illərindən münasibətlərimiz var, eyni fakultədə oxumuşuq və mənim bədii ədəbiyyata sonsuz marağımı bildiyindən zarafatla belə bir ifadə işlətdi. Hüquq isə heç vaxt yadımızdan çıxmaz, hətta bəzən yaxşı hüquqçulardan biri hesab etdiyim Ziyafət müəllim Məclisin plenar iclasına sədrlik edərkən deputatların hüquqlarının üzərindən traktorla keçdikdə əlahəzrət hüququn varlığını bizlərin yadına saldığını da yaxşı xatırlayıram.

- Bu gün gündəmdə olan bir suala sizin cavabınız maraqlıdır: Araz və Zərdüşt Əlizadə qardaşlarındakı bu qədər anti-türk, anti-Elçibəy mövqeyinin səbəbi nədir?

- Məncə, onların mövqelərini bu qədər də aqressiv qarşılamaq lazım deyil. Hər iki şəxs ziyalı ailədən çıxmış, yetərincə savadlı insanlardır. Bir çox hallarda Zərdüşt Əlizadənin cəmiyyətimizlə, Yaxın Şərqlə bağlı təhlillərində olduqca faydalı tezislərə rast gəlirsən. Görünür siyasi arenada bizlərlə fərqli mövqelərdə olmuş Əlizadə qardaşları istər ideyalarının, istər təşkilatlarının sıradan çıxmasında daha çox Elçibəyi günahkar sayırlar, bu isə siyasi baxımdan yanlış yanaşmadır. Elçibəy ayrı bir cinahın lideri idi və o zaman Xalq Cəbhəsi təşkilatının daxilində baş vermiş siyasi mübarizənin xoşagəlməz yekunlarını ömürlük kin olaraq qəlbində yerləşdirmək təqdir olunacaq hal deyil. Bəyənməmək, sevməmək, bəyənmək və sevmək qədər hər bir şəxsin haqqıdır, hüququdur. Türkləri də sevməyə bilərsən, qəbul etməyə bilərsən, ancaq təhqir səviyyəsinə varacaq qədər bir mövqe sərgiləmək yanlışdır. Buyurun, özünü necə tanıyırsan tanı və təbliğ et, başqasının tanıdığını da, inandığını da qəbul etməsən belə, təhqir etmə, aşağılama. Bu prinsipə əməl olunsa, ortada bu qədər gərginlik də qalmaz.

- Fazil bəy, Qarabağ ətrafında baş verənlərlə bağlı nə düşünürsünüz? Bu konflikti həll etməyin yolunu necə görürsünüz?

- Qarabağ davası bizim həm sevgimizdir, həm də xəstəliyimizdir. Sevə biləcəyimiz qədər ömürlük sevəcəyik, müqavimət göstərəcəyimiz qədər xəstəliyimizə məğlub düşməyəcəyik. Hansı yolla bu düyünü çözəcəyik, bax bu barədə söyləyəcəklərim tavtalogiyadan başqa bir şey olmayacaq. Sülh yolu, müharibə yolu deyə-deyə çənəmiz də yorulub. Məncə bu yol istilahlarını bir kənara buraxıb, mümkün fürsətlərə hazır olmaz lazım. Diplomatiyanın da, müharibənin də qarşımıza çıxardığı fürsətlərinə bir cəmiyyət kimi hazırlıqlı olarsaq, Qarabağın yaxın gələcəkdə işğaldan qurtulmasının şahidi ola bilərik.

- Yəqin Şah İsmayıl Xətainin heykəlinin “mühasirədə” olmasından xəbəriniz var...

- Təmir işləri ilə bağlı Şah İsmayıl Xətainin heykəlinin ətrafında müvəqqəti hasarlamanı mən də müşahidə etmişəm. Sualı belə qəribə formada mənə ünvanladığınızdan sonra Sərdar Cəlaloğlu kimi birisinin, Azərbaycan Səfəvilər Dövləti adında irançı səhifələrin müəlliflərinin götürüb bu hasarlamanı mənim təşkil etdiyimi isbatlayan bir tədqiqat əsəri yazacaqlarını eşitsəm, qətiyyən təəccüblənmərəm. Heykəli yerində saxlayacaqlar, yaxud da başqa yerə köçürəcəklər, hər hansı bir məlumata sahib deyiləm. Heykəllərə qarşı xüsusi duyğusallığım yox. Hətta ən çox dəyər verdiyim tarixi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin də heykəlinin Bakının hansısa yerində olub-olmaması mənim üçün elə bir ciddi əhəmiyyət daşımır. Əsas olan onun qoyub getdiyi ideyalardır, dəyərlərdir. Heykəllərdə daşın dəyəri və heykəltaraşın zəhmətinin dəyəri daha çox diqqətimi çəkir. Mən millətimə miras qoyulan faydalı dəyərlərə baş əyirəm.


Xəbər 4099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +